Qarabağ əlilinin pensiyası keçən ildəkindən 30 manat az hesablanıb - SƏBƏB?

 

DSMF pensiyaları indeksləşdirib artırırmaq yerinə azaldır

ƏƏSMN , tabeliyindəki qurumların özbaşınalığından ən çox ziyan çəkən aztəminatlı ailələr, pensiyaçılar, qazilər, əlillər, savaş veteranları, şəhid ailələridir. Özbaşınalıq, qanuna, Konstitusiyaya hörmətsizlik o həddə çatıb ki, dövlətin sosial müdafiə siyasətinin deqradasiyaya uğradığı göz önündədir. Ən yüksəkdə sayılan yazılı Konstitusiya dılğır bir məmurun şifahi mənimsəmə qərarı ilə sosial təminat sistemində  heçə sayılır. İnflyasiya faizinə uyğun indeksləşdirmə ilə olduğu kimi. İnflyasiyadan əhalinin müdafiəsinə baxın, indeksləşdirmə sonucunda pensiyalar artmaq yerinə daha da azalır. Bu necə ola bilər, bəs dövlət , hüquq orqanları, bəs Ombudsman, Maliyyə Nazirliyi, Hesablama Palatası hara baxır? Heç demə, bunlar da özbaşınalıq edən  məmurların ciblərinə baxırlar. Fakta keçək.
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Elnur Qurbanovun 22  fevral 2023 -cü iltarixli və 21 fevral 2024-cü il tarixli 1-ci dərəcəli zabit Qarabağ əlilinə cavabına baxın. 2023-cü il tarixli cavabda qazinin pensiyasının həmin ildən 1112,44 manat olduğu , 2024-cü ildə , bir ildən sonra isə 1082,70 manat müəyyən edildiyi yazılıb. Bəyəm, 1112,44 manatın 11,3 faiz indeksasiya ilə məbləği 1082,7 manat edir?   “Artım”ın minus 30 manat olduğunu hesablamaq maliyyə-hesablama qurumlarına da çətin olmaz, ədliyyə, məhkəmə, prokurorluq orqanlarına da. Di gəl, hesablasalar, axı hesablarına ƏƏSMN-dən, DSMF-dən, əlillərin pensiyalarından ödənilən hesablardan əlləri çıxacaq!
Hər şey göz qabağındadır: pensiyaların cinayətkar saxtalıqla artması yerinə, əksinə azaldılması, qanunun ləğv edilməsi ilə məhkəmə qərarının da ləğv edilməsi, geriyə qüvvəsi olmayan əhalinin durumunu pisləşdirən ləğv edilən qanunun geriyə qüvvəsi, yeni qanunların qərəzlə tətbiq edilməməsi, məhkəmə qərarı ilə borclu edilən pensiya orqanının tələbkardan borc tələb etməsi...ƏƏSMN-də, yanındakı qurumlarda, Sabir demiş , hər şey tərsinə dövran edir. Bu tərsinəliyi durduran olacaqmı?
Sonda hüquqdan başı çıxmayan sosial-maliyyə-iqtisadi məmurlara indeksləşdirmənin nə demək olduğunu (qısaca) anladırıq: İNDEKSLƏŞDİRMƏ- ƏMƏK HAQQININ, PENSİYA MÜAVİNƏTLƏRİN ..MƏBLƏĞİNİ istehlak qiymətləri İNDEKSİ ilə əlaqələndirməklə  İNFLYASİYADAN QORUNMAQ VASİTƏSİDİR.
Pensiyası indeksləşdirmədən sonra artmaq əvəzinə, 30 manat azalan Qarabağ əlili inflyasiyadan necə qoruna bilər?

Məğrur Bədəlsoy
 
 

0.19175910949707