Şəhərə avtomobillərin buraxılmaması bu şəxslərin marağına uyğundur - Ekspert

 

Bakı şəhərinin bir sıra mərkəzi küçələrinə həftəsonları və bayram günlərində avtomobillərin girişi qadağan edilib. Bununla bağlı bir sıra addımlar bu tendensiyanın davam edəcəyini göstərir.

Bu addımları dəstəkləyənlərlə bərabər, onları tənqid edənlər də az deyil.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, mərkəzi küçələrə avtomobillərin girişinin məhdudlaşdırılması ilə bağlı bir sıra şikayətlər var:

“Xüsusən həmin ərazidə yaşayan və əlilliyi olan insanların narazılıqları daha çoxdur. Çünki şəhərimizdə həmin şəxslərin ictimai nəqliyyatla hərəkəti qeyri-mümkün olduğundan avtomobil vasitəsilə hərəkət edirlər. Bu addım sahibkarlara da müəyyən qədər ziyan vurur”. 

Bakının insan yönümlü şəhərə çevrilməsi məsələsinə gəlincə ekspert deyir ki, “insan yönümlü şəhər” termini Azərbaycan leksik lüğətində mövcud deyil: “Bu termin okeanın o biri tərəfindən gəlib və Azərbaycan dilini düzgün bilməyən şəxslər tərəfindən tərcümə olunub. Əgər bu şəhərdirsə, artıq insan yönümlüdür. Piyada da, sərnişin də, avtomobil idarə edən də insandır”. 

E.Cəfərovun qeyd edir ki, bu gün dünyada olan iri transmilli daşıma və kuryer şirkətləri iri şəhərlər uğrunda mübarizə aparırlar: “Həmin şirkətlərin ABŞ-də yerləşən fondlarla əlaqələri var. Həmin fondlar müxtəlif ölkələrdə insan yönümlü şəhərlər, ekoloji məsələlər ilə bağlı qruplar yaradaraq onları maliyyələşdirir, təbliğat vasitəsilə öz siyasətlərini lobbiləşdirirlər. Bu gün həmin transmilli şirkətlərin Bakı şəhəri uğrunda mübarizəsini görə bilərik. Çəkilən velosiped zolaqlarında velosipedçilərdən daha çox kuryer şirkətlərinin əməkdaşları hərəkət edir. Taksi şirkətlərinin mübarizəsi də müşahidə olunur. Hələ ki Azərbaycanda baş verən transformasiyaların hamısı xarici transmilli şirkətlərin istəyinə uyğun hərəkət edir. Bu şirkətlər Azərbaycandan il ərzində milyonlar qazansa da, keyfiyyətsiz xidmət təqdim edirlər. Baxmayaraq ki, vətəndaşlar və sahibkarlar bundan əziyyət çəkir, onların fikri nəzərə alınmır”. 

Ekspertin fikrincə, ictimai nəqliyyatın fəaliyyətini dirçəltmədən belə addımlar sözügedən şirkətlərin maraqlarına xidmət edə bilər: “Buna görə də, əvvəlcə ictimai nəqliyyat gücləndirilməli, daha keyfiyyətli edilməli, daha sonra hansısa küçə bağlanmalı, avtomobillərin hərəkəti qadağan edilməlidir. Qadağan etmək rahatdır, onun fəsadlarını düşünmək lazımdır. Məqsədimiz ekspert olaraq hadisələri obyektiv qiymətləndirməkdir. Cəmiyyətin fikri diqqətə alınmalıdır. Bu gün atılan bəzi addımlar özünü doğrultmur. Bu addımlar şəhər sakinlərinin maraqlarına uyğun olmalıdır. Belə olan halda, bir müddət sonra verilmiş qərarlar ləğv edilir”.

Könül
Ölkə.Az

0.1351010799408