İrəvan iki seçim qarşısındadır - sülh və fəlakət

 

“Ermənistan bu gün iki seçim qarşısındadır: ya sülhü seçib inkişaf edir, ya da sülh prosesini pozub təxribatçı fəaliyyətini davam etdirməklə erməni dövlətçiliyi və xalqını yeni-yeni fəlakətlərə sürükləyir. Bunun üçüncü bir yolu yoxdur. Amma çox təəssüflər olsun ki, Ermənistan hələ də baş verən hadisələrin acı nəticələrindən dərs çıxarmadığını görürük. Ermənistan öz xalqını fəlakətə sürükləmək yolunu tutub”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, ermənilər nəticə çıxarıb Bakının şərtləri əsasında sülh sazişini imzalamadıqca daha ciddi itikilərlə üzləşəcək. 

“Təəssüflə qeyd etmək lazımdır ki, İrəvan sülh, inkişaf yolunu seçmək əvəzinə, özünə yeni ağalar axtarışı adı altında ölkəni yeni toqquşmalara sürükləyib Ermənistan dövlətçiliyini ciddi təhdid altında qoyur. Ermənilər hələ də anlamaq istəmir ki, kənardan gələnlər heç bir zaman onların nə təhlükəsizliyini təmin edəcək, nə də onların əvəzində savaşacaq. Sadəcə, onlar da ermənilərdən bir vasitə kimi istifadə edib bölgədə maraqlarını təmin etməyə çalışacaq və nəticədə hər zaman olduğu kimi əziyyət çəkən ermənilər olacaq”, - o qeyd edib.

Əlavə edib ki, son günlərdə Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni lobbisinin təsiri altında olan  ölkələr və anti-Azərbaycan güclər, başda Fransa olmaqla  erməni kartından öz məqsədləri üçün istifadə edib ölkəmizə qarşı təzyiqlər etdiyinin şahidi oluruq: “Onlar  dünyanın müxtəlif  coğrafiyalarında olduğu kimi, Cənubi Qafqazda da  sabitliyi pozub gərginliyinin davam etməsi, lazım gələrsə bölgəni qan çanağına çevirmək üçün ermənilərin özlərindən daha çox erməniçilik etməklə məşğuldurlar. Hansı ki, biz bu gün də dünyanın bir çox coğrafiyalarında belə hadisələrin şahidi olmaqdayıq. Ona görə də həmin ölkələr və güclər müxtəlif  beynəlxalq  və Avropa strukturlarına təsir etməklə Azərbaycana qarşı çirkin kampaniya başladıblar. Avropa Parlamentindən sonra AŞPA-nın Qarabağla bağlı həqiqətdən uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlarla dolu  qətnaməsi bunun bariz nümunəsidir. Bu bir daha özlərini beynəlxalq hüququn və prinsiplərinin müdafiəçisi hesab edən təşkilatların iş üzünü ifşa etməsidir. Bu 30 ildə Azərbaycana qarşı göztərilən ədalətsiz  mövqenin  davam edən təzahürüdür. Bu təşkilatlar 30 ildə Ermənistanın işğalçılıq siyasətinə göz yumub, məqam düşdükcə erməni işğalçılığına, vandalizminə, terroruna, insanlığa qarşı cinayətinə dəstək verməyə çalışdılar. Ancaq istəklərinə nail ola bilmədilər.  Fəaliyyətləri ilə sübut etdilər ki, hansısa güclərin əlində sadəcə  oyuncaq və sifariş icra edən təşkilatdırlar.  Məhz ona görə də bu təşkilatlar onlara olan inamı itirib lazımsız bir quruma çevriliblər. Odur ki, AŞPA-nın, digər Avropa strukturlarının  və ölkələrinin Azərbaycana qarşı bu cür qərəzli, ədalətsiz yanaşması, məkrli planlara xidmət edən çirkin oyunları sonunda öz başlarında çatlayacaq”.

Mürtəza
Ölkə.Az

0.17201900482178