Prezident Rusiya ilə münasibətlərdən danışıb

 

“Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir: “Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.

Prezident İlham Əliyev həmçinin Rusiyanın və Qərbin vasitçiliyinə dair suala cavabında deyib: “Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub.

Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.

0.24235582351685