Qlobal inflyasiya tablosunun təsviri -Məmməd Talıblı

 

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı

Qlobal inflyasiya tablosunun təsviri

Pandemiya və postpandemiyanı əhatə edən 3 illik zaman kəsiyi qlobal iqtisadiyyatda meqatrend olaraq inflyasiya amilini əhəmiyyətli dərəcədə populyarlaşdırdı. Çünki bütün dünya ölkələrində mal və xidmətlər qarşılığında ölkələrin milli valyutaların dəyərsizləşməsi prosesi sürətləndi. İnkişaf etməkdə olan (İEOÖ) ölkələr istisna olmaqla inkişaf etmiş ölkələrdə (İEÖ) adətən ikirəqəmli inflyasiya templəri qeydə alınmamışdı. Xüsusilə də 2022-ci ildə Rusiya-Ukrayna savaşı fonunda geosiyasi risklərin kəskin artması tədarük zəncirində yaranan problemlər qlobal inflyasiyanın son 20 ilin ən yüksək səviyyəsi ilə sonuclanmışdır. ABŞ və qabaqcıl Avropa ölkələrində inflyasiyanın artımının rekord səviyyəsi ilə seçilir. ABŞ və Birləşmiş Krallıqda istehlak qiymətləri indeksi 2022-ci ilin iyun ayında keçən ilə nisbətən 9.1% artıb.

      2022-ci ilin fevral ayından etibarən davam edən Rusiya – Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, münaqişənin səbəb olduğu daşınma-logistika problemlərindən başlamış enerji qiymətlərinin artmasına qədər çoxsaylı sferalarda özünü göstərməyə başlamışdır. Dario Caldara və Matteo Lacoviello tərəfindən hazırlanmış Geosiyasi Risk İndeksinə [1] görə geosiyasi gərginliklər və onların yaratdığı təhlükələr əsasən 5 istiqamət üzrə yayılmışdır: (ı) qlobal inflyasiyanın artması, (ıı) enerji daşıyıcılarının qiymətinin artması, (ııı) arici ticarət əlaqələrində pozulmalar, (ıv) bank aktivlərinin məruz qaldığı risklər və (v) bank əməliyyatlarının icrasında çətinliklər. Bütün çoxistiqamətli risklərin təzahür formaları onu deməyə əsas verir ki, inflyasiya bir kabus olaraq dünyanın başı üzərində dolanır.  

       Dünyada inflyasiya səviyyəsinin yüksək artım tempinə görə, bir neçə dövlətdə daha mühüm rəqəmlər diqqəti cəlb edir. Cari ilin oktyabr ayında inflyasiyanın böyük rəqəmləri ilə ifadə olunan hədd qardaş Türkiyədə (85,5%) və Argentinada (71%) qeydə alınmışdır. Aİ ölkələrində ən yüksək inflyasiya həddi Macarıstanda (20%) və Çexiyada (18%) olub. 

       BVF-nun ilin sonuna qədərki dövrdə inflyasiya inkişaf etmiş ölkələrdə İEÖ-də 3,9 faiz və inkişaf etməkdə olan ölkələrdə isə 5,9 faiz olacaq, qiymətlərin artmasında səngimə yalnız gələn il baş verə bilər.

Azərbaycanda inflyasiya təzyiqləri və onların təzahür formaları

      DSK-nın məlumatına əsasən, ölkəmizdə 2022-ci ilin iyun ayında 12 aylıq inflyasiya 14.2%, orta illik inflyasiya 12.9% və ərzaq malları üzrə orta illik inflyasiya səviyyəsi isə 18,4% təşkil etmişdir.

     Azərbaycan Respublikası Mərkəzi Bankının “Maliyyə Sabitliyi Hesabatı”nda göstərilir ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib və nəticədə ölkədə inflyasiyanın səviyyəsində artım müşahidə edilib. Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır. Halbuki əsas inflyasiyayaradıcı amil kimi ölkə daxilindəki inhisarçılığın doğurduğu inflyasiyadır.

       Ümumilikdə ölkəmizdə maliyyə sabitliyini şərtləndirən əsas amillər ixracatda əsas ağırlığın neft sektoru üzərində olmasıdır ki, neft-qaz qiymətləri isə dünya bazarında durmadan artır. Maliyyə dayanıqlığımızı şərtləndirən amil neft kanalı vasitəsilə ölkəmizə böyük pullar daxil olur və finans baxımından müvazinətimizi qoruyub-saxlamağa imkan verir. Mərkəzi Bankın “Maliyyə Sabitliyi Hesabatı” adlı Sənədin də [2] qeyd edilir ki, cari ilin yarımillik nəticələrinə görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21% azalmışdır. Ümumi ixracın 92.5%-i isə (17.1 mlrd. ABŞ dolları) mineral yanacaq və neft məhsulları təşkil etmişdir.

Məlumat üçün bildirək ki, 2022-ci ildə brent markalı neftin bir barelinin orta qiyməti 105 ABŞ dolları olmuşdur. Əsas ixrac məhsulumuz olan neftin dünya bazarın qiyməti proqrnozlaşdırılan qiymətdən 2 dəfə daha yüksək qiymətə satılmışdır. Deməli, enerji daşıyıcılarının qiymətinin artması qlobal inflyasiyanın ölkəmizə təzyiqlərini neytallaşdırmışdır. Daha dəqiq ifadə etsək, resurs gəlirlərimizdən əldə olunan gəlirlər idxal inflyasiyasını tamamilə yumşaltmağa imkan verir. Lakin hökumətin iqtisadi xətti qurumları bunu hansı effektivliklə təmin etməsi isə məsələnin başqa tərəfidir.

      Yəqin ki, sual yarana bilər: inflyasiyanın əsas hədəfi və ondan daha çox qorunan hansı sosial qruplar olub? Təhlillərimiz göstərib ki, hökumət bu istiqamətdə daha çox muzdla işləyənlərin, o cümlədən dövlət sektorunda çalışanların gəlirlərini inflyasiya təzyiqlərindən qoruyan addımlar atıb. Bu qənaətimizi əsaslandırmağa çalışaq.

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.2% artaraq 827 manat olmuşdur. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,7 mln. nəfər olmuş, onlardan 900 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 800 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərdiyini nəzərə alsaq, deməli əhalinin bu təbəqəsinə inflyasiya təzyiqləri ciddi təsir göstərməmişdir. Həmin müddət ərzində Azərbaycanda rəsmi elan olunmuş 12,9% inflyasiya həddi olduğunu nəzərə alsaq, deməli nisbi fərqlə inflyasiya həddi muzdla çalışanların ciblərinə mühüm təsir göstərməmişdir. Rəsmi elan olunmuş əhali sayının 10 milyon nəfər olduğunu nəzərə alsaq, deməli ölkədə deməli yerdə qalan 8,3 milyon nəfərin həyatına inflyasiya birbaşa mənfi təsir göstərmişdir.

      Cari ilin yarımillik göstəricilərinə görə isə elə xidmət sahələri vardır ki, onlarda qiymət artımı əhəmiyyətli sürətdə baş vermişdir. Belə ki, “Maliyyə Sabitliyi Hesabatı”nda [3]  qeyd edilir ki, poçt xidmətlərinin qiymətləri 58%, təbii qaz təchizatı xidmətlərinin 42% və elektrik enerjisi təchizatı xidmətlərinin qiymətləri 12.5% artmışdır. Bir ölkənin ÜDM-də enerji sektorlarının dominant olduğu bir sahədə (bərpa olunmayan sahədə 42%, bərpa olunan 12,5%) qiymətlər artıbsa, idxal mallarından asılı olduğu və inhisarçılığın əhatə dairəsinə düşən sahələrdə əhəmiyyətli qiymət artımlarını təsəvvür etmək çətin deyil.

     Əslində inflyasiyanı rasional qiymətləndirdiyimiz zaman inflyasiyanı səbəb gətirib ölkədəki inflyasiya təzyiqlərinə göz yummaq və gərginləşən sosial problemi görməzdən gəlmək çıxış yolu deyil. İEÖ-də inflyasiyanı vətəndaşların gəlirlərini “yeməyə” başlayan zaman hökumətlər özünün iqtisadi alətlərindən istifadə edərək antiinflyasiya tədbirlərini həyata keçirirlər. Məsələn, minimum əməkhaqqını artırmaqla inflyasi təzyiqlərini zərərsizləşdirə bilərlər, dövlət büdcəsi yolu  ilə sosial ödənişləri, o cümlədən əməkhaqqıları, pensiya və bu qəbildən olan həssas sosial qrupların ödənişlərin artıra bilər və s. Demək inflyasiya varsa, bunu bazarın qanunauyğunluğu kimi baxıb dövlət kənardan müşahidəçi kimi deyil, aktiv iştirakçı kimi iqtisadiyyata müdaxilə etməlidir. İqtisadiyyatı canlandırmalıdır. İnflyasiyanın mənfi sosial təsirlərini əhəmiyyətsizləşdirən addımlar atmalıdır. Sərt inzibati müdaxilə etməklə deyil, iqtisadi alətlər (əsasən monetar və fiskal) vasitəsilə iqtisadiyyatı tənziləməlidir. Çünki bazar iqtisadiyyatında qiymətlər sabit qalmır. Dəyişən qiymətlərin isə neqativ sosial təsirlərini hökumətin iqtisadi xətti qurumları neytallaşdırılmalıdır.

Mənbələr:

[1] Caldara Dario və Matteo Iacoviello (2022), “Geosiyasi risklərin ölçülməsi,” Amerika İqtisadi İcmalı, Aprel, 112(4), səh.1194-1225.

[2]  https://uploads.cbar.az/assets/e2f42074ed0f61779b824670c.pdf

[3]  https://uploads.cbar.az/assets/e2f42074ed0f61779b824670c.pdf  

[4] Beynəlxalq Valyuta Fondunun (İMF) məlumatları

[5] AR Mərkəzi Bankının “Maliyyə Sabitliyi Hesabatı”

[6] Dövlət Statistika Komitəsinin məlumatları

"Demokratikmusavat.com"

 

0.19400596618652