Fransada iğtişaşlara səbəb olan polis qəddarlığının TƏFƏRRÜATI

 

Fransada əlcəzairəsilli 17 yaşlı sürücü Nahel Merzukun Nanterdə polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürüldüyü zaman həmin avtomobildə olan digər gənc oğlan həqiqəti üzə çıxarmaq üçün danışıb.

Bu barədə “Demokratikmusavat.com ” “Sky News”a istinadən xəbər verir.

O, bildirib ki, bu qətllə bağlı sosial mediada çoxlu yalanlar var, halbuki polis 17 yaşlı sürücünü əvvəlcə ölümlə hədələyib.

Qətl zamanı Nahelin avtomobilində olan gənc “hekayəni A-dan Z-yə danışmaq” istədiyini söyləyərək, Nanter ətrafında sürmək üçün avtomobil icarələdiklərini bildirib: "Biz spirt və ya narkotikin təsiri altında deyildik".

Yeniyetmələr avtobus zolağında hərəkətdə olarkən polis motosikletlərinin sayrışan işıqlarla onların arxasınca getdiyini görüb maşını saxlayıblar. Daha sonra zabit maşının pəncərəsinə yaxınlaşaraq Nahelə pəncərənin şüşəsini aşağı salmağı tapşırıb və o, “mühərriki dayandır, yoxsa atəş açacam”, - deyib.

Gənc iddia edir ki, zabit daha sonra Nahelə tapançanın qundağı ilə zərbə endirib, ikinci polis gələndə o da silahının qundağı ilə əlcəzairəsilli gəncə də zərbə endirib.

“Yerindən tərpənmə, yoxsa sənin başına güllə vuraram”, - deyə birinci polis Nahelin başına silah dayayıb.

Gənc iddia edib ki, digər polis zabiti “onu vur” deyib.

Şahidin sözlərinə görə, birinci zabit tapançasının qundağı ilə Naheli yenidən vuraraq, ayağını avtomobilin əyləcindən çəkməyə məcbur edib, amma əksinə, maşının irəli getməsinə səbəb olub. Bundan sonra ikinci zabit silahı ilə sürücüyə atəş açıb, ona görə də Nahel ayağını qaz əyləcinə basıb.

“Onun necə ağrıdığını, titrədiyini gördüm. Mən qorxdum, maşından düşüb, qaçdım. Düşündüm ki, məni də güllələyə bilərlər. Ona görə də qaçdım”, - oğlan bildirib.

Nanterin prokuroru Paskal Praş isə iddia edib ki, polis yeniyetməni saxlamağa çalışıb, çünki o, çox gənc görünür və avtobus zolağında Polşa dövlət nömrə nişanlı “Mercedes”i idarə edib. Yeniyetmə sürücü yolu işıforun qırmızı işığında keçib və sonra tıxacda qalıb. Prokurorun sözlərinə görə, zabit Nahel ərazidən uzaqlaşmaq istəyərkən özünü, həmkarını və digər insanları avtomobil vura biləcəyindən qorxaraq hərəkət etdiyini bildirib.(Report)

0.14492011070251