Azərbaycanın cüdo yığmasının böyük məşqçisi: "Avropa Oyunlarında medal qazansaydıq, lap yaxşı olardı"

 

"Yarışlar pis keçmir, şikayətimiz yoxdur. Amma medal qazansaydıq, lap yaxşı olardı".

Bunu Olke.az-ın Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov III Avropa Oyunlarındakı çıxışı dəyərləndirərkən deyib.

Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarının 1/8 finalında Fransaya məğlubiyyətini şərh edən mütəxəssis Polşaya ehtiyat qüvvə ilə yollandıqlarını bildirib:

"İlk görüşdə Çexiya yığmasına qalib gəlsək də, 1/8 finalda Fransaya uduzduq. Fransızlar buraya əsas, biz isə eksperiment heyətlə gəlmişik. Milli komanda Monqolustanda keçirilən təlim-məşq toplanışında iştirak edir və qarşıdakı nüfuzlu yarışlara hazırlaşır. Seçim zamanı əsasən oğlanlara üstünlük verdik. Qızlar isə gəncdirlər. Əsas ümid oğlanlara idi".

O, gələn ay Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasına tam heyətlə yollanacaqlarını vurğulayıb: "Orada komanda yox, fərdi yarışlar olacaq".

0.14937400817871