İran Beynəlxalq Ədalət Məhkəməsinə verilir

 

Kanada, İsveç, Ukrayna və Böyük Britaniya İranı Ukrayna təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verir.

Demokratikmusavat.com xəbər verir ki, Kanada, İsveç, Ukrayna və Böyük Britaniya birgə bəyanat yayaraq məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldırmaqla İranı PS752 reysini vurmaq və 176 nəfəri öldürməkdə qanuni məsuliyyətə cəlb etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər.

Həlak olanların ailələrinə cavabdehlik və təzminat tələb etmək üçün yaradılmış Beynəlxalq Koordinasiya və Cavab Qrupunu təşkil edən dörd ölkə - Kanada, İsveç, Ukrayna və Böyük Britaniya altı ay əvvəl İranı Birləşmiş Millətlər Təşkilatının kommersiya təyyarələrini hücumdan qorumaq üçün nəzərdə tutulmuş konvensiyası vasitəsilə məcburi arbitraja razılaşmağa çağırıb.

Koordinasiya Qrupu bildirib ki, İran bu tələblə razılaşmadığından məsələ ən qısa zamanda Beynəlxalq Ədalət Məhkəməsinə göndərilir: “Məsələni mümkün olan ən qısa zamanda Beynəlxalq Ədalət Məhkəməsinə verməklə Ukrayna Beynəlxalq Hava Yollarının 752 saylı reysinin qanunsuz vurulmasına görə İranın məsuliyyət daşımasını təmin etmək üçün kollektiv səylərimizi davam etdirmək niyyətindəyik”.

Kanada xarici işlər naziri Melani Joli bu gün Ukrayna təyyarəsi qurbanların ailələri ilə görüşüb və İranın Beynəlxalq Məhkəməyə verilməsi ilə bağlı onları məlumatlandırıb:

"Vaxt bitdi. Ölənlərin ailələrinə söz verdiyimiz kimi Ukrayna təyyarəsinin vurulmasına görə İranı Beynəlxalq Məhkəməyə verəcəyik. Bu ailələr şəffaflığa, hesabatlılığa və ədalətə layiqdirlər və biz bunu beynəlxalq hüquq yolu ilə axtarmaq səylərimizdən əl çəkməyəcəyik. Cəzasızlıq İran rejimi üçün seçim deyil”, - nazir qeyd edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurub və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

0.16268801689148