MİR KƏNANIN GÖZÜYLƏ -
Kahramanmaraşın riskli xilasedicilərindən biri - 
VİDEO

 

Hafiz Rüstəm:

Oğlum Mir Kənanın müsahibəsini indi gördüm.
Mir Kənanın müsahibəsindən (Bu müsahibəni çəkilişdən əvvəl mənə də danışmışdı, anasından gizli saxlamışdım, sonralar xəbər tutdu):
Kahramanmaraşa gəldiyimiz ilk gündə bölündüyümüz on nəfərlik qrupumuzla dağıntıların dərinliyində işləyirdik. Kimsə aşağıdan bizi köməyə çağırırdı: -Narahat olmayın, qardaşların sizi xilas edəcək! – dedim.
Biz alətlər vasitəsilə yol açıb onu dağıntılar altından çıxardıq. Orta yaşlı bir kişi idi. O, minnətdarlıqla, göz yaşları içində bizimlə qucaqlaşdı. Bu sevinci heç vaxt unutmaram.
Dağılmış 8 mərtəbəli binanın altında təxminən 3 m dərinlikdə işləyirdik. Orada sensorlar canlı insanların olduğu haqda məlumat vermişdi.
İri panellər, dəmir-beton plitələr, onların iri qırıntıları üst-üstə düşmüşdü. Tozlu, bulaşıqlı, dəhşətli bir xarabazar idi. Yaxınlıqda insan səsləri, “nəfəsləri” eşidilirdi.
Birdən afteşok, növbəti sarsıntı baş verdi, hər yer silkələndi, qaçmağa imkanımız olmadı – həm qrupumuz, həm də rəhbərimiz polkovnik leytenant Məhəmməd Xəlilli orada ölümlə üz-üzə qaldıq, bir-birimizə dəstək olduq. Allah bizi ölümün ağzından sağ çıxartdı.
Azərbaycanlı xilasedicilər indiyədək 53 nəfər sağ, 780 nəfər meyit çıxarıb aidiyyəti üzrə təşkilatlara təhvil vermişlər.

Qabaqcadan bilmirəm ki, Türkiyənin 10 vilayətində cüzi fərqlərlə, eyni vaxtda baş vermiş bu əsrin ən böyük, dəhşətli zəlzələsinə həsr etdiyim (fevralın 6-dan bu günə qədər davam edən) şeirlər sadəcə poetik silsiləyə, yaxud poemaya çevriləcək.

MİR KƏNANIN GÖZÜYLƏ
(Kahramanmaraşın riskli xilasedicilərindən biri kimi)

Bakıdan təyyarəylə uçub gəldik birbaşa,
Zəlzələdən uçulmuş bu Kahramanmaraşa.
Bir-birinin dalınca binalar yıxılmışdı,
Oyuncaq evciklərtək üst-üstə dağılmışdı.
Davam etməkdə idi hələ bu sarsıntılar,
Bizləri vahiməyə salan bu dağıntılar.
Yolları, küçələri bürümüşdü toz-duman,
Hərə can atırdı ki, qaçsın gələn bəladan.
Yer yerindən ayrılır, beşiktək yırğalanır,
Sanki ayaqlar altda çatlayır, aralanır.
Yüz-yüz yarıdağılmış, yarıxəsarət görmüş
Evlər, apartmanlar nə dəhşətlə çökürmüş!
İllərlə insanların yığdıqları dövlət, var,
Anbaan yoxa çıxdı, hər şey oldu tarimar.
Türklər öz vətənində qaçqınlara döndülər,
Evsiz-eşiksiz qalıb şaşqınlara döndülər.
Böyük bir məmləkətin on böyük vilayəti,
Gördü bu fəlakəti, Yaşadı bu dəhşəti.
Bizim doğma Türkiyə, başın sağ olsun sənin!
Bu yaranı sarıyan uca HAQQ olsun sənin!
(ardı var)

 

0.10500383377075