Demokratikmusavat.com xəbər verir ki, avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınıb. İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.
Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olmuşdur. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilmiş, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.