Mübarizə ilə qazanılan həyat

 

Savaşın ilk günlərində şəhidlərimiz çox olub...
NURLAN ƏLÖVSƏT OĞLU RƏHİMOV

22.11.1981 – 30.09.2020

30 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Deyirlər “həyat mübarizədir”. Məncə, mübarizə həyatdır. Həyat mübarizəylə qazandıqlarındı. Qalib olduğun anlar, günlər, aylar, illərdi.
1981-ci il 22 noyabrda Astarada dünyaya gələn Nurlan Əlövsət oğlu Rəhimov həyatını mübarizəsiylə qazanıb.
Hamı kimi uşaq olub, sonra 1988-1999-cu illərdə şəhid Şıxəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbdə oxuyub.
2000 - 2002-ci illərdə həqiqi hərbi xidmət keçib.
Həqiqi Hərbi xidmətdən sonra müxtəlif işlərdə çalışıb.
2008-ci ildə ailə həyatı qurub. Səbinə xanımla xoşbəxt günlər yaşayıb.
-Hər kəsin öz həyatı, sevgi hekayəsi, nağıl dünyası var. Mənim həyatımın, sevgimin, bütün nağıllarımın qəhrəmanı Nurlan olub. 12 il ömür yaşamışıq birlikdə. Əvəzsiz həyat yoldaşı, ən qayğıkeş ata idi. Mənə namaz qılmağı, quran oxumağı öyrədib. Elə gözəl səsi vardı. Elə gözəl Quran oxuyurdu. Son dəfə döyüşdən əvvəl danışdıq. Səngərdə şəkil çəkdirib göndərmişdi. Bilmədim ki, bu onun son şəklidi. Həmişə onunla fəxr etmişəm. Hərbiçi olduğu üçün də fəxr edirəm, şəhid olduğu üçün də... Amma çətindi. Onsuz ağırdı mənə. Döyüş yoldaşlarından xahiş etmişdim son döyüş yerindən torpaq gətirsinlər. Sağ olsunlar, gətirdilər. Məzarına tökdüm bir az.
2012-də oğlumuz, 2015-də qızımız oldu. İki övladımız olmasına baxmayaraq hərbiyə getmək üçün sənəd verdi.
Uğur arzuladım. Həmişə hərbiçi olmaq istədiyini bilirdim. Ustaydı, bütün tikintilərdə olurdu. Həm də gözəl xörəklər bişirirdi. Döyüşçülərini çox sevirdi. Hətta xəstə olan, özünü narahat edən əsgərlərin yerinə posta gedirdi.
Beləydi Azərbaycan Ordusunun kiçik çavuşu Nurlan Rəhimov: qayğıkeş, mərd, qorxmaz, sevgi dolu.

Xoşbəxt ailəsi olub. Yenə də özünü tam hiss etməyib, ürəyində arzusu vardı: hərbiçi olmaq.
Anası Rəhimova Səidə xanım deyir ki, 30 sentyabr günorta zəng vurdu, “hardasan” soruşdum. Savaşda olduğunu söyləmədi, “sakit yerdəyəm, hər şey yaxşıdı” dedi. Müharibə başladığını eşitmişdik. “Oğlum, deyirlər müharibədi, özündən muğayat ol”. “Yox, narahat olma. Sadəcə uşaqlarla danışmaq istəyirəm”. Səsi elə şən gəlirdi inandım. Heç vaxt yalan danışmazdı mənim oğlum. Bircə müharibədə olduğunu gizlətdi. Çox bacarıqlıydı, yaxşı ustaydı, dadlı yeməklər bişirərdi. Təzə kazarmanın tikintisində də işləmişdi. Arada əsgərləri üçün yemək hazırlayardı. İndiyə kimi bizi aldatdığına inana bilmirəm. Heç yalanını görməmişdim. Müharibə olduğunu hamı bilsə də, dəfələrlə soruşdum, demədi. Səngərdən danışırmış. İndi də onun o şən, sevincli səsi qulağımdadı.
Sevinc xanım Nurlanın böyük bacısıdır: 5 il hərbi xidmətdə olub. Sonra müharibədə. Boyun olmadı ki, müharibədədir. Danışanda güllə səsi eşidirdim. “Mən sakit yerdəyəm. O “canavarlarımızdı, öndə döyüşürlər”- deyirdi. Səsində elə rahatlıq olurdu inanırdım... Çox yaxşı qardaş idi. Amma “kaş mən də şəhid olaydım” sözünü də demişdi...İndiyəcən səsi qulağımdadı.
Nurlanın, onun kimi oğulların səsi qulaqlarımızda qalacaq.
Kiçik bacı da qardaşından danışdı: Mən hərbiçi olduğu üçün onunla fəxr edirdim. Hərbiçilər dövlətin, torpağın, xalqın keşikçisidir. Onun üçün bu ali bir iş idi. Komandiri ilə son döyüşdə eyni səngərdə olub. Oradan şəkil çəkdirib göndərmişdi, sonuncu dəfəymiş...

Nurlan ən məsuliyyətli, peşəkar hərbiçilərdən idi. Özünü hərbiçi kimi, insan kimi borclu bilirdi Vətənə. Öz borcunu verdi Nurlan şərəfli ömrü ilə.
Torpaqlarımızın azad olunması uğruna döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Kəmalə Abiyeva

Demokratikmusavat.com

0.21761989593506