Azərbaycan hərbi əməliyyat hüququndan hər an istifadə edə bilər
Dağlıq Qarabağ uğrunda nə sülh, nə müharibə durumu davam etməkdə, fasilələrlə keçirilən danışıqlar isə səmərəsiz və nəticəsiz. Ermənistanın yeni rəhbərliyindən gözlənilən problemə daha obyektiv yanaşma istəkləri isə artıq puç olmaqdadır. Əksinə, Paşinyan hökuməti sələflərindən fərqli olaraq, münaqişəni nizamlamaq əvəzinə, müharibə ritorikasına üstünlük verir, təxribat xarakterli, qarşı tərəfə qıcıq yaradacaq addımlar atmaqla,danışıqlar prosesinə tormozlayıcı təsir göstərir. Belə bir durumda haqlı sual meydana çıxır ki, Azərbaycan bundan sonra nə edə bilər, yaxud nə etməlidir.
Bu gün sülh danışıqlarının nəticəsiz qaldığı bir dönəmdə Ermənistanın Azərbaycanın hərbi əməliyyatlarından ehtiyatlanaraq, yenidən Rusiyaya “pənah aparması” müşahidə olunmaqdadır. “Paralel” (www.paralel.az) qəzetinə Qarabağ məsələsi ətrafındakı vəziyyəti siyasi ekspert Elxan Şahinoğlu şərh edərək, suallarımızı cavablandırdı.
- Elxan müəllim, əgər Azərbaycan Dağlıq Qarabağı işğalçılardan azad etmək qərarı verərsə, Rusiyanın buna münasibəti necə ola bilər, onların bu prosesə müdaxilə etmək ehtimalı var?
- Əlbəttə, Rusiyanın bu prosesə müdaxiləsi qaçılmazdır. Çünki 2016- cı ilin aprel ayında da çox uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Həmin əməliyyat zamanı qazandığımız uğurlardan daha artığını qazana bilərdik. Lakin biz orada Rusiyanın təzyiqi ilə üzləşdik ki, bunu da hər zaman açıq-aşkar demək lazımdır. Əgər növbəti dəfə lokal toqquşma, yaxud iri miqyaslı döyüş əməliyyatları baş verərsə, çox ehtimal ki, yenidən bizə əngəl olmağa çalışacaqlar. Amma gərək biz artıq öz qərarımızı verək. Biz torpaqlarımızı azad etmək istəyirik və hər gün də atəşkəs pozulur , qeyri-döyüş şəraitində şəhid veririk. Ona görə də döyüşə atılıb bu məsələni kordinal şəkildə birdəfəlik həll etmək lazımdır. Türkiyə ilə strateji müttəfiqliyi də bu arada gücləndirmək lazımdır, baxmayaraq ki, hərbi təlimlərin sayı artır. Bu baxımdan, kiminsə bizə təzyiqinə baxmamalıyıq. Bizim əsas hədəfimiz işğal altındakı torpaqları azad etməkdır. Ona görə də biz hazır olmalıyıq, böyük dövlətlərdən, əsasən də Rusiyadan təzyiq olacaq.
Rusiya 2016-cı ildən sonra guya danışıqlar prosesini sürətləndirməli idi. Amma görürük ki, bu, alınmadı. Ermənistan öz işğalçı siyasətindən vaz keçmədi. Bizim də, bu gedişlə artıq başqa alternativimiz qalmır. Yəni danışıqlar heç bir nəticə vermədiyi halda, bəli, alternativ yol olaraq, biz gücdən istifadə etmək məcburiyyətində qala bilərik.
- Qarabağla bağlı danışıqlar Ermənistanla aparılmalıdır, yoxsa Rusiya ilə?
- Düzdür, biz bilirik ki, Ermənistan bütünlüklə Rusiyadan asılıdır və Rusiya istəsə münaqişə həll olunar. Amma biz danışıqları Rusiya ilə aparmamalıyıq, çünki Rusiya deyəcək ki, bu barədə bizə niyə müraciət edirsiniz, gedin İrəvanla danışın. İrəvanla da danışıq nəticəsizdir. Ona görə də, mənim şəxsi fikrim budur ki, onlara üç, yaxud altı ay vaxt verilməlidir ki, Dağlıq Qarabağa aid olan torpaqları boşaldın. Boşaltmırsınızsa, biz qərarımızı verəcəyik. Necə ki, vaxtilə İraq Küveyti işğal edəndə Amerika Küveyti boşaltmaq üçün İraqa bir neçə ay vaxt vermişdi. Səddam Hüseyn Küveyti boşaltmadı, Amerika “Səhrada fırtına” əməliyyatına başladı və Küveyti azad etdi. Eyni təcrübədən biz də istifadə etməliyik.
- Paşinyan istəyir ki, rəsmi Bakı Qarabağ erməniləri ilə danışıqlar aparsın. Paşinyanın bu istəyinin hansısa bir hüquqi əsası var?
- Heç bir hüquqi əsası yoxdur. Çünki Dağlıq Qarabağda Ermənistan qoşunları yerləşib. Dağlıq Qarabağ heç zaman təkbaşına bizim torpaqları işğal edə bilməzdi, əgər arxasında Ermənistan ordusu,(Risiya ordusu-Ş.S), erməni lobbisi və Moskvadakı siyasi mərkəzlər olmasaydı. Ona görə də biz indiki şərtlər altında Dağlıq Qarabağla danışıqlar apara bilmərik, bu, birmənalıdır. Danışıqların sonrakı mərhələsində bəli, Azərbaycan və Dağlıq Qarabağ icmaları görüşüb, fikir mübadilələri apara bilərlər.
Şahnaz Salehqızı