Məmurları cinayətkarlığa sövq edən nədir?

 

İdarəetmədəki kadrlar tam tərkibdə dəyişməlidir

 Prezident İlham Əliyev ölkədə dərin islahatlar proqramını hələ 2 il bundan əvvəl həyata keçirməyə başlayıb. Bu islahatların Mehriban xanım Əliyevanın hakimiyyətdə ikinci şəxs kimi görəv aldıqdan sonra başladığını iddia edənlər çoxdur. Yəni dərin islahatlara start verilməsini Birinci vitse – prezidentin adı ilə bağlayanlar heç də səhv etmirlər. Cəmiyyət ölkədə baş verən hazırkı ciddi dəyişiklikləri Birinci vitse – prezident Mehriban xanım Əliyevanın təşəbbüsü kimi qəbul edir. Bunu mütləq nəzərə almaq lazımdır.

Hazırda dünyada və ölkəmizdə tüğyan edən Covid -19 pandemiyası bütün sahələrdə olduğu kimi, bu prosesi də ləngidir və islahatların gedişinə mənfi təsir göstərir, lakin xalq bu prosesin davam edəcəyinə şübhə etmir. Çünki xalq arasında hakimiyyət haqqında hədsiz mənfi rəy formalaşıb. Rüşvətxorluq və korrupsiya ölkənin bütün strukturlarını sarmaşıq kimi elə möhkəm zəbt edib ki, bu eybəcər bəlaya yoluxmamış qurum, idarə, təşkilat tapmaq, demək olar ki, mümkün deyil.

Rayon icra hakimiyyəti başçılarının, Mədəniyyət Nazirliyinin məmurlarının, Dövlət Sərhəd Xidmətinin rəis müavinlərinin, digər qurumların rüşvəxorluq və korrupsiya əməllərinin DTX tərəfindən ifşa olunması xalqda dövlətə və dövlət rəhbərlərinə rəğbəti artırıb. Bu rəğbətin daha da güclənməsinə indi ciddi ehtiyac hiss olunur. Xalq rüşvətxorların və korrupsionerlərin hakimiyyətin bütün pillələrində hələ də çoxluq təşkil etdiyini bilir və bu ünsürlərin tədricən vəzifələrdən götürülməsini istəyir. Xüsusən yerlərdə icra hakimiyyəti başçılarının törətdikləri rüşvətxorluq əməli xalqın canını boğazına yığır və qəzəbləndirir.

Son günlər Abşeron rayon icra hakimiyyəti başçısının müavinlərinin əməliyyat nəticəsində həbs olunmaları barədə xəbər yayıldı. Xəbər icra hakimiyyətindən verilən məlumata əsasən təkzib olunsa da, bu şayiənin təsadüfən yayılmadığını hiss etmək o qədər də çətin deyil. Çünki əhali Abşeron rayonunun icra hakimiyyəti başçısının müavinlərinin, idarə müdirlərinin rüşvətxorluğundan haray çəkir, imdad diləyirlər. Ölkə mediası Abşeronda baş verən məmur özbaşınalığından silsilə materiallar dərc edir, lakin məmurlar piz niyyətlərindən, bəd əməllərindən əl çəkmirlər. Ona görə də rayonda yaranmış dözülməz vəziyyətə ölkə rəhbərliyinin müdaxiləsinə ciddi ehtiyac olduğunu xalq şayiə şəkilində də olsa, bəyan edir, bildirir.

Ekspertlərin apardıqları təhlil və araşdırmalar nəticəsində belə nəticə hasil olub ki, məmurları cinayətkarlığa sövq edən hakimiyyət daxilində çoxdan kök salmış rüşvətxorluq mühitinin mövcud olmasıdır. Qeyd edilir ki, hakimiyyət daxilində mövcud olan cinayətkar mühit ortadan qaldırılmadıqca, hakimiyyət strukturlarında rüşvətxorluğun kökünü kəsmək mümkün olmayacaq.

Ekspertlər onu da qeyd ediblər ki, ölkədə kadrların seçilməsində və yerləşdirilməsində rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq, klançılıq amillərinə son qoyulmayınca, həbslər vasitəsilə ölkədə vəziyyətin düzələcəyinə ümid etmək yanlış düşüncənin məhsuludur.

Əgər ölkənin idarəetməsində mövcud olan mənfi halları aradan qaldırmaq istənilirsə, o zaman ilk növbədə kadrların təyinatında xalqın iştirakını təmin etmək və bütün orqanlarda kadrların ümumi seçkilər vasitəsilə təyin olunmasına üstünlük vermək lazımdır. Nə qədər ki, kadrların seçilməsində bu tələb təmin olunmayıb, ölkənin idarəetmə sisteminin normal fəaliyyət göstərəcəyini gözləmək absurddur.

 Mahir Abbas

0.15604496002197