Paytaxt Bakı son 200 ilin
ən sərt qışına hazırdırmı?

 

Bu sahəyə savabdeh qurumlar iddia edir ki, hazırdırlar, bəs reallıq...

Anar Cəbrayıllı:

"Mən "Azərsu" ASC adından tam əminliklə deyə bilərəm ki, həm su təchizatı baxımından, həm də kanalizasiya sistemləri baxımından qışa tam hazırıq"

 İbrahim Kərbalayev:

""Azəriqaz" İB tərəfindən istehlakçılar ilin bütün fəsillərində tələbata uyğun təbii qazla təmin edilirlər, yəni qış mövsümünə keçid, artıq şərti xarakter daşıyır"

 Tanrıverdi Mustafayev:

"Biz ilin bütün fəsillərində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini qarşımıza məqsəd qoymuşuq və bu məqsədə ildən ilə daha çox nail olmaqdayıq"

 Beynəlxalq hidrometralogiya mərkəzlərindən verilən açıqlamalara görə, bu il iki əsr əvvəl dünyanı cənginə almış şaxtalı-qarlı, ən sərt qış gözlənilir. Bu səbədən də, qışa hər il xüsusi hazırlıqlar görən inkişaf etmiş ölkələrin kommunal xidmət şirkətləri hidrometralogiya tarixini vərəqləyərək, sonuncu sərt qışın göstəricilərini axtarır ki, xidmətlərini o səviyyəyə uyğun qursunlar və adekvat tədbirlər planı hazırlaya bilsinlər. Bəlli olduğu kimi, Bakıda qış heç də həmişə sərt keçmir, buna görə də paytaxtı qəfil yaxalayan şaxtalı-qarlı havalar kommunal xidmət şirkətlərini "pat" vəziyyətinə salır - şəhərdə həyat bir neçə gün ərzində donur, xidmət şirkətləri isə aperativ tədbirlər görməkdə çətinlik çəkirlər. Lakin indi, artıq qışın sərt gələcəyi ilə bağlı xəbərdarlıqlar dünyanı dolaşır, qışa isə hələ azı ayyarım vaxt var. Yəni həmin şirkətlər indidən başlasalar ciddi tədbirlər planı hazırlamaq mümkündür. Çünki qeyd etdiyimiz kimi, ölkəmiz mülayim iqlim qurşağında yerləşdiyindən burada soyuq hava şəraiti uzun müddət davam etmir. Biz də şəhərin qışa necə hazırlaşdığını aydınlaşdırmaq üçün başlığa çıxardığımız sualı cavabdeh qrumlara ünvanladıq.

İlk müsahibimiz, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, "Azərsu" ASC olaraq biz qış mövsümünə tam hazırıq: "Hal-hazırda bizim həm kollektorlarımız, həm xəttlərimiz, həm kanalizasiya-nasos stansiyalarımız, həm də su-nasos stansiyalarımız və anbarlarımız tam gücü ilə işlək vəziyyətdədir. Cəmiyyət mütamadi olaraq bu obyektlərdə yoxlamalar aparır, qüsurlar və çatışmazlıqlar aşkarlandıqda bunlar operativ olaraq aradan qaldırılır, cari təmirlər həyata keçirilir. Biz yayın sonundan növbəti yaz-yay mövsümünün hazırlıqlarına start vermişik. Monitorinqlər həyata keçirilir, xətlərdə qəza ehtimalı aşkarlandıqda onunla bağlı təkliflərimizi hazırlayırıq və bu istiqamətdə təmir işləri həyata keçirilir. Bizdə əsas problem şaxtalı havalarda sistemin donma məsələsidir, "Azərsu" ASC-nin balansında olan xətlərin hamısı standartlara uyğun - yəni torpağın altı ilə - çəkildiyindən onlarda donma təhlükəsi demək olar ki, yoxdur. Əsas problem şəxsi həyət evlərindədir ki, onlar da cəmiyyətin balansında deyil. Bəzən xətləri və sayğacları açıq havada qoyurlar ki, onlar da şaxtalı havalarda donur və bundan abonent problem yaşayır. Biz daima belə abonentlərə tövsiyyə edirik ki, xəttləri torpağın altı ilə çəksinlər, sayğacları qapalı yerlərdə qoysunlar və ya bu qurğuları xarici mühitin birbaşa təsirindən təcrid etsinlər. Bakıətrafı kənd və qəsəbəbərin böyük əksəriyyətində xətləri mülk sahiblər çəkib ki, bunlar da standartlara uyğun gəlmir, yəni su xətləri yerüstü çəkilib. Elə həyət evləri var ki, 200-300 metrlik su xəttini yerüstü çəkib, aydın məsələdir ki, belə xətlər temperatur mənfiyə düşən kimi donacaq. Ona görə də belə abonentlərə tövsiyyə edirik ki, ya xətti torpağın altı ilə aparsınlar, ya da xüsusi materialla izolyasiya etsinlər.

Mən "Azərsu" ASC adından tam əminliklə deyə bilərəm ki, həm su təchizatı baxımından, həm də kanalizasiya sistemləri baxımından qışa tam hazırıq".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə bizimlə söhbətində dedi ki, 2018-2019-cu illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı təbii qaz təchizatın təmin edilməsi məqsədi ilə "Azəriqaz" İB tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq ötən dövr ərzində qaz xətləri üzərində 531 ədəd qaztənzimləyici qurğu quraşdırılıb, 250 ədəd siyirtmə yenisi ilə əvəz edilib, təmir edilmiş qaz xəttləri dayaqlar üzərinə qaldırılıb, xətlərdə izolyasiya işləri hələ də davam etdirilir. Bütün bu və digər görülən işlər istehlakçıların dayanıqlı və fasiləsiz təbi qazla təmin olunması məqsədi daşıyır. "Azəriqaz" İB tərəfindən istehlakçılar ilin bütün fəsillərində tələbata uyğun təbii qazla təmin edilirlər, yəni qış mövsümünə keçid, artıq şərti xarakter daşıyır. Hal-hazırda da istehlakçılara təbii qızın verilməsində heç bir məhdudiyyət yoxdur, havaların soyuq, şaxtalı və qarlı keçdiyi dönəmdə də təbii qaza tələbat artdıqca, qazın verlişinidə də artım olacaq".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qısaca bildirdi ki, biz artıq işimizi fəsillərə görə qurmuruq: "Biz ilin bütün fəsillərində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini qarşımıza məqsəd qoymuşuq və bu məqsədə ildən- ilə daha çox nail olmaqdayıq. Təbii ki, "Azərişıq" ASC bu ilki qışa daha yaxşı hazırlıqlıdır, çünki ildən- ilə yenidənqurma işlərinin sayı artır, yeni xətlər çəkilir, yeni müasir tipli yarımstansiyalar quraşdırılır. Bu da öz nəticəsini verməkdədir".

"Azəristiliktəchizat" ASC-nin rəsmi saytında qeyd edilib ki, qrumun fəaliyyəti nəticəsində son illər Bakı şəhərinin bina və obyektlərinin qızdırılması üçün lazım olan qazanxanaların sayı xeyli artırılıb. Belə ki, 2004-2005-ci illərdə Bakı şəhərində cəmi 88 qazanxana işlək vəziyyətdə olduğu halda, 2016-2017-ci illərin qış mövsümündə paytaxtda 350 qazanxana fəaliyyət göstərib. Bu il qazanxanaların sayı daha 11 ədəd artırılıb. Ümumiyyətlə, bu qış mövsümündə Bakı şəhərində 3500 binanın, 200-dən çox məktəbin, 150 uşaq bağçasının, 130 səhiyyə obyektinin, 800-ə yaxın digər dövlət və kommersiya obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub ki, bu da ötən ildəkindən 5-7 faiz çoxdur.

Məlum olduğu kimi paytaxtın şəhər təsərrüfatına xidmət edən bir sıra qrumlar Bakı şəhəri İcra Hakimiyyətinin tabeçiliyindədir. Bu səbəbdən də icra hakimiyyətinin mətbuat xidmətinə də eyni sualla müraciət etdik. Özünü təqdim etməyən mətbuat xidmətinin əməkdaşı bildirdi ki, xidmət qrumlarından məlumat aldıqdan sonra sualımıza cavab veriləcək.

Bütün bunlar təbii ki, xidmət qurumlarının mövqeyidir, bu vədlərin hansı səviyyədə doğrulacağını isə çox gözləmək lazım gəlməyəcək. Çünki qış qapımızın astanasındadır. Lakin K.Marks demişkən, faktlar yaman tərs olur, onları dilə tutmaq mümkün deyil. Bu ilin iyul ayının 3-dən 4-ə keçən gecə ölkənin elektrik stansiyalarınıdan birinin bir blokunda baş verən qəza bütün enerji sistemini çökdürdü, ölkə bütünlüklə qaranlığa qərq oldu. Metro dördüncü dəfə fəaliyyətini dayandırdı, metronun bu ilki texniki nasazlıq səbəbi ilə fasiləsi onun tarixində rekordu təzələdi.

Bununla yanaşı, sentyabr ayının 23-də cəmi 15 dəqiqə davam edən yağış Bakı şəhərini sel suları ağuşunda boğdu desək, heç bir mübaliğədən söhbət gedə bilməz. Həmin vaxt, tarixində ilk dəfə Bakı Metropoliteninin daxilinə "Neftçilər" və "İnşaatçılar" stansiyasına sel suları axdı. Xoşbəxtlikdən leysan qısa zamanda ötüb-keçdi. Görün bu leysan Moskvadakı kimi 4 saat davam etsəydi nələr baş verərdi. Müasir dönəmdə anomal hadisələrin baş verməsindən heç kim sığortalanmayıb, ona görə də, 4-5 milyon əhəlisi olan Bakı da təbiətin bütün şıltaqlığına hazır olmalıdır. Amma çox təəssüflər olsun ki, hələ ki buna nail ola bilmirik. Keçən il qış heç də sərt keçmədi, lakin biz nə dayanıqlı və keyfiyyətli qaz, işıq təminatını gördük, nə də baş verən qəzaların operativ aradan qaldırılmasını. Mütəxəssislərin fikrincə, buna əsas səbəb xidmət sahələrinin hələ də dövlət nəzarətində olmasıdır - bu sahədə keyfiyyətə nail olmaq üçün şirkətlər özəlləşdirilməli və ciddi rəqabət mühiti yaradılmalıdır. Yəni bir xidmət bir sahibkara deyil, bölünərək bir neçə iş adamına satılmalı və həmin sahələrdə fəaliyyət göstərmək istəyən yeni şirkətlərə  münbit şərait yaradılmalıdır. 

 

Biz mətbu orqan olaraq, biz Abşeron rayonunun Masazır qəsəbəsində qaz, işıq, su, kanalizasiya və bərbad yol infrastrukturu barədə dəfələrlə yazmışıq. Lakin illər keçsədə heç bir iş görülmür. Bəlkə isti kabinetlərinizdən çıxıb, həmin ərazilərə də bir baş çəkəsiniz. Bizə belə gəlir ki, o reallıqları gördükdən sonra, indiki kimi arxayın danışmağa üzünüz olmayacaq.

0.1493079662323