Bloquma giriş sayı 100.000-ni ötdü.
Bu səhər gözüm alanda əvvəl rəqəmlər mənə böyük gəldi, sonra yadıma düşdü ki, müasir internet çağında 100.000 ziyarət sayı elə də çox deyil. Adam var, tək TikTokda bir paylaşımına 1 milyon baxış olur. Mən isə Feysbukdan başqa heç bir sosail şəbəkədə fəal deyiləm, odur ki, bu rəqəm məndən ötrü kifayət qədər böyükdür. Əsasən esse, məqalələrdən ibarət şəxsi saytların ziyarətçisi az olur, axı, həm də.
116 ölkədən 54.267 nəfər 100.016 dəfə giriş edib.
Fikirləşdim, görən, bu ziyarətin neçəsi Feysbukdandır? Statistikaya baş vurdum, gördüm, Feysbukdan 33.981, Quql başda olmaqla başqa axtarış sistemlərindən 16.628 dəfə giriş olunub.
Çoxdan statistikaya baxmırdım. Göz gəzdirdim. Maraqlı rəqəmlər gördüm. Bəzilərini sizinlə də bölüşmək istədim. Bilirsiniz, yazı-pozu adamının stimul mənbəyi oxucudur, qürbət eldə isə oxucu həm də yazarın qəlb dostudur.
Sən demə, bu günədək bloqumda 481 məlumat: hekayə, bədii, publisistik, neçə adama həsr etdiyim portret yazılar; foto-reportajlar, yol qeydləri, müsahiblərimlə etdiyim söhbətlər, jurnalistlərə verdiyim müsahibələr, kitablarım haqda rəy və resenziyalar, keçirdiyim sərgilər, təqdimatlar, başqa yönlü iş-gücümlə bağlı xəbərlər dərc edibmişəm.
Daha çox yazı bu bölmələrin payına düşüb: Məqalələr (270), Qarabağ (112), Azadlıq və insan haqları (91), Adamlar və kitablar (63), Kultura (62) və s.
“Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov” (2334), “Vəzirovun tamamlanmış yarımçıq portreti” (1916), “Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” (752) “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti” (729), “Xaçaturyanın qələbə süitası” (728) Azərbaycan türkcəsində ən çox oxunan ilk 5 yazıdır.
Xarici dillərdə isə bu yazılar – rusca “О Светлане Алексиевич и ее книге “Время секонд хэнд” (“Svetlana Aleksiyeviç və onun “Sekond hənd zamanı” kitabı haqda”) 1242 dəfə; isveçcə “Osanna uppfattningar om Nagorno-Karabach i Sverige” (”İsveçdə Dağlıq Qarabağ haqda yalnış təsəvvür”) 443 dəfə; Türkiyə türkcəsi “Satranç tahtasında beyzbol. Soykırım düşünceleri” 216 dəfə; ingiliscə “Playing Baseball On The Chessboard. Thoughts About Genocide” (“Şahmat taxtasında beysbol. Soyqırım düşüncələri”) 196 dəfə; litvaca “Juodos duonos šviesi pluta. Vytautas Landsbergis” (“Qara çörəyin ağ üzü. Vitautas Landsbergis”) 175 dəfə, polyakca “Śmierć misji ratowniczej. Lech Kaczyński” (“Xilas missiyalı ölüm. Lex Koçinski”) 41 dəfə və sair – ən çox oxunub.
Rubrikalar üzrə çox baş vurulan yazılar belə sıralanır: “Paris günləri” (Səyahət yazıları, 641); “Milli kimlik harayı” (Kultura, 592); “Zəmanələr və talelər toplusu. Çingiz Hüseynovun “Минувшее – навстречу” memuarı haqda” (Adamlar və kitablar, 469); “Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?” (Azadlıq və insan haqları, 395) və s.
Ölkələr üzrə giriş sayı belədir: Azərbaycan (56 318), İsveç (16 530), ABŞ (6 225), Rusiya (3 988), Almaniya (2 435), Türkiyə (2 254), Ukrayna (1 417), Ermənistan (707), Böyük Britaniya (691), İsrail (623), … Aruba (2), Toqo (1) və sair.
“Ruhlar şəhəri” audio kitab (620)”, “Çamayra. Kuba dəftəri (370), “Çöl Qala (145)”, “Yol. Səyahət yazıları” (132), “Озоновые люди” (122), “Бейсбол на шахматной доске” (115), “Danışım, gör məni” (85) və başqa kitablarım daha çox oxucu marağına tuş gəlib.
Bütün ziyarətçilərə təşəkkür edir, oxucu dostlara dərin minnətdarlığımı bildirirəm.
Bloqumun bioqrafiya hissəsində yazdığım kimi, Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvü olmuşam, amma özümü yazıçı saymıram. Sadəcə hərdən könül qeydləri edirəm.
Vahid Qazi,
Helsinborq, İsveç
Demokratikmusavat.com