“Torpağı gözə dərman…” şəhərin adamının yazdıqları
Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər
Adamlar var ki, mənimçün imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-keçimiylə imzadır mənimçün. Heç üzünü görmədiyim Murakami, Pelevin, Pol Oster… Bahar Zamanı… Bir də üzünü bir neçə dəfə görsəm də, əslində yaddaşımda iz buraxmayan, yalnız sonralar imza şəklində yaddaşıma daxil olan Vahid Qazi…
Vahid bəyi illər öncə Müsavat partiyasının əski qərərgahında görmüşdüm. Onun orada nə etdiyini bilməsəm də, mən orada mərhum Nəsiman Yaqublu ilə “Müsavat” dərgisini buraxırdım…
Əksər qələm adamları bizim kiçik otağımıza ayaq açsa da, Vahid bəy dərginin yerləşdiyi hücrəyə bircə dəfə də gəlmədi. Çünki onda hələ imza şəklinə düşməyibmiş…
Sonralar mən oradan radioya getdim, Vahid bəyi isə tamam unutdum. Bir də yalnız onun bir yazısını oxudum və Ukraynadan bəhs edən o yazısında mən də yazar kimi ukraynalı bir aristokrat qadının havası ilə neçə gün yatıb-qalxdım… (Təəssüf, o yazı yalnız havayı həvəs kimi qalıb yaddaşımda… Bu yazıda YADDAŞ sözünü mən bilərəkdən çox işlətmirəm, sadəcə, Vahid bəy özü bir imza olmaqla bərabər, həm də yaddaşdır, yaddaş adamdır, yaxud yaddaş adamıdır… Az sonra “itmiş yaddaşların şifrəsini” qırmağa çalışacağıq… (Red: söhbət V.Qazinin “Yelena” essesindən gedir)
…Bu yaxınlarda mənə messencerdən “İtmiş yaddaşın şifrəsi” kitabının təqdimatı haqqında şəkilli reklamın altından bunları yazdı: “…Salam. Vaxt tapıb gələ bilsəniz şad olaram. Görüş 29 oktyabr saat 16.00- da “Misra Book Kafe”də olacaq. Ünvan: Lev Tolstoy 156. Səmt: “Torqovı”, Nəsimi heykəli həndəvəri.”
Getdim, çıxış da etdim, bu yazıda yazdıqlarımın bəzisini orada söylədim də. Amma bu yazıya qədər müəllifin aldığım kitabını oxumaq vardı…
Vahid bəyin kitabınacan bir sıra kitablar növbədə olsa da, onu bir az qabağa saldım. Necə olmasa, Vahid Qazi qəribdir… Vətəndə qərib… Evi, şəhəri – şəhərlər şəhəri Ağdamı dağıdılan, özü diyarbadiyar olub düzü-dünyaya üz qoyan, axırda gedib uzaq İsveçdə hovur alan Vahid Qazi…
…Ağdamı mən də görmüşəm, cəmi bircə dəfə. 70-lərdə uzaq bir kəndə müəllim göndərilmişdim, ora isə atla getmək olardı. At aldım, yəhər tapılmadı. “Olsa, olsa, Ağdamda olar” dedilər köhnə kişilər. Və Ağdamdan dəyirman daşı gətirməyə gedən Hüseynqulu dayıya qoşulub o əfsanəvi şəhərə getdim. Yəhəri aldım almağına, amma biri ilişdi mənə ki, qaqa, cücəli toyuq istəməzsən ki?
Dedim, ay qaqa, bizim həyətdə onnan doludu, neynirəm cücəli toyuğu?
Bu vaxt Hüseynqulu kişi özünü yetirdi ki, bəs nə işdi?
Dedim, bəs belə, filan…
Dedi, o saa tapança satmaq istiyirmiş. Toyux – tapançadı, cücələri də güllələri…
Əlim üzümdə qaldı qalmağına, amma təzə-təzə hekayələri mətbuata ayaq açan biri üçün Ağdam səfəri göydəndüşmə olmazmı?!
Yaddaşımın lap dərinliklərində, əl çatmayan, ünyetməyənində bir qərib bayatı gizlənib. Hər adamın yanında deyilməz, hər adamın yanında çağrılmaz, türkəçarə kimi yalnız ona inananlarçün görünən bayatı.
Ağdamın yolu fərman…
Torpağı gözə dərman…
Yardan bir namə gəlib,
Yarı dərd, yarı dərman…
Aman allah, bu nədir? Yol da fərmanmı olar?! Pəh! Bunun heç açması yox ki!…
Lap Vahid Qazinin Ağdamıdı ki var…
“Sübh çağı nənəmin divar radiosundan gələn aşıq havaları, evimizin alt qatında yaşayan kirayənişin tələbə qızların pianoda, skripkada çaldıqları klassik musiqilər. Bəzən lap körpəlik çağın belə yaddaşımda diri qalmasına təəccüb edirəm…” (səh. 16.)
Vahid bəy yazır ki, baletlə (əslində, burada klassik musiqi anlamındadır, çünki Vahid bəyin musiqi duyumu bu sferada daha güclüdür) tanışlığım “Sonalar gölü” ilə başlayıb. Atasının dayısı İsmayıl Bekgildə təsadüfən ailənin baletə televizorda tamaşa etdiyini görüb və…
…Rusiyanın Marinski teatrının İsveçdə “Sonalar gölü” baletinin tamaşasına baxa-baxa Ağdamda Bekin evində doqquz yaşında gördüyü baleti xatırlayır…
Bizim Vahid Qazi ilə tale qohumluğumuz var. O da yurd itirib, mən də. O da yurd itkisinin nisgilini qələminin gücü ilə ovudur, mən də… Amma bir fərqimiz var: mən xaricə getmək şansımı dəyərlədirə bilmədim, o isə…
…Azadlıq radiosu Almaniyadan Praqaya köçmüşdü və radionun Praqadakı ofisinə rusca babat bilən, rəvan nitqi və təbii ki, jurnalistik bacarığı olan birisini axtarırmışlar. Radionun rəhbərliyində təmsil olunanların rəğbət bəslədiyi Dost məni yanına çağırıb belə bir parametrə uyğun gəldiyimi dedi və əlavə etdi ki, sənin razılığın olsa, bir həftəyə səni Praqaya göndər bilərik…
Təbii, bir sıra ailə problemlərim, əsas da məni tək böyüdən anam (sonralar ona roman həsr etdim) gəldi durdu gözümün önündə, içimdən gələn iniltili sələ “yox” dedim…
…Başqa bir “qohumluğumuz” da var. Mən də Vahid bəy kimi klassik musiqyə sevgimi (elə baletə də) nə intiligentlər ailəsində, nə də özəl məktəbdə əxz etməmişəm. Bu şərəfə bir dostun – mərhum yazıçı Tofiq Qəhrəmanovun sayəsində nail olmuşam… O mənə təkcə yazıçı kimi deyil, həm də bir klassik musiqi aşiqi kimi təsir etmiş, evindəki val kolleksiyasından həmişə nadir klassik musiqi nümunələri səsləndirərək qanıma işlətmişdi. Sonralar onun haqqında yazacaqdım:“Gördüyüm yazı adamlarının ən istedadlısıydı o. Təkcə yazısına görəmi? Deyil. O bir klassik musiqi aşiqiydi – Şopeni, Bethoveni, Oqinskini, Qara Qarayevi ilk dəfə onun Yuxarı Dağlıqdakı balaca otağında dinləmişdim.”
Vahid bəy bir demokrat kimi dünyanı gəzərkən hər yerdə Azərbaycan axtarır, hər yerdə Ağdam, Qarabağ axtarır və iş ondadır ki, bunu tapa bilir – spesfik qələmi sayəsində. Bu qələmin sayəsində “Fellininin “Yol”u Qarabağdan keçir”… (Səh.49.) “Sonra əlimi İsa Məsihə tutub deyəcəm:”Gəl, əlindən tutub, səni şəhərimə aparım.” (Yenə orada)
Kitabda müəllifin aforizmə yaxın deyimləri var:”…başa düşdüm ki, musiqi azadlıq duyğusunun səsli izahıdır.” (səh. 39.) Yaxud, “Azadlığa qapalı ölkələrin adamlarına fikir vermisinizmi heç, üzlərində gülüşlərin belə örtə bilmədiyi qəm kölgəsini necə, görmüsünüzmü heç?” (Səh. 39.)
Vahid Qazinin ədəbiyyat barədə də maraqlı yazıları var. Onların bir çox, xüsusən dostları olan yazıçılar haqqında mübahisə etmək də olardı, zira nə bu yazı elmi tədqiqat işidir, nə də Vahid bəy, özünün də dediyi kimi bir yazıçılıq, ədəbiyyatşünaslıq eşqinə düşən birisi deyil…
Bəs bu yazılar, nədir onda?
Məncə, bu yazılar yazıçı ilə oxucunun, yaxud tənqidçi ilə yazıçının arasında, eləcə də müsiqiçi ilə dinləyicinin, kinoçu ilə tamaşaçının arasında özünə möhkəm yer eləmiş bir zadəgan insanın qeydləridir ki, bu yazılar bizim artıq tanıdığımız Bekin, yaxud Tofiq Qəhrəmanovun əlindən su içib…
Vahid bəyin əlimdəki kitabı və digər kitabları oxucularçün bir böyük qaynaqdır həm də. Bir məlumatlı adamın, ensiklopedik biliyə sahib bir ziyalının qeydləri kimi…
Uzaq İsveçin qış soyuğunda Vahid bəyə Azərbaycanın isti salamını göndərir və oxuculara da deyirəm ki, sözügedən kitabı tapıb oxusunlar. İtirməyə çox şey itirmişik, barı ağlımızı, zəkamızı zənginləşdirməyə çalışaq…
Azad Qaradərəli
Demokratikmusavat.com