Elm və Təhsilin İnkişafında investisiyaların rolu - Dos. İlham Əhmədov 

 

Elm və təhsil hər bir cəmiyyətin inkişafının əsasdır. Bu sahələrin inkişafı içün maliyyə resursları, uzunmüddətli investisiyaların cəlb edilməsi vacibdir. Belə investisiyalar maddi-texniki bazanın, insan kapitalının gücləndirilməsinə, elmi-tədqiqatların aparılması və innovasiyaların yaradılmasına xidmət edir.
Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində elm və təhsilin inkişafı səmərəli investisiyalardan çox asılıdır. Bu sahələrə qoyulan maliyyə resursları insan kapitalını inkişaf etdirir, biliklərə əsaslanan iqtisadiyyatın inkişafına təkan verir, yüksək texnoloji və rəqabətqabiliyyətli sektorların inkişafını təmin edir.
Təhsil və elm sahələrinə qoyulan davamlı investisiyalar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dayanıqlı gələcəyə töhfə verir. Azərbaycanda da bu istiqamətlərdə investisiyaların artırılması çox zəruri olub, ölkənin strateji məqsədlərinə uyğundur. Belə investisiyalar təhsil sistemində maddi-texniki bazanın gücləndirilməsi, təhsildə müasir texnologiyaların tətbiqi, müəllimlərin peşəkarlığının yüksəldilməsi, təhsildə inklüzivliyin təmin edilməsi, insan kapitalının inkişafı problemlərinin həllinə kömək edir.
Elmə edilən investisiya elmi tədqiqatların normal maliyyələşdirilməsi, fundamental və tətbiqi elmlərin inkişafı, beynəlxalq əməkdaşlıq, gənc tədqiqatçıların dəstəklənməsi, beynəlxalq elmi təbdirlərin və nəşrlərin hazırlanması, universitetlərə, elmi müəssisələrə, alimlərə qrantların verilməsi, texnologiya və innovasiya sahələrinin inkişaf etdirilməsi üçün zəruridir.
Elm və təhsilin səmərəli inteqrasiyası üçün də investisiyalara ehtiyac var. Belə ki, elm və təhsilin bir-birini tamamlaması, təhsilin elmə dəstəyinə (ali təhsilə qoyulan investisiyalar daha yaxşı alim və tədqiqatçıların yetişməsinə səbəb olur), elmin təhsilə dəstəyinə (elmi tədqiqatlar nəticəsində əldə olunan biliklər təhsil proqramlarına daxil edilir və tədris prosesi daha müasir biliklərlə təmin edilir) əlverişli imkanlar yaradır.
Elm və təhsilə cəlb edilən investisiyaların səmərəli olması, şəffaflığın təmin edilməsi çox vacibdir. Bu istiqamətdə dövlət və özəl sektorun əməkdaşlığı, elm və təhsilin inkişafına strateji yanaşma, layihələrin nəticəyönümlü olması da mühümdür. Bu sferaya edilən investisiya layihələri uzunmüddətli perspektivdə elm-təhsil sferasında müsbət nəticələrin əldə edilməsinə, dövlətin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etməlidir.
Elm, təhsil, innovasiya prosesləri inkişaf zəncirinin həlqələridir. Bu həlqələrin hər birinin mövudluğu və əlaqələrin möhkəmləyi investisiyanın səviyyəsindəən asılıdır. Yəni, investisiya olmazsa, nə təhsil, nə elm, nə də innovasiya ola bilməz. Necə ki, toxum əkilməsə, torpaq suvarılmasa, ona qulluq edilməsə məhsul olmaz. Elm, təhsil, innovasiya zəncirində səbəb - nəticə əlaqələri düz qurulmalıdır.
Ölkəmizdə son 30 ildə elm və təhsil ehtiyacdan dəfələrlə aşağı səviyyədə maliyyələşib. Bu maliyyəşmə inkişaf yönlü olmayıb. Ona görə də elm, təhsil və innovasiyalar üzrə reytinqlərdə ölkəmiz daim aşağı pillələrdə olmuşdur.
Maraqlıdır ki, ETN menecerləri belə yarımçıq maliyyələşmə səbəbi ilə yaranan geriliyin əsl səbəblərini bildikləri halda, bunu etiraf etmək və problemi həll etmək əvəzinə, problemin səbəbi kimi fərqli amilləri bəhanə edirlər. Səbəb kimi müəllim və alimlərin zəifliyi göstərirlər. Əgər onların arasında zəif kadrlar varsa da, bunun səbəbi həmən sahənin uzun müddət aşağı həddə maliyyələşməsidir. Maddi ehtiyac səbəbi ilə 30 il repetitorliuq edən alimdən nə gözləyirdiniz?
Menecerlərin bu gün təklif etdikləri yanaşma yenə də səhvdir: "biz proseslərə yox, nəticəyə investisiya edəcəyik". İnvestisiya edilməyən prosesin hansı nəticəsi ola bilər? Bu yanaşma problemlərin əbədi davam edəcəyinə işarədir. Zəif potensialı olan universitetlərin pablik hüquqi şəxs (PHŞ) edilməsi, büdcədən təcrid edilməsi, onların əbədi olaraq dövlət investisiyaslndan məhrum olması, daim geridə qalmaq və tam tənəzzül deməkdir.
10-30 min dollar büdcəsi olan milli universitetlərimiz büdcəsi 300-500 min dollar olan xarici universitetlərlə necə rəqabət apara bilər?

Demokratikmusavat.com 

0.14132595062256