Bayraq uğrunda ölmək hürr yaşamanın qarantıdır
Allahu-Əkbər Azan səsi növbəti səhərin gəlişindən xəbər verirdi. Kərbəlada isə haqq bayrağı ilə batil döyüşə hazırlaşırdı. Bir azdan qılınclar qınından çıxacaq, yaralı və ölü bədənlər atların ayaqları altında tapdalanacaqlar. O gün doğulan günəşin nəsibi də al qana bürünmək olacaq. Başında babası Məhəmməd (ə)-nin çalması, əlində isə atası həz. Əlidən miras qalan bayraqla atını Yezidin sərkərdəsinə tərəf sürən həz. Hüseyn ona dedi: Ata-babalarımızın başı üzərində qaldırdıqları bayraqları zalımın ayaqları altına sala bilmərəm. Güclü zalım nə istəyirsə nail olur, – təsəvvürünü yıxmaq bir tale yazısı kimi mənim boynuma düşüb. Mən gələcək nəsli düşünərək, bir zalımın gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram».
Yezidin on minlik ordusuna qarşı vuruşan 60-70 nəfərlik dəstədə uşaq və qadınlar, 3-5 yaralı və həz. Hüseynlə oğlu Əli Əkbərdən başqa hamı şəhid olmuşdu. Bəs qaçılmaz ölümün ağuşuna atılmaq növbəsi indi kimindir? Atanın, ya oğulun?
Həz. Hüseyn: «Oğul, ata üçün övlad ölümü görmək böyük dərddir. Qoy əvvəl mən vuruşum». Əli Əkbər atasına yalvararaq dedi: «İcazə ver, bu dərdi oğul yox, ata çəksin. İndiyə qədər səndən heç bir dünya nemətini istəməyən oğlunun səndən əvvəl ölmək istəyini əsirgəmə, ata. Çünki mən babam həz. Əlidən qalan bayrağın enməsini heç vaxt görməmişəm. Bayrağın səndə qalıb enməyəcəyi ümidilə izn ver, ata, əvvəl mən şəhid olum».
Elə də oldu. Oğul da, ata da şəhid oldu. Lakin bayrağın enmədiyini heç vaxt görməyən oğula görə o bayraq, oğul dərdli ata əlində yenə də dalğalanırdı.
Bəli, tarixdə əbədi iz qoyan Kərbəla cihadında 18 yaşlı Əli Əkbər haqq, iman və azadlıq bayrağının yerə düşməsini görməmək üçün ata xahişini qəbul etməyib, atasından qabaq şəhid olmağı üstün tutdu.
Bəs bayraqdakı bu sehr, hikmət nədir? O, təkcə dövlət, təşkilat və hərbi hissələrin fərqlənmə nişanı olan yazı, rəmz, bəzən nəqş edilən və ağac dəstəyə bərkidilən parçadırmı?
Xeyr! Bu parça beynəlxalq hüququn subyekti kimi, onu digər beynəlxalq təşkilatlardan fərqləndirənin və tanıdanın iradəsi, əzmi və imanının təntənəsidir. Bayraq fərd, cəmiyyət və millətin canı, malı, azadlığı, dini və nəslinin varlığının suverenliyini və sahibliyini dünyaya sübut edən ülvi bir əmanətdir. Bu baxımdan, onun mühafizəsi, saxlandığı yer, hərb və sülh şəraitində müqəddəs tutulub önə çəkilməsi nə qədər vacibdirsə, onu başı üzərində ucaldan şəxslər də bir o qədər şərəfli və məsuldurlar. «Əsgəri olmayan alayda bayraq varsa, o, yaşayır; əsgəri olub bayrağı olmayan alay isə heç nədir». «Bayrağın ətrafını boş qoymayın. Onu hər yetənə tapşırmayın. Bayrağı etibarlı və ağıllı adamlara verin» – buyurub, həz. Əli.
Hər bir millətin albomu onun tarixidir. Şübhəsiz ki, bu tarixi şərəfli edən millətin bayrağıdır. Ölkə daxilində və ya ölkə xaricində dalğalanmasından asılı olmayaraq, bayraq mənsub olduğu dövlət və onun vətəndaşlarının haqqını təmsil etdiyi üçün toxunulmazdır, pakdır. Ona təcavüz, mənsub olduğu ölkəyə, xalqa təcavüzdür. Ramil Səfərov 2004-cü ildə NATO proqramı çərçivəsində Macarıstanda kurs keçərkən erməni kursant Q.Markaryanla bir bölmədə idi. Markaryan Azərbaycan bayrağını təhqir edərkən Ramil onu qətlə yetirdi. Ramil Qurgendən erməni olduğuna görə yox, suverənliyimizi, sahibliyimizi, qeyrətimizi təhqir etdiyinə görə qisas aldı. Aldı ki, başqaları da bundan ibrət götürsün.
İman, vətən sevgisi və azadlıq eşqinin rəmzi olan bayraq, dünya malına- paraya, dövlətə, vəzifəyə ram edilə bilməz. Belə ki, Uhud döyüşündə (miladi 625-ci il) Peyğəmbər (ə)-nin ordusu ilə döyüşən Qureyş əlamdarlarının bir-bir ölməsinə baxmayaraq, bayraq yerə düşmürdü. Bu döyüşdə düşmən tərəfin 9 bayraqdarı öldürüldükdən sonra bayrağı Savab götürdü. Müsəlmanlar tərəfindən öldürülən Savab son nəfəsinə qədər bayrağı yerə atmadı. Əksinə, bu döyüşdə qələbənin artıq təmin olduğuna əmin olan müsəlmanlar isə qarətə başladılar. Qureyş əks hücuma keçərək həm müsəlman bayraqdar Musabı qətl etdi, həm də şaiyə yaydı ki, «Peyğəmbər öldürülüb». İslam ordusunda elə çaşqınlıq yarandı ki, heç kim bayrağı yerdən götürməyi belə ağlına gətirmirdi. Hərə öz canının hayında idi. Bu zaman həz. Əlinin bayrağı yerdən qaldırması və Kəbin «Peyğəmbər sağdır» səsi ordunu xilas etdi.
Bayraq həm də milləti təşkil edən müxtəlif fikirli qurum və cəmiyyətlərin, müxtəlif xalq və etnik qrupların, qəbilə və icmaların barışdırıcısıdır. Ömrü boyu bir-birinə kin bəsləyən Efs və Həzrəc qəbilələri Peyğəmbər (ə) dövrünün ən böyük müsəlman icmaları idi. Həz. Məhəmməd Bədr vuruşunda (miladi 623-cü il) hər iki qəbilənin başçılarını bayraqdar etməklə qələbəni təmin edən ümumi birliyə nail oldu.
II Dünya Müharibəsində Kremldə əyləşən erməni fitnəkarların “azərbaycanlılar ikinci dərəcəli iş üçün yararlıdırlar” fikrini puç etmək üçün M.C.Bağırovun səyi nəticəsində azərbaycanlılardan ibarət xüsusi Taqanroq diviziyası yaradıldı. Ölüm-dirim vuruşunda öz bayrağı olan bu diviziya nələr, nələr etmədi!
Bayraq uğrunda ölmək, hürr yaşamanın qarantıdır. Çünki hürriyyət qarantı olmayanın, yaşamaq qarantı da yoxdur. Bu həm fərd, həm də bütöv bir millət üçün belədir. Mutə hərbində (miladi 629-cu il) Peyğəmbər (ə) «İslamda hamı bərabərdir» kəlamına görə, bayrağı bir avans kimi köləlikdən yenicə azad olunan Zeydə verdi və dedi: «Əgər Zeyd şəhid olsa, Cəfər ibn-Əbu Talib, o da şəhid olsa, Rəvah bayraqdar olsun».
Zeyd şəhid oldu. Bayrağı götürən Cəfər də şəhid oldu. O, iki qolunun düşmən qılıncı ilə kəsilməsinə baxmayaraq, bayrağı ölənə qədər köksündə saxladı. Bayrağı Cəfərin sinəsi üstündən götürən Rəvah da şəhid olandan sonra, İslam ordusunda bir nizamsızlıq hökm sürdü. Çünki Peyğəmbər (ə) Rəvahdan sonra bayrağı kimin götürəcəyini deməmişdi. Yaranmış vəziyyəti düzgün qiymətləndirən və heç kimin yaxşı tanımadığı gənc- Sabit ibn-Ərkan bayrağı başı üstündə qaldırıb, ordunun nizamına nail oldu. Beləliklə, Sabitin ekstremal vəziyyətdə məsuliyyəti öz üzərinə götürməsi nəticəsində 3 min nəfərlik İslam ordusu yüz minlik Bizans ordusunun hücumunu dəf edə bildi.
Bayraq həm də ismət, qeyrət və bakirəlik rəmzidir. Həz. Məhəmməd Xeybər döyüşündə Naim qalasını tutmağı əvvəl Əbu Bəkrə, sonra da Ömərə həvalə etdi. Lakin tale onlara yar olmadı. Bu zaman Peyğəmbər (ə) «Sabah bayrağı Allahın və Rəsulun sevdiyi bir adama verəcəyəm” – dedi. Və ertəsi gün o, Aişənin- arvadının baş örtüyündən hazırlanmış bayrağı həz. Əliyə həvalə etdi. Belə bir kritik anda həz.Əli bayrağın aşağı enməsini görməməli idi. O, ya şəhid olmalı, ya da qələbə qazanmalı idi. Başqa variant yox idi. Çünki həmin bayraq həm də Peyğəmbər (ə)-nin ismət, qeyrət rəmzi idi. Həz. Əlinin hətta düşmənlərin belə dillərdə əzbər olan qəhrəmanlığı ilə qala və Xeybər şəhəri təslim oldu. Necə deyərlər, fəzilət odur ki, düşmən də onu qəbul və etiraf etsin. Bu hikmətin müasir əməli nümunələrindən biri də, sözsüz ki, Azərbaycan əsgərinin Cocuq Mərcanlı və Lələtəpədə ucaltdığı üçrəngli bayrağımızın nəinki təcavüzkar erməninin, hətta bütün dünyanın qəbul və etiraf etməsi faktıdır.
Bayraq mütəşəkkillik, təşkilatlanma, məram və nizamın rəmzidir. O, həm də millətin haqq və hüquqları müdafiəsinin təminatçısıdır. Bu müdafiədən məhrum olan millət məhvə məhkumdur. O zaman deyilən hər söz quru və təsirsiz, yavan və yalan olar. Çağıranın çağırışı da topluma nə şərəf gətirər, nə də qeyrət verər. Belə kütlə üçün həz. Əli buyurub: «Siz evlərinizin qabağında çoxsunuz, bayrağ altında isə azsınız». Bu kəlamdan doğan ibrətə- ailə, tayfa, bölgə namusunu bayraq, vahid Azərbaycan namusundan üstün tutanlara işarə edən mərhum şairimiz M.Araz yazıb: “Mən-mən” dedi bir ölkədə nə qədər xan. Onlar “mən-mən” deyən yerdə sən olmadın, Azərbaycan!” Doğrudan da son 200 illik tariximizi obyektiv təhlil etsək, görərik ki, 410 min kv. km. vətən torpağının 80%-nin itirilməsi bizim məhz bayraq altında yox, buyruq altında olmağımızdan irəli gəlib. Elə həmin səbəbdən bu gün – Qarabağın əsir alındığı vaxtda bayraq bakirəliyini qoruyan bayraqdarların və onların ətrafında birləşən azad, demokratik, hüquqi dövlət qurucularının sayının çoxalmasına böyük ehtiyac duyulur. Duyulur ki, ismət, qeyrət və bakirəlik rəmzi olan Azərbaycan bayrağının Qarabağda dalğalanmasını ataların belində, anaların rəhmində olan gələcək nəslə saxlamayaq.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru