Bəlli olduğu kimi, qonşu Ermənistanda hakimiyyət böhranının ikinci mərhələsi start götürüb. Belə ki, bu ilin may ayında küçə yürüşləri ilə hakimiyyətə gələn, Ermənistanın baş naziri Nikol Paşinyan indi də parlamentdə mövqeyini möhkəmləndirmək üçün müxalifətin üstünlük təşkil etdiyi hazırki parlamenti buraxıb, dekabır ayında seçkilər keçirmək niyyətindədir. Bununla bağlı baş nazirin qərarı da var. Sadəcə, indi Paşinyan parlamentin buraxılması üçün qanuni variantlar üzərində düşünür. Artıq baş nazir parlamentdəki bir neçə fraksiya ilə razılığa gəldiyini bəyan edib. Məsələyə nikbin yanaşsaq, Ermənistan hakimiyyətinin başı dekabır ayının sonlarına qədər daxili proseslərə qarışacaq. Belə olan halda sözügedən proseslərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişısinin həlli istiqamətində gedən danışıqlar prosesinə necə təsir edə bilər?
Fikrət Sadıqov:
"... Danışıqlar
prosesinin bir qədər
passiv fazaya keçəcəyi gözləniləndir"
Mübariz Əhmədoğlu: "Müstəqil Ermənistan Respublikası tarixində N.Paşinyan qədər hərif lider olmayıb"
Əli Əliyev:
"Biz Ermənistanda
gedən daxili proseslərdən heç nə gözləməməliyik, əksinə, Azərbaycan cəmiyyəti öz daxili resurslarına güvənməlidir"
- Bu sualla politoloq və siyasətçilərimizə mürəciət etdik.
İlk həmsöhbətimiz politoloq Fikrət Sadıqov oldu. Politoloq qeyd etdi ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın başı daxili proseslərə qarışıb, baş nazirlə parlament arasındakı konfliktin ikinci mərhələsi başlanıb, onun üçün sülh danışıqları hələ ki, arxa plana keçib: "Amma hər halda N.Paşinyanın təşəbbüsü ilə preziden İlham Əliyevlə Düşənbədəki ayaqüstü söhbət zamanı danışıqların davam etdirilməsi istiqamətində razılıq əldə edilib. Birmənalı şəkildə demək olmaz ki, danışıqlar prosesinə ara veriləcək. Lakin təbii olaraq bu dövürdə baş nazir parlament seçkilərinə daha çox diqqət ayıracaq. Bu işin ağırlığı daha çox nazirlərin üzərinə düşəcək ki, artıq xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi barədə razılıq əldə edilib. Paşinyanın proseslərə aktiv təsirinə gəldikdə, o, yalnız yeni parlamentdə baş nazir kimi yenidən seçildikdən sonra biz bunu müşahidə edə bilərik. Bu baxımdan, danışıqlar prosesinin bir qədər passiv fazaya keçəcəyi gözləniləndir. Ermənistanda baş verənlər gələcəkdə danışıqların Paşinyansız davam etməsi ilə də nəticələnə bilər».
Politoloq Mübariz Əhmədoğlunun fikrincə isə Ermənistanda baş verənlər Azərbaysanın xeyirinə işləyir: "Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Heydər Əliyevin dönəmində canlanma mərhələsinə qədəm qoydu. Amma ədalət naminə qeyd edək ki, prosesin tənzimlənməsində keyfiyyət mərhələsi İlham Əliyevin prezidentlik dövrünə təsadüf edir O, ortaya sıfır variantını qoydu və sonrakı mərhələlərdə onu moderinləşdirdi. Hazırda Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasəti ondan ibarətdir ki, bütövlükdə Ermənistanın bir dövlət kimi taleyi həll edilməlidir. Yəni, biz istəyiriksə ki, regionda daimi sabitlik və sakitlik yaransın, onda Ermənistanın taleyi həll edilməlidir. Azərbaycanın münaqişənin həlli istiqamətində kursu bundan ibarətdir. Ermənistan nə qədər bərbad vəziyyətə düşürsə, bu bizim xeyirimizədir və bu prosesdə biz Azərbaycanın rolunu görməliyik. Başqa sözlə desək, hal-hazırda Ermənistanı bərbad vəziyyətə salan Azərbaycan dövlətinin siyasətidir. İndi Ermənistanda çox maraqlı bir vəziyyət yaranıb. Onun digər qonşuları olan İran və Gürcüstan Ermənistana gələn yüklərə əngəllər törədir. Belə bir şəraitdə Ermənistan rəhbərliyi reallığı dərk edərək qiymətləndirə bilsə, o, istiqamətini Türkiyə və Azərbaycana doğru çevirməlidir. Bu baş verməyəcəksə, Ermənistandakı siyasi böhrən sonsuzluğa qədər davam edəcək. Bu böhran dünənin, bu günün böhranı deyil, Paşinyan özü bu böhran dalğası üzərində hakimiyyətə gəldi, amma bu 4-5 ayda o, da böhranı aradan qaldıra bilmədi və siyasi böhran yenidən indiki şəkildə təzahür edib.
Düşənbədə Nikol Paşinyanın Putin və İlham Əliyevlə görüşü oldu. Çox güman ki, Paşinyanın indi başlatdığı prosesi ona Putin məsləhət görüb - parlamentdə çoxluq qazan və 5 illik legitim hakimiyyətini təmin et. Hazırda Paşinyan hakimiyyəti Putinə sərf edir. Müstəqil Ermənistan Respublikası tarixində N.Paşinyan qədər hərif lider olmayıb. Ona görə də Rusiya hazırda Ermənistandan nə istəsə ala bilir.
Putinin fikrincə, nə qədər ki, Ermənistanda Rusiyanı Azərbaycan ərazisinədən keçməklə birləşdirən yol - Mehri dəmir yolu açılmayıb, Ermənistandakı siyasi böhran da həll olunmayacaq. Bu yolun açılması isə 7 rayonun Azərbaycana qaytarılmasından keçir. Rusiyanın variantı məhz bundan ibarətdir: Dağlıq Qarabağın statusu qoyulur bir kənara, 7 rayon Azərbaycana qaytarılır və Mehri dəmir yolu açılır, bu yolla Ermənistan Rusiyaya daha sıx və etibarlı bağlanır. Hazırkı siyasi böhran da sözügedən plana hesablanıb, yəni zaman Azərbaycanın xeyirinə işləyir. Ölkə prezidentinin indiki siyasəti vəziyyətə adekvatdır və bütün proseslər prezidentin tam nəzarətindədir. Düşünürəm ki, yaxın zamanlarda problemin həlli istiqamətində irəliləyişlər gözləmək olar".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bizimlə söhbətində bildirdi ki, bu prosesdən müsbət heç nə gözləmir: "Əgər Paşinyan yenidən parlamentdə üstünlük əldə edib, baş nazir seçilə biləcəksə, yaxud da demokratik seçkilər vasitəsi ilə başqa biri seçiləcəksə, Ermənistanda legitim demokratik hakimiyyət formalaşacaq ki, bu da Ermənistanın üstünlüyü deməkdir. Bu bizim ziyanımızadır, çünki biz könüllü surətdə münaqişənin həllini beynəlxalq təşkilatlara həvali etmişik. Bu səbəbdən də Ermənistanda gedən bütün demokratik proseslər bizim ziyanımızadır. Hazırda orada gedən siyasi böhranın sülh danışıqlarına heç bir təsirini görmürəm, ona görə ki, bütünlüklə Dağlıq Qarabağ kartından istifadə edir, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini bir şüar kimi önə çəkirlər. Biz Ermənistanda gedən daxili proseslərdən heç nə gözləməməliyik, əksinə, Azərbaycan cəmiyyəti öz daxili resurslarına güvənməlidir. Bu istiqamətdə Azərbaycan diplomatik mübarizəsini aparmalı, həm də daxildə demokratik prosedurların inkişafına start verməlidir. Çünki Ermənistan daxili demokratiyanı inkişaf etdirməklə, beynəlxalq arenada bizdən daha üstün mövqe əldə edir. Buna isə yol vermək olmaz. Nəzərə almaq lazımdır ki, sülh prosesini aparan beynəlxalq təşkilatlar ölkənin demokratik səviyyəsinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, Qarabağ erməniləri də Paşinyanın timsalında Ermənistanın demokratik səviyyəsinin Azərbaycandan üstün olmasını önə çəkirlər".
Göründüyü kimi, hazırda Ermənistanda baş verən siyasi böhran bütün hallarda, mənfi və ya müsbət şəkildə olmasına baxmayaraq, Sülh danışıqlarına müəyyən təsirlərə malikdir. Əvvala, nəticə kimi söyləmək olar ki, ən azı gələn ilin əvvəllərinə qədər problemin həlli istiqamətində ciddi addımların atılması gözlənilmir. Lakin bu proseslər bitdikdən sonra danışıqların daha intensiv mərhələyə qədəm qoyacağı da istisna deyil.
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, bizim beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupuna güvənimiz sonsuza qədər davam edə bilməz. 25 ildən artıq bir zaman müddətində davam edən bu münaqişəyə nəhayət ki, son verilməlidir. Bu məsələni sülh yolu ilə həllinin mümkünlüyü isə daha çox Ermənistandan asılıdır. Ağılları yerində olsa, münaqişənin həlli də mümkün olar.
Akif Nəsirli