Tərif eşitdikcə, həm özü, həm də sərvəti şişir
Biz tarixən tərifsevən xalq olmuşuq. İstər xeyir- şər məclislərində, istər ictimai yerlədə bir bozburutlu məmur, idarə rəhbəri görən kimi, Tarixi-Nadir düşür yadımıza (Tarixi -Nadirin bura nə dəxli var bilmirəm, elə-belə söz xatirinə yazdım, istəməyən oxumasın) başlayırıq ona layiq oldu-olmadı
mədhiyyələr qoşmağa. Hə yadıma düşdü, heç Tarixi-Nadiri yazan da, bu cür bəlağətli mədhiyyələr qoşa bilməz, o səbədən yazdım.
"Baxıram, vid-fasonu
xoşuma gəldi 20 manat, gəlmədi
10 manat verirəm gedir"
Məni təəccübləndirən bilirsiniz, nədir? Başqa vaxtlar ağzını açıb iki kəlmə sözü ard-arda söyləyə bilməyən də, məmur, rəhbər görəndə bülbül kimi dil açır. Vəzifəsi xalqa xidmət olan məmur da, bu təriflərdən o qədər xoşhallanır ki, başlayır ona tapşırılan sahədə at oynatmağa. Nə kiçik bil, nə böyük. Bu harın atın ayaqları altında qalan tərifbaz da, başlayır küçədə, xeyirdə-şərdə, bağlı qapı arxasında, çayxanada və s. və ilaxir yerlərdə gileylənməyə, deyinməyə ki,"ayə, dünənə qədər palçıqı ayaqqabıda gəzirdi, indi lak tuflini bəyənmir ə, bu". Sual olunur, bunun günahı kimdədir? Hesab edirəm ki, heç bir halda günah məmurda deyil. Çünki məmuru tərifləyə -tərifləyə özündən müştəbeh birisinə çevrən elə tərifbazların özləridir. Məmur bizi zəlil gününə qoyur, dinmirik, döyür-söyür səsimizi çıxarmırıq, dövlətin, xalqın malını, sərvətini talayır, görməzdən gəlirik.
Məmurların da ki, insafını Allah kəssin. Necə deyərlər, "iştah diş altındadır" çapır, talayır, varlanır, harınlayır və son nəticədə möhtərəm prezidentimiz demişkən, qudurur, amma gözü doymur. Bank hesabı dolur, sandığı aşıb-daşır, ancaq nəfsinə sahib çıxa bilmir. Nədən? Çünki bütün bu naqisliklərə görə, ictimai qınağa tuş gəlmir, əksinə tribunalardan, yüksək kürsülərdən ancaq tərif eşidir. Tərif eşitdikcə də, həm özü, həm də sərvəti şişir, həddini daha çox aşır, özünü hamıdan yuxarıda hiss edir və daim belə olacağını düşünür.
Bir məşhur tərifçi var idi, deyilənlərə görə sövet dönəmində rayonların hansındasa "baş çoban" işləmişdi. Vallah, mənim maldarlıqdan o qədər də başım çıxmır, rəhmətlik nənəm deyərdi ki, heyvanı tərifləyəndə südü çox verir. Bu baş çoban da, demokratiyanın, müstəqilliyin, söz və mətbuat azadlığının verdiyi imkanlardan yararlanaraq, qoyun-quzusunu, dağlarda, dərələrdə itə-qurda yedizdirib, gəlib paytaxtda qəzet baş redaktoru olmuşdu. Bu baş çoban-baş rediktor tərifin elə dərəcələrin kəşf etmişdi ki, adamlar lap məəttəl qalmışdılar. Dövlət başçısını peyğəmbərə, nazirləri imamlara bənzətməkdən belə çəkinmirdi. Allah nənəmə rəhmət eləsin!
Bu baş çoban-baş redaktorun çox qəribə tərif metodikası vardı. Məsələn, görürdün ki, qəzetin bütün səhifələrində hansısa bir rayon ciddi tənqid olunub. 16 səhifəlik bir qəzeti bütünlüklə bir mövzuya həsr etmək də, bu baş çoban-baş redaktorun kəşfi idi. Maraqlıdır ki, qəzetin növbəti sayı da həmin rayona həsr olunurdu, bu dəfə Tərifnamə!
Bu gün həmin tendensiya bir qədər fərqli formada özünü göstərir. Ölkəmizdə özlərinin yarıtmaz fəaliyyəti ilə tanınan bir çox dövlət qurumlarının, özəl şirkətlərin qəzetlərdə tərif dolu hesabatlarını dərc etdirdiklərin görəndə, nədənsə həmin baş soban-baş redaktor yadıma düşür.
Bir zamanlar çox özündənrazı bir dövlət məmuru ilə bu barədə söhbətimiz oldu. Məmur açdı ağzın, tökdü pambığı. İdarənin fəaliyyətindən, gördüyü və görəcək işlərdən, xalqa göstərdiyi təmənnasız xidmətdən, qaçqın və köçkünlərə qayğıdan, müharibə iştirakçılarına, şəhid ailələrinə qayğısından dil ağıza qoymadan o qədər səlis, rəvan bir nitq söylədi ki, az qala mənim kimi bir adamı da özünə inandıra bilmişdi. Baxmayaraq ki, onun dabbaqda gönünə bələd idim.
Sən demə, bu gün məmləkətimizdə əsas məsələ iş görmək deyil, görmədiyin bir işin təqdim olunmasıdır. Normal insan məntiqi üçün bunu anlamaq çox çətindir, lakin faktdır. Məsələn, "Azərsu" son 25 ildə Bakının su kanalizasiya sisteminin təmiri və yenidən qurulması üçün müxtəlif mənbələrdən 10 milyard manat vəsaiti sümürüb. 10 milyard manat vəsaiti uf demədən süsürən bu sistem cəmi 15 dəqiqə yağan yağış suların 150-cə kubunu sümürə bilmədi.Boğuldu və qaytardı Eyni vəziyyət həm də "Azərişıq" və Azəriqaz" dövlət şirkətlərində də hökm sürür. Bu şirkətlərin rəhbərləri və sözçüləri öz açıqlamalarında və hesabatlarında sübut etməyə çalışırlar ki, bu gün ölkəmizin ən ucqar nöqtələrində belə, qaz, işıq, su, kanalizasiya problemləri yoxdur. Əslində isə bu problemlərin çox kəskin şəkildə mövcudluğu, payızın ilk günlərində cəmi 15 dəqiqi yağan yağış da sübüt etdi. Mən hələ Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan danışmıram. Bu problemlərin mövcudluğunu əyalətlərdə ucqar kəndlər axtarmağa heç bir ehtiyac yoxdur. Bakı və Bakıətrafı qəsəbələrə nəzər yetirsəniz bəs edər. Bir qrup imkansız jurnalisti başına yığıb özünü tərifləmək, heç zaman problemin həlli ola bilməz.
Əlqərəz, tərif barədə bu qədər. Deyə bilərsiniz ki, bu tərif məsələsin başa düşdük. Bəs, bu tərifin dilənçiliyə nə dəxli var ki, onu da yazının başlığına çıxarmısan?
Hə, bax əsas məsələ də elə budur. Bir məşhur tərifbazla söhbəti zaman məni başa salmağa çalışdı ki, "tavariş"(elə belə də dedi tavariş) indi tənqidə pul verən yoxdur. "Tərif yaza bilmirsən, get özünə başqa iş tap. Kimisə tənqid edərsən, işindən-gücündən məhrum edərlər səni, qalarsan dilənçi kökündə. Tərif, yaxud dilənçilik, gör nə gözəl səslənir. Tərif yazırsan, insandır da, 3-dən, 5-dən verir dilənçilikdən qurtulursan". Sən demə, tərifbazların böyük əksəriyyəti tərifə dilənçilikdən qurtulmağın yolu kimi baxırlar. Lakin yaddan çıxarırlar ki, əyinlərindəki kostyuma, boynundakı qalstuka, qoltuğundakı qovluğa baxmayaraq, onların tərif yazdıqları məmurlar, onların barəsində elə dilənçi kimi düşünürlər. Bir məmurdan bu barədə soruşdum, dedim ki, nə üçün onlara pul verirsən? Elə belə də cavab verdi: "Küçədə dilənçiyə nə səbəbə pul verirsən, onlar isə qapımıza gəlir, necə verməyim...?
Bir kənd icra nümayəndəsi isə belə dedi:"Baxıram, vid-fasonu xoşuma gəldi 20 manat, gəlmədi 10 manat verirəm, gedir".
Bu gün təkcə imkansız jurnalistlər, baş çoban-baş redaktorlar deyil, bir çox məşhurlar da, hərəsi öz səviyyəsində dilənir bu məmləkətdə. Bu da heç kimə sirr deyil. Bu günə qədər 2-3 dəfə dövlətdən mənzil alan jurnalist tanıyıram ki, indi də nəvələri üçün ev dilənir. Çox məşhur şou-biznes təmsilçilir var ki, 10-15 min manatlıq paltarları, villaları, bahalı maşınları ilə göz qamaşdırır, özlərini reklam edərək, məzənnə qaldırırlar. Xalqın kasıb təbəqəsini qıcıqlandırmaqdan sanki həzz alırlar. Elə ki, işləri bir qədə qəlizləşdi başlayırlar ağlaşmaya, dilənməyə. Mən ad çəkib kimlərisə reklam etmək istəmirəm. Ancaq deməmək də mümkün deyil. Kimisi ipotekasını ödəmək üçün dilənir, kimisi xəstə uşağını ekranlara çıxararaq dövlətdən kömək istəyir, pul-ev dilənir.
Bu günə qədər dövlətə bir manat belə vergi ödəməyən, heç bir ictimai faydalı fəaliyyətlə məşğul olmayan, vaxtını, restoranlarda, bar və kafelərdə şou göstərməklə, əndərəbadi mahnıları ilə məşhurlaşan birisi, dəbdən düşən kimi, gah sponsor axtarır, gah da dövlətdən yardım dilənir. Dilənir ona görə deyirəm ki, bunun başqa adı yoxdur.
Mən demirəm ki, dövlət bu insanları küçəyə atmalıdır. Kimliyində asılı olmayaraq, hər birimiz bu ölkənin vətəndaşlarıyıq. Dövlətin bizim qarşımızda olduğu kimi, bizim də hər birimizin dövlət qarşısında borcumuz var. Əgər sən, imkanın olanda dövlət, cəmiyyət, xalq üçün heç nə etməmisənsə, indi dövlətdən nə isə ummaq hüququn haradan yaranıb?
Bu günlərdə eşitdim ki, tanınmış jurnalist Səbuhi Məmmədli də müalicəsi üçün dostlarından yardım istəyir. Şərhə ehtiyac yoxdur, Allah yardımçısı olsun!
Yusif Seyid