Ehtiyatlı olun - 70-80-ci illərdə "Medinstitutu" pulla
qurtaranlar, artıq aparıcı həkim, hətta, alim-professordurlar...
"Təcili əməliyyat lazımdır" ifadəsini moda (dəbə) mindirən təkcə fərdi həkimlər deyil, həm də Bakının məşhur kliniklarının pula görə bütün mənəvi dəyərləri arxa plana atan baş həkimləridir. Bu yaxınlarda savadlı, Avropada təhsil almış bir həkim dostumla dərdləşirdik, dedi ki, iş axtarıram. Təəccüblə soruşdum, işdən niyə çıxmısan? Dedi ki, yeri gəldi-gəlmədi xəstələrə əməliyyat təyinatı verməkdən imtina etdiyim üçün işdən getmək məcburiyyətində qaldım. Baş həkim bizi məcbur edir ki, əməliyyat təyinatı verək, bizə plan qoyub, hər bir həkim ayda filan qədər əməliyyat keçirməlidir. Mən isə baş həkimdən fərqli olaraq Allahdan qorxuram, amma onu başa sala bilmədim, axırda ərizəmi yazdım... Bu da belə...
Bu yazıya real bir faktla başlamaq istəyirəm, yazı qəhrəmanlarımın bir qismi həyatda olduqlarından adlarını etika xətrinə çəkmirəm.
Hadisə vaqe olur təxminən 70-ci illərin əvvələrində, Bakı şəhərində.
Atamın bir zərgər döstu, onun da ağlagəlməz dərəcədə savadsız bir oğlu var idi. Buna baxmayaraq, yekəxanalığı, kobudluğu, böyük-kiçik tanımaması kimi xüsusiyyətlərinə görə çoxları ondan gen gəzirdilər. Günlərin birində onunla Bakı çayxanalarının birində qarşılaşdım. Söz-söhbətdən sonra öyrəndim ki, "Medinstitut"da (o dövürdə camaat arasında Azərbaycan Tibb İnstitutu belə adlanırdı) 2-ci kursda oxuyur. Soruşdum ki, sənin, tibb bir yana, heç 3-cu siniflik savadın yox, bu biliklə insanları necə müalicə edəcəksən? Çox maraqlı bir cavab aldım: "Kimdir ə, həkim işləyən, dədəmin canı sağ olsun, qurtaran kim bir "qlavvraç" (baş həkim) vəzifəsi alacaq mənimçün, "bulliten"lərə (xəstəlik vərəqəsi) peçat (möhür) vurub, pulumu alacam vəssalam, məndən həkim olar?!"
Bişqa bir misal; təxminən 80-ci illər olardı, "Semaşko" ( İndiki 1 saylı Şəhər Kilinik xəstəxanası) xəstəxanasının 3-cü korpusunda yatırdım. Bilirsiniz də, o zamanlar "Semaşko" "Medinstitutun" bir növ lobaratoriyası idi. Tələbələr gəlib burada insanlar üzərində canlı təcrübə keçirdilər. Hər qrupda da 15-20 tələbə olurdu. Mənim müalicə həkimim Qəzənfər (familiyası yadımdan çıxıb, buna görə Qəzənfər həkimdən üzür istəirəm) həm də "Medinstitutda" dərs deyirdi. Payız ayı idi. Qəzənfər həkimin tələbələri təcrübəyə gəlmişdilər. Onların arasında iki nəfər digərlərindən çox seçilirdi. Birincisi, öz nimdaş geyimi ilə, ikincisi, xəstələrə diqqəti, müəllimin tapşırığını mükəmməl yerinə yetirmək cəhdləri ilə. Mənim bu iki tələbəni müşahidə etdiyimi görən Qəzənfər həkim bilirsiniz nə dedi: "Bunlar gələcəyin həkimləridirlər, digərləri isə..."
Yəni, 15-20 pullu tələbənin arasında, cəmi iki nəfər kasıb həkim olmaq istəyən tələbə var. Digərləri valideynlərinin pulu və Tibb İnstitutunun "preistijinə" görə bu təhsil ocağına gəliblər. Yenə də deyirəm, ehtiyatlı olun - 70-80-ci illərdə "Medinstitutu" pulla qurtaranlar, artıq aparıcı həkim, hətta, alim-professordurlar... Buna görə də, indi xəstəni müalicə edən həkim yoxdur, hamı eyni şeyi deyir, "təcili əməliyyat lazımdır".
Ən yeni tariximizin 60-70-cı illərində kəndimizdə xəstəxana, həkim yox idi. Bir "Feldşer Məntəqəsi" var idi, bir də kənd camaatının "doxdur" çağırdıqları, "feldşer" Qurban. Qurban həkimin (yəqin ki, ixtisasca da "feldşer" olub, sadəcə insanlar etika xətrinə onu həkim çağırıblar) kimsəyə dərman yazdığını heç zaman görməmişəm. O zamanlar bu qədər aptek, dərman nə gəzirdi ki, Qurban həkim də kimsəyə torba dolusu dərman yazsın...
Qurban həkim camaatın tanıdığı, bildiyi otdan, ədvadan necə istifadə etmək haqqında məsləhət verib, yola salırdı, xəstələri. Onlar da bu məsləhətlə sağalırdılar. Qurban həkimin məsləhətindən sonra heç vəziyyəti ağırlaşan insan belə olmurdu, nəinki ölüm.
Bir şeyi, deyəsən tamam yadımdan çıxarmışam, Qurban həkim heç kimdən məsləhəti üçün təmənna ummazdı. Sadəcə olaraq, "Allah şəfa versin", deyib yolar salardı. Lakin kənd camaatı da, onu ac qoymazdı. Kimisi evində bişirdiyi xörəkdən, kimisi toyuqdan, xoruzdan, kimisi də 2-3 yumurta, bir-iki ovuc qoz-fındıq pay aparardı, Qurban həkimə. Bu ağlasığmaz hədiyyələrdən məmnun olan Qurban həkim onlara ürəkdən minnətdarlıq edər, zəhmət çəkdikləri üçün üzüldüyünü izhar etməkdən belə çəkinməzdi. Onun bu minnətdarlığı da, gördüyü işi qədər səmimi idi və üzərindən onillər keçsə belə, onu xatırlayan hər kəs, «Allah rəhmət eləsin»ə, deyir!
Qurban həkim "Medinstitut"u atasının pulu hesabına başa vurmamışdı, cəbhədə, güllə yağışı altında yüzlərlə əsgəri ölümün ağuşundan qurtararaq bu peşəyə sahib olmuşdu. Və o illərin ağırlığını gözləri önünə gətirərək, bu peşəyə sadiqliyin ömrünün axırına qədər şərəflə qorudu.
Keçək əsas məsələyə,- yazının başlığına və yarımbaşlığına. Bu gün 70-80-ci illərdə "Medinstitut"u pulla qurtaranların böyük əksəriyyəti baş həkim, aparıcı cərrah, hətta, alim-professor kimi fəaliyyət göstərir. "Təcili əməliyyat lazımdır" deyənlərin də, böyük əksəriyyəti onlardır. Bu dırnaqarası həkimlər xəstəni müalicə etmək iqtidarında deyillər. Onlar sadəcə olaraq, insanın ağrıyın orqanını bədənindən xaric etməklə, onu xəstəlikdən xilas edəcəklərin düşünürlər. Çünki savadları ancaq və ancaq buna çatır.
"Təcili əməliyyat lazımdır" ifadəsini moda (dəbə) mindirən təkcə fərdi həkimlər deyil, həm də Bakının məşhur kliniklarının pula görə bütün mənəvi dəyərləri arxa plana atan baş həkimləridir. Bu yaxınlarda savadlı, Avropada təhsil almış bir həkim dostumla dərdləşirdik, dedi ki, iş axtarıram. Təəccüblə soruşdum, işdən niyə çıxmısan? Dedi ki, yeri gəldi-gəlmədi xəstələrə əməliyyat təyinatı verməkdən imtina etdiyim üçün işdən getmək məcburiyyətində qaldım. Baş həkim bizi məcbur edir ki, əməliyyat təyinatı verək, bizə plan qoyub, hər bir həkim ayda filan qədər əməliyyat keçirməlidir. Mən isə baş həkimdən fərqli olaraq Allahdan qorxuram, amma onu başa sala bilmədim, axırda ərizəmi yazdım...
Bu da belə...
Savadsız bir avtomobil çilingəri də maşının xarab olmuş hissəsini təmir etməyə "başı çatmayanda", "Bu hissə xarabdır, al gətir dəyişim ",deyir.
Bu savadsız çilincərdən, "təcili əməliyyat lazımdır" deyən həkimin nə fərqi var ki? Avtomobilin xarab olmuş hissəsini tapıb dəyişmək olar. Xəstənin kəsilib atılan orqanı isə bərpa olunmur. Bu səbəbdən dünyasını dəyişən xəstənin yaxınlarına həkimin bir etirafı olur,"mən bacardığımı etdim". Gülməlidir, elə deyilmi?
Əslində, bu həkim bacardığını yox, bacarmadığını etdi və insanın həyatına son qoydu. Bu həkim, əməliyyatdan əvvəl də bilirdi ki, buna savadı çatmır, ancaq pula hərisliyi, ölüdən belə pul qoparmaq istəyi onu bu yola sövq edir. Bu tip həkimlərin azacıq vicdanı olsaydı, hələ əməliyyatdan əvvəl etiraf edərdi ki,"bu mənlik deyil, mən bunu bacarmıram". Yoxsa, "mən bacardığımı etdim" nə deməkdir? Bacardığın insanları öldürüb, balalarına çörək qazanmaqdırsa, onda pul üçün küçədə kimisə öldürən qatillə sənin nə fərqin?!
Bu düynada bəlkə də, qazandığın o qanlı pullardan verib, özünə bəraət qazana bilərsən. Bəs, Allah dərgahında nə cavab verəcəksən? Elə bilirsən, haram pullarla, insanların canı, qanı bahasına qazandığı pullu əlindən alaraq Həccə getməklə, günahlarından qurtulacaqsan? Yazıqlar olsun!
"Təcili əməliyyat lazımdır", deyənlər inanmayın!. 70-80-ci illərdə "Medinstitutu" pulla qurtaranlar, bu gün səhiyyəmizin başındadırlar ki, səhiyyəmiz bərbad vəziyyətdədir.
Lütfən, mənə bir imkanlı insan göstərin ki, müalicə üçün yerli həkimlərə müraciət etsin. Hətta "adlı-sanlı" həkimlərimiz belə, öz həmkarlarına etibar etmirlər bu məmləkətdə. Bilirlər ki, torbada pişik olsa da, başlarında savad, bilik yoxdur. Bu gün mənə ölkədə elə bir həkim göstərin ki, əməliyyatsız-filansız, öz bildiyi dədə-baba yolu ilə insanlar nicat verir, yoxdur! Bu gün mənə bir həkim göstərin ki, Qurban həkim kimi, təmən»nasız» gedin bal yeyin, sarımsaq yeyin desin, yoxdur. Varsa da, o qədər azdırlar ki, pislərin içində itib- batıblar.
Necə ki, yazının əvvəlində qeyd etmişdim, 15-20 tələbənin arasında iki həkim olacaq tələbə. Həmin pullular, o iki nəfəri də sıradan çıxarıblar artıq. Çünki onları, daha doğrusu onların pullarının gücü altında işləmək zorundadırlar.
Məsələn, cavan bir həkimin qəbuluna gedirsən ki, həkim 2 gündur bu zəhrimar öskürək məndən əl çəkmir. O dəqiqə sözünü kəsir ki, "sən asmatiksən"(o dövürlərdə bu sözu illərlə xəstə olan insana belə, deməzdilər) dərman yazaram keçib gedər (Astma ha, dərmanla keçib gedəcək, əhsən sənə savad verən müəllimə!). Resepti alıb gedirsən aptekə, hesablayıb deyirlər, 360 manat. Suyun süzülə-süzülə gedirsən başqa bir həkimin yanına, resepti göstərib deyirsən ki, başına dönüm həkim, bunlara gücüm çatmır, bəlkə yüngülvari bir şey yazasının keçib gedər. Həkim baxır reseptə,"Bunu hansı başdanxarab yazıb. Sizdə astmadan əsər-əlamət belə yoxdur. Bronxların bir qədər zəifdir, soyuq bir şey içmisiniz, qıcıqlama verib. Bir iki yüngül dərman yazaram keçib gedər." Resepti yazıb verir, qapıdan çıxanda arxanca səslənir ki,"qəbul haqqımı ödəməyi unutma, bir həftədən sonra birdə qəbuluma gəl". Qəbul şöbəsinə yaxınlaşıb, filan həkimin qəbul haqqı nə qədərdir deyə soruşuram. 75 manat, bu 3 qəbul üçündur, ilkin qəbul 35 manat, daha iki qəbulun da hərəsi 20 manat. Bəlkə mən birdə bura gəlmədim. "O artıq sizin probleminizdir, bizdə qayda belədir".
Bu da 80-cı illərdən sonra pulla "Medinstitutu" qurtaranların Avropasayağı iş fəlsəfəsi. Allah belələrindən qorusun?
"Təcili əməliyyat lazımdır" deyənlərdən özününzü qoruyun! Lütfən ehtiyatlı olun!
Yusif Seyid