Absurdistan

 

Xaləddinin dağları, konfortlu avtobuslar, paltar zivələri...

 Bəzən dünyada elə hadisələr baş verir ki, bunu normal məntiqlə, yalnız absurd kimi qəbul etmək olar. Canım məmləkətim Azərbaycan da, bu kimi absurdlardan xali deyil, tam əksinə...

Dünya avsurdlarından uzun-uzadı danışıb, qızıl qədər qiymətli (baxır kimin üçün) vaxtınızı çox almaq istəmirəm.

İlk əvvəl gəlin, bu absurdları yaradan səbəblərin haradan qaynaqlandığına diqqət yetirək.

Məsələn, bir neçə il əvvəl Binəqədi rayon icra hakimiyyətinin artıq keçmiş başçısı Xaləddin İskəndərovun təşəbbüsü ilə "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlanıldı. Bu layihə çərçivəsində Bakı-Sumqayıt şossesinin, Binəqədi rayonu ərazisində keçən hissəsində bu möhtərəm zatın doğulub boya-başa çatdığı rayondakı dağların analoqu (bilirsiniz də, o zaman bu çox populyar söz idi) olan dağlar, təpələr yaradıldı. Bu o zaman baş verirdi ki, Binəqədi rayonunun Biləcəri, Binəqədi, Rəsulzadə qəsəbələrini yağış suları ağuşuna almaşdı və yüzlərlə insan evindən-eşiyindən dirdərgin düşmüşdü. Xaləddin müəllim isə "Təmiz Binəqədi" layihəsinin mənasını, insanların rifahının təmin edilməsində, qəsəbələrdə abadlıq-quruculuq işdərini aparılmasında, yolların, kanalizasiya, su, işıq xəttlərinn, qaz borularının təmirində yox, süni dağlar ucaltmaqda, insanlarda bir növ təmiz Binəqədi təsəvvürü yaratmaqla, dövləti aldatmaqda görürdü. Milyonlarla dövlət vəsaiti hesabına yaradılan təpəcik-ləri bir hissəsi artıq uçurulub, digərlərinin də eyni aqibətlə üzləşəcəyi qaçılmazdır.

Bu absurd, heç kimə lazım olmayan layihənin müəllifi olan Xaləddin İskəndərovdan isə bir hesab soruşan olmadı ki, milyonlarla dövlət vəsaitlərini göyə sovurmaqda məqsədin nə idi?

Əslində, bunun səbəbləri məlumdur. Əgər məmurlar bu tip layihələr həyata keçirməsələr, ərəb şeyxləri kimi necə yaşaya bilirlər?

Bu da hamıya məlumdur ki, qiymətlərin, rüsumların, cərimələrin və digər ödənişlərin vaxtaşırı artırılmasının əsas məqsədi həmin sahələrdə xidmət səviyyəsinin və keyfiyyətinin yüksəldilməsidir. Yəni, dövlət bu sahəyə daha çox vəsait xərcləyir, insanların rifahı, göstərilən xidmətlərin keyfiyyəti yüksəlir. Bütün normal dövlətlərdə belədir, ancaq absurdlar ölkəsi olan məmləkətimizdə qiymət artımının yalnız bir məqsdi var, məmurların hegemonluğunu və yaşam səviyyəsini yüksəltmək.

Bildiyiniz kimi, bu yaxınlarda nəqliyyatda sərnişindaşıma qiymətləri artırıldı. Bunu da belə əsaslandırdılar ki, ölkəyə yeni, daha konfortlu, kondinsionerli avtobuslar gətirilib. Çox gözəl, çox pakizə, kim istəməz ki, işə, evə, məktəbə konfortlu avtobuslarda gedib-gəlsin. Lakin diqqət etdikdə görürük ki, həmin konfortlu avtobusların ümumi çəkisi insanlara xidmət göstərən avtobusların heç 10 faizini təşkil etmir. Maraq üçün Bakıətrafı qəsəbələrə sərnişin daşıyan avtobuslar diqqət edin. Nuh əyyamında qalan sınıq-salxaq bu avtobuslarda nəinki konfort, kondensioner, heç normal oturacaqlar belə yoxdur. Yaxşı, onda həmin avtobuslardan istifadə edən sərnişinlər hansı səbəbdən konfortlu avtobuslardan istifadə edən sərnişinlər qadər pul ödəməlidirlər? Bu absurd deyil, bəs nədir?

"Bakubus" rəhbərliyi bu yolla daha artıq qazanc əldə etmək məqsədi güdür. Onları sərnişinlərin rahatlığı əsla maraqlandırmır. Maraq ancaq qazanc əldə etməkdir. Əgər həqiqətən də "Bakubus" xalqa normal xidmət göstərmək istəyirdisə, ilk növbədə yollarının qaydaya salınması lazım idi. Daha sonra həmin yollara da bahalı avtobuslar buraxılmalı, bundan sonra qiymət məsələsi ortaya qoyulmalıydı ki, rahat avtobuslardan istifadə edirsənsə, əlavə pul ödəməlisən. Bu gün isə bunların heç biri yoxdur. Bu gedişlə, məsələn, Masazır qəsəbəsinə 10 ildən sonra da "Bakubus" avtobusları ayaq açmayacaq, daha doğrusu bu avtobusların təkəri Masazırda fırlanmayacaq. Ancaq, "Bakubus" rəhbərliyinin avsurd təklifi ilə Tarif Şurasının absurd qiymətartırma qərarı, sınıq-salxaq avtobuslardan istifadə edən Masazır camaatını da, bu on il müddətində artıq pul ödəməyə məhkum edir.  

Necə deyərlər, "nə yoxğurdum-nə yapdım, hazırca kökə tapdım. "Bakubus" rəhbəriyi isə bunu belə deyir-nə avtobus aldım, nə yol düzəltdim-Tarif şurasındakı dostlar sağ olsun!

Çox qəribə bir zamanda yaşayırıq dostlar, dövlət məmurları hansı problemi sivil yolla həll edə bilmirsə, müxtəlif üsullarla onu qadağan etməyə çalışırlar. Məsələn, bu yaxınlarda belə bir məlumat yayıldı ki, şəhərdəki binaların eyvanlarından (balkon) paltar asmaq qadağandır. Yadınızdadır da, belə bir qadağanı Naxçıvan Ali məclisinin sədri Vasif Talıbov da həyata keçirib. Orada deyirlər çox şeylər qadağandır, bu barədə ətraflı məlumatım olmadığından onları qoyuram bir kənara.

Əslində, bu çox təbii və gözəl təklifdir. Ancaq belə işlər qadağa ilə həyata keçirilmir, atam- qardaşım.

Belə absurdlar bilirsiniz necə yaranır?. Bizim məmurlar gedirlər xarici ölkələrə, görürlər ki, orada bakondan paltar asmırlar. Niyə, nə üçün bunun fərqinə varmırlar və ölkəmizə qayıdan kimi bir sərəncam zıppıldadırlar ki, şəhərdəki binaların balkonundan paltar asmaq olmaz.

Əla, bəyənilsin! Amma burada bir məsələ ortaya çıxır, bəs insanlar paltarlarını harada qurutsunlar? Bunun məmurlarımıza heç bir aidiyyati yoxdur, olmaz vəssalam! Səhərisi günü bir neçə JEK (MiS) (bu qurumun artıq çoxdan ləğv olunduğunu düyünürdum, sən demə hələ yaşayır) işçisi polislərin müşayəti ilə hücum çəkirlər insanların balkonlarına və "zivə kəsmə" əməliyyatı başlayır.

Birincisi, evin balkonu da həmin vətəndaşın mülkiyyətinə daxildir və oraya onun icazəsi olmadan heç kim daxil ola bilməz.

İkincisi, əgər paltarların balkonlarda qurudulması qadağandırsa, vətəndaşlara alternatv sahələr göstərilməlidir ki, paltarlarınızı aparın orada qurudun.

Bizim məmurlarımızı isə bunların heç biri əsla maraqlandırmı. Onlar hesab edirlər ki, əgər ingilis Con və Diana, yaxud fransalı Mişel və Mişelina Bakıya turist səfərləri zamanı binaların balkonlarında bakılı Tükazbanın və Ağarəhimin tuman-köynəklərin görsələr, bir də məmləkətimizə ayaq basmayacaqlar. Bu da yenicə təşəkkül tapmağa başlayan turizm biznesinə və ən əsası bu gün ölkəmizdə geniş vüsət alan qeyri-neft sektorunun inkişafına ciddi zərbə ola bilər. Biz də Vətənimizi sevən vətəndaşlar olaraq turizmin inkişafı naminə bu absurd qadağanı dəstəkləməliyik. Absurd ona görə deyirəm ki, alternativi olmadan gerçəkləşdirilən bu cür qadağaların başqa adı yoxdur.

İndi isə gəlin görək xaricdə nə üçün paltarları balkondan asmırlar. Birincisi, bir çox ölkələrdə evlər inşa edildiyi zaman bu evlərin içində üst qış geyimlərini, eləcə də pal-paltarı qurutmaq üçün xüsusi bir yer olur(suşilka). Bakıdakı binaların heç birində bunlar yoxdur və insanlar paltarlarını balkonda qurutmaq məcburiyyətindədirlər.

İkincisi, məmurlarımızın səfərləri daha çox inkişaf etmiş ölkələrə olur və onlar orada gördüklərini ölkəmizdə tətbiq etməyə çalışırlar. Bu ölkələrdə insanların imkanları çatır ki, öz gəlirlərinin cüzi bir hissəsini paltarların yuyulub qurudulması üçün camaşırxanalara xərcləsinlər. Azərbaycanda isə əhalinin 80-90 faizinin bu imkanları yoxdur. Yazını hazırladığım zaman bir dostum dedi ki, 2-3 xalçanın yuyulması üçün 100 manatdan artıq pul ödəyib. Bu da ölkəmizdə mövcud olan minimum əmək haqqının 30-40 faizi deməkdir.

Bu da onu deməyə əsas verir ki, yuxarıda qeyd etdiyim imkanların heç birinin ölkəmizdə olmaması səbəbindən, bu cür qadağaların tətbiqi də mumkün deyil və absurddur.

Deyə bilərsiniz ki, bəs necə olsun? Bax məni də, daha çox düşündürən budur. Baxmayaraq ki, Masazır qəsəbəsində, həyət evində yaşayıram və evimin balkonu belə yoxdur. Ancaq bu əsas məsələ deyil. Əsas məslə odur ki, mənim yaşadığım qəsəbəyə, ələlxüsusda yaşadığım əraziyə nəinki xarici turistlər, heç Abşeron rayon rəhbərliyi də demirəm, Masazır qəsəbəsinin başbilənləri belə gəlmirlər. Səbəbini çox yazmışam, bu yazıda vaz keçirəm. Çünki mövzumuza uyğun deyil.

Hə, harada qalmışdıq? Paltarlarımızı harada qurudaq?

Evdə oturub bu məsələni düşünürdüm ki, nəvəm gəlib sərinkeşi (vintelyatoru) işə saldı. Vay dədəm vay, evrika! Paltarları evdə qurutmağın yolunu tapdım! İlk əvvəl olmayan ağlıma gələn o oldu ki, bu ideyanı hələlik gizli saxlayım və potentləşdirim. Yoxsa, nə çox dələduz insanlar, bir də gördün kimsə, məmurladan biri ilə şərik olub ideyanı qapazlayıblar. Elə bu zaman, evin xanımı otağa girdi:

-Özünü sərinkeşin qabağına verib, dödaqaltda nə danışırsan?

Dedim arvad, eşitmisən məmurlarımız şəhərin balkonlarında paltar qurutmağı qadağan ediblər. Mən də paltarların evdə qurudulmasının yolunu tapmışam. Bircə o qalır ki, bu ideyanı rəsmiləşdirim, bu pul deməkdir ey, pul! Arvad bir xeyli fikirləşəndən sonra qəfildən qışqırdı ki, deyəsən ağlın çaşıb axı. Bu məmləkətdə çox şeylər qadağandır, ancaq gör onlara əməl edən var. Sən də başlamısan ki, paltar belə gəldi, ventelyator elə getdi. Masazırda düz-əməlli işıq yanmır, paltarı ventelyatorla necə qurudacaqsan?

 Gördüm arvad düz deyir, bu fikirdən vaz keçdim. Sonradan fikirləşdim ki, bəlkə bu binəva isanlardan kiməsə lazım oldu, qoy deyim.

Paltarı evdə asılqandan asırsan, sərinkeşi də gətirib qoyursan qabağına, həm ev sərinlənir, həm də paltar quruyur.

Ancaq bəzi ağzıgöyçəklər deyir ki, bu qadağanı qoyan məmur şəhərdə çoxsaylı camaşırxanalar şəbəkəsi açıb. İndi də bu yolla əhalini məcbur etmək istəyir ki, həmin camaşırxanaların xidmətindən istifadə etsinlər.

Mümkündür, amma...

 Yusif Seyid

0.13832211494446