Dövlətin malı gedir, məmurun canı çıxır
Ay camaat, vallah mən heç kimin bostanına daş atmaq istəmirəm, özləri məcbur edirlər. Deyə bilərsiniz ki, yenə nə olub belə? Daha nə olmalıdır atam -qadaşım. İki gün- şənbə-bazar oturursan evdə, əsəbdən başın şişir. Su gəlir, qaz kəsilir, qaz gəlir, işıq kəsilir, işıq kəsiləndə su da kəsilir, çünki nasos stansiyaları işıqla işləyir axı. Beləcə, məmurların yarıtmaz fəaliyyətləri üzündən iki günlük istirahətin də zəhrimara dönür. Bazar ertəsi işə getməyə çıxırsan, qapının ağzındaca, əsəblərin yenə ərşə qalxır. Görürsən ki, qapının ağzını qaz, işıq, su idarələrinin əməkdaşları kəsdirib- pul tələb edirlər. Deyirsən ki, ay qardaş, bu qaz, su, işıq normal gəlir ki, məndən də pul tələb edirsiniz?
Cavab verirlər ki, "bu bizlik deyil, nə işlətmisən onu da ödəməlisən. Biz təhcizat işlərinə baxmırıq, gedin onlardan şikayət edin". Bax belə, bizdə işi biri görür, pulu bir başqası yığır. İşləyən də deyir get, kimə pul vermisən, ondan da iş tələb elə.
Mən hələ bələdiyyələrdən danışmıram. Guya ki, bu yeril idirəetmə orqanıdır və onları da həmin vəzifəyə mən seçmişəm. Yaxşı belədirsə, nə üçün onlar məni, mən də onları tanımıram. Adam tanımadığı birisini də özünə rəhbər seçərmi? Ən maraqlısı da odur ki, bu insanları biz seçmədiyimiz kimi, onların hansı işləri gördüklərini də bilmirik. Daha doğrusu, onların heç bir fəaliyyətlərin yaşadığımız ərazidə hiss etmirik. Onlar da ancaq pul yığandan-yığana həyətlərdə peda olurlar. Ancaq həyətlədə qışda palçıq dizə çıxanda, yayda toz-tozanaqdan həyət-bacada oturmaq mümkün olmayanda onları əlində çıraqla axtarsanda tapa bilməzsən.
Bu günlərdə, bir tanışım deyir ki, oğlum məktəbdə təmayüllü sinifə düşüb, ancaq həmin sinifdə onu maraqlandıran fənlər yoxdur. Məktəb direktoruna mürəciət edib ki, uşağın sinifini dəyişsin. Direktor iki ayağını bir başmağa dirəyib ki, "dünya dağıla, belə şey ola bilməz". Sonradan işlər "qaydasına" düşüb. Camaat, siz bilən məktəb direktorunun vəzifəsi nədir, məktəblərdə təmayüllü siniflər nə üçün yaradılır.? Mənə belə gəlir ki, dövlət əlavə xərc çəkir, məktəblərdə xüsusi siniflər yaradır ki, təhsilin səviyyəsi və keyfiyyəti artsın, yəni uşuq özünün maraq göstərdiyi fənlər üzrə daha mükəmməl təhsil ala bilsin. Direktorun da vəzifəsi, dövlətin qarşıya qoyduğu bu proqramın həllinə şərait yaratmaq və ona nəzarət etməkdir. Onu daha da çətinliyə salmaq yox.
Lakin çox təəssüflər olsun ki, hansısa "maraqlar" üzündən bəzi direktorlar vəzifələrini unudur, dövlətin təhsilə diqqətini görməzdən gəlir. Bildiyiniz kimi, bu yaxınlarda ondan çox məktəbin direktoru işdə yol verdikləri nöqsanlar görə vəzifələrində uzaqlaşdırılıb. Görünür, kimlərəsə güvənən bəziləri üçün bu, dərs olmayıb.
Bildiyiniz kim, bir müddət əvvəl dövlətimizin başçısı pensiyaçıların həyat və yaşam tərzinin yüngülləşdirilməsi məqsədi ilə, 6 il pensiya alan və işləyən pensiyaçıların 2006-cı il 1 yanvar tarixindən yığılan məbləğin 10 faizinin onların pensiyalarına əlavə olunması ilə bağlı sərəcam imzalayıb.
Lakin çox təəssüflər olsun ki, prezident İlham Əliyevin bu hümanist addımı da, bəzi məmurların özbaşınalıqları səbəbində pensiyaçılar üçün başağrısına çevrilib. Keçmiş nazir Səlim Müslümov iddia edirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi demək olar ki, tamamilə elektron xadmət üsuluna keçdiyindən, burada məmurların insanlarla təmas imkanları 0 endirilib. Buna görə də, məmurların hansısa qanunazidd əməlləri həyata keçirmək imkanları yoxdur. Lakin sonradan aydın oldu ki, ölkəmizdə ən çox korrupsiyaya uğrayan nazirliklərdən biri də, məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Səlim Müslümov da "uğurlu pensiya islahatları"nın müəllifi kimi görəvindən götürüldü. Ölkə əhalisinin ən həssas və köməyə ehtiyacı olan qrupu kimi pensiyaçılar da, yeni nazir təyinatını böyük məmnunluqla qarşıladılar. Lakin, görünəni odur ki, nazirlər dəyişsə də, nazirliklərdə heç nə dəyişmir. Bəlkə də, nazirliyin idarəçiliyində, nazirlikdaxili idarəetmədə müsbətə doğru hansısa işlər görülüb. Lakin ümumilikdə pensiyaçılara münasibətdə demək olar ki, heç nə dəyişməyib.
Məsələn, yuxarıda qeyd etdiyim pensiyaların artırılması məsələsinə diqqət yetirək. Birincisi, əgər pensiyaçı işləyirsə, deməli, dövlət sosial müdafiə fonduna pul keçirir. Dövlət sosial müdafiə fonduna pul keçirirsə, ondan əmək kitabçasının surətinin tələb olunması hansı məntiqə sığır? İkincisi, əgər pensiyaların artırılması haqqında prezidentin sərəncamı varsa, əlavə olaraq pensiyaçıdan pensiyasının artırıması üçün ərizənin alınması nə deməkdir?
Mənə belə gəlir ki, adıçəkilən nazirlik prezidentin sərəncamını əlində dəstək tutaraq, pensiyaçının onlara müraciət etməsini gözləmədən, onun pensiyasını artıra bilər, əslində belə də olmalıdır. Bu gün bizim qeyd etdiklərimizin və gördüklərimizin isə bir adı var, insanların əsəbləri ilə oynamaq, süründürməçilik.
Mən Səlim Müslümovun idarəçiliyi dövründə bu nazirliyin, eləcə də Dövlət Sosial Müdafiə Fondunun pensiyaçıların başına gətirdikləri oyunlardan, orada baş verən süründürməçilik hallarından çox yazmışam. İstəməzdim ki, yenidən bu mövzuya qayıdım. Yeni nazir Sahil Babayevə inamım da çox güclüdür. Onun prezident İlham Əliyevin qarşısına qoyduğu vəzifələri yerinə yetirə biləcək və etimadını doğruldacaq bir kadr olduğunu düşünürəm. Mənə belə gəlir ki, bunun üçün nazirin mətbuatla daha yaxından əməkdaşlıq etməsi lazımdır.