Güzəştlər
nə üçündür?

 

Korrupsiya dəyirmanına su tökən imtiyazlar...

 Politologiya elmində "güzəşt" anlayışı xüsusi əhəmiyyətə malik termin kimi qəbul edilməsə də, müasir dönəmdə siyasətçilər bundan ictimai rəyin monipulyasiyası üçün geniş istifadə edirlər. Güzəştlərin xeyirindən bəhrələnənlər əsasən inkişaf etməkdə olan və "üçüncü dünya" ölkələrinin siyasətçiləridir.

Məsələn, bir neçə ay əvvəl Türkmənistan haqqında bir video-çarxı seyr etdim. Video-çarxın əsasıni türkmən hökumətinin vətəndaşlara verdiyi imtiyazlar təşkil edirdi. Vurğulanırdı ki, hər bir türkmənə gündə bir çörək, duz, və s. ucuz ərzaq məhsulları, yanacaq, elektrik enerjisi və təbii qaz pulsuz verilir, bütün kommunal xidmətlərin xərcini dövlət ödəyir və s.

İlk baxışdan bizə elə gəlir ki, türkmənlərə dövlət bu qədər qayğı göstərirsə, onların heç bir problemi yoxdur. Lakin beynəlxalq araşdırmaçıların tədqiqatları nəticəsində bəlli olanda ki, bu "qayğıkeş" hökumət həmin güzəştlərin kölgəsində dövlət büdcəsini talayır, vətəndaşlara verilən güzəştli çörəyin birini 10 dollardan sənədləşdirir, onda fərqinə varmaq lazım gəlir: burada türkmənlər daha çox udur, yoxsa onların hökuməti?

Türkmənistandan misal gətirməyim elə təsəvvür yaratmasın ki, qalan ölkələr, o cümlədən də Azərbaycan belə hallardan xalidir, əsla yox. Sadəcə, Türkmənistanda bu fakt beynəlxalq səviyyədə təsdiqləndiyinə görə, onu önə çəkirik. Tarif Şurasının tək bircə güzəşt qərarının altındakı korrupsiyanı aşkarlamaq bütün məsələlərə aydınlıq gətirə bilər.

Ölkəmizdə güzəştli sahələrdən biri məişət tullantılarının daşınması və  zərərsizləşdirilməsidir. Bu xidmətə görə, əhali qrupu güzəştə malikdir - hər bir vətəndaş bərk məişət tullantılarının yığışdırılması və zərərsizləşdirilməsi üçün ayda cəmi 30 qəpik ödəyir. Qalan xərclər isə dövlət büdcəsindən ödənilir.

Hesablamalara görə, əslində vətəndaş bu xidmətə görə adambaşına 3 manat ödəməlidir. Bakı şəhərində təxminən 4 milyon əhalinin yaşadığını nəzərə alsaq, deməli, dövlət büdcəsindən hər ay bu sahəyə 11 milyon manat vəsait ayırılır. Əldə etdiyimiz məlumata görə, 2014-cü ildən bəri sözügedən xidməti həyata keçirən dövlət orqanlarına bu vəsait ümumiyyətlə verilmir. Bakı Şəhər Kommunal Xidmətlər idarəsi əhali qrupunun tullantılarını kommersiya obyektlərindən əldə edilən vəsait hesabına daşıyır. Onda bəs büdcədən ayrılan milyonlar hara, kimin cibinə axır? Məqsədim bu suala cavab tapmaq yox, güzəştlərin altında yatan korrupsiya "koruseli"ni oxuculara göstərməkdir.

Əslində, güzəştin alternativi var. Məsələn, əhalinin sosial vəziyyətini nəzərə alaraq, kommunal xidmətləri ödəməkdə ona kömək etmək istəyiriksə, bunun müqavilində kommunal xidmət idarələrinə deyil, vətəndaşa dövlət büdcəsindən yardım etmək olar. Bu praktika həm post-sovet ölkələrində, həm də Avropanın kasıb ölkələrində var. Bu variantda dövlət məmurlarının korrupsiya maşını qurmaq imkanları sıfra bərabərləşir.

İstənilən güzəşti bu qayda ilə təhlil etsək, görərik ki, onlar vətəndaşdan, cəmiyyətdə çox hökumətə - onun korrupsiya maşınına xidmət edir. Digər tərəfdən, güzəştlər sosial ədalətsizliyin bir təzahürü kimi özünü göstərir. Hər hansı bir xidmət cəmiyyətin bir qrup üzvlərinə olar, digərlərinə isə olmaz... Bu, açıq-aydın ədalətsizlik görüntüsü yaradır və cəmiyyətdə bir növ, ədalətsizliyi təbliğ edir. Hətta, yanğınsöndürənin, təcili tibbi yardımın belə, yol hərəkətində güzəştlərə malik olmasının əleyhinəyik - onlar üçün xüsusi yol zolağı ayırmaq olar, orada hansı sürətlə istəyirlər hərəkət etsinlər. Amma ümumi yolda işıqforun qırmızı işığında dayanmaq hamıya aid olmalıdır. Ona görə də, fikrimizcə, dövlətin idarə edilməsində mümkün qədər güzəştləri aradan qaldırmaq, onları alternativ üsularla və fərdi yanaşmalarla əvəz etmək lazımdır.

Azərbaycanda zaman-zaman həyata keçirilən daimi və birdəfəlik güzəştlərin istəniləni götürüb təhlil edə bilərsiniz - bütün güzəştlər məmurların korrupsiya "ağacının budaqlarıdır". Təkcə bu səbəbdən, cəmiyyət güzəştlərə "yox" deməli, vətəndaşların hüquq bərabərliyi prinsipinin bərqərar olmasını tələb etməlidir.

0.1504180431366