Pambıq istehsalı aqrar sahəni iflic etməkdədir
Bu il ölkəmizdə qeyri-adi yay mövsümünü müşahidə etməkdəyir. Adətən ölkə əhalisinin əksəriyyətini təşkil edən, məhdud imkanlı insanlar yay mövsümünün gəlməsini arzulayırlar ki, xərcləri bir qədər azalsın. Lakin bu il yay gəlsə də, yuxarıda qeyd etdiyimiz təbəqədən olan insanlar heç də sevinmək imkanı qazana bilmədi.
Çünki tərəvəz və digər bostan bitkilərinin qiymətləri bazarda od tutub yanır desək, yanılmarıq. İnsanlar isə əzən bir tərəfdən yayın anomal istiləri, digər tərəfdən isə bostan bitkilərinin alışıb yanan qiymətləridir. Hər il 15-20 qəpiyə olan qarpız bazarda 60 qəpiyə təklif edilir. Bu əvvəlki illərdə qarpızın nubar qiyməti olardı. İndi hamını bir sual düşündürür - nə üçün yayda bostan bitkilərinin qiyməti bu qədər bahadır, bu anormallığın qarşısını almaq üçün bir vasitə varmı?
Bu gün bütün cəmiyyəti maraqlandıran bu sualların çox sadə cavabları var. Əvvala, bu cür mövsümi bitkilərin bolluğu və ya qıtlığı ilin iqlim şəraitindən asılıdır. Bu il isə təxminən 20 gün müddətində davam edən anomal istilər bostan bitkilərinin vegetativ inkişafına mənfi təsir göstərdi və nəticədə bitkilərin əksəriyyəti xəstəlikdən yanıb məhv oldu. Yəni birinci səbəb tam obyektivdir və onun qarşısını almaq mümkün deyil. Lakin təbii hadisənin qarşısını almaq mümkün olmasa da, ondan sığortalanmaq metodları mövcuddur.
Belə ki, bu cür hallarda həm ölkə əhalisinin xərclərinin yüksəlməməsi, həm də, fermerlərin perespektiv planlarında çaşqınlıq yaranmasının qarşısını almaq məqsədilə hökumət bazarı tənzimləməlidir. Yaxşı olar ki, bu tənzimləmə mexanizmi birdəfəlik qurulsun və ildən-ilə inkişaf etdirilsin. Tənzimləmə mexanizmi ondan ibarət olmalıdır ki, dövlətin müvafiq orqanları mütəmadi olaraq bazarları və kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq potensialını nəzarətə götürməlidirlər. Əgər bazarda hər hansı bir məhsul qıtdırsa, bazara kənardan lazımı qədər məhsul cəlb edilməlidir ki, qiymətlər sabit qalsın. Yaxud bazarda məhsul boldursa, onun artıq hissə hökumətin təşəbbüsü ilə vaxtında bazardan çıxarılmalıdır ki, məhsulun qiyməti aşırı dərəcədə ucuzlaşmasın. Belə olan halda nə vətəndaşlar ciddi zərərə düşmür, nə də fermerlər.
Builki kimi bir sıra tərəvəz və digər bostan bitkiləri bahalaşanda həm əhalinin sosial vəziyyətinə, ailə büdcəsinə zərər dəyir, həm də fermerlərdə çaşqınlıq yaranır. Bu il qarpız baha olubsa, kortəbii, tənzimlənməyən bazarda gələn il mütləq qarpız su qiymətinə olacaq. Çünki mexaniki düşüncəyə malik fermerlərin hamısı çox qazanmaq arzusu ilə geniş sahələrdə qarpız əkəcək. Bu tendensiyanın qarşısını almaq üçün hökumət ölkədə geniş şəkildə becərilən bütün kənd təsərrüfatı məhsullarının tənzimlənməsini həyata keçirməlidir.
Yuxarıda qeyd etdiklərimiz problemin bir tərəfidir. Problemə digər baxış bucağından nəzər saldıqda, yəni konkret builki bahalaşmanın əsas səbəbini axtarsaq, görərik ki, yenə səbəb aqrar sahədə dovlət siyasətinin düzgün qurulmamasıdır. Ölkənin kənd təsərrüfatına yararlı sahələrinin böyük əksəriyyəti bazarı olmayan, fermerlərə heç bir divident gətirməyən pambıq tarlalarının altındadır. Bostan-tərəvəz bitkiləri isə məhsuldarlığı az olan sahələrdə əkilir. Digər tərəfdən, pambıq enliyarpaq bitki olduğundan yayda suya tələbatı çox olur.
Hökumət rambığı strateji məhsul elan etdiyi üçün inzibati qrumlar ilk növbədə onun suvarılması məsələsini vacib sayır. Belə olan təqdirdə bostan bitkiləri susuzluqdan yanıb məhv olur. Ölkədə pambığın inzibati vasitələr gücünə kütləvi becərilməsi hətta, heyvandarlığa da ciddi zərbə vurub. Belə ki, son 2-3 ildə ferma və yem bitkiləri altında olan torpaqların böyük əksəriyyəti pambıq tarlalarına çevrilib. Bu isə ölkədə ət istehsalının azalmasına səbəb olub. Nəticədə həm ətin qiyməti 30-40% bahalaşıb, həm də ölkəyə ət idxalı iki dəfəyə qədər artıb.
Fikrimizcə, hökumət aqrar sahənin inkişafında inzibati vasitələrdən istifadəyə son qoymalı, fermerin hansı məhsulu əkəcəyinə qərar verməsi onun öz ixtiyarında olmalıdır. Hökumət yalnız fermerin seçdiyi seqment üzrə inkişaf etməsinə dəstək olmalıdır. Yalnız ölkə üçün həyati vacib olan məhsulları strateji məhsul kimi elan edib stimullaşdırıcı vasitələrlə fermeri yönəltmək olar, lakin burada da inzibati üsullar yolverilməzdir. Hal-hazırda ölkədə pambıq elə bir strateji məhsul sayılır ki, hökumət onun inkişafı üçün bütün aqrar sahəni qurban verməyə hazır görünür. Axı nə üçün? Azərbaycanda pambıq istehsalının inkişafı hansı cəhətdən vacibdir? Bu məhsul Azərbaycan iqtisadiyyatında emal edilərək istehlak əmtəəsi kimi bazara belə daxil olmur.
Hətta, dünya bazarında Azərbaycan pambığı çox aşağı qiymətə satılır, çünki aşağı keyfiyyətə malikdir. Düzdür, bir sıra korporativ maraqlar mövcuddur, amma ölkə iqtisadiyyatını hansısa bir qrup insanların maraqlarına qurban vermək sonda hərtərəfli uğursuzluğa gətirib çıxarır.