Xalqı aşağılayan məmur, qanunlardan
və xalqın qəzəbindən qoxsun!
Dünən Gəncə şəhər icra başçısına qarşı törədilən sui-qəsd Azərbaycan cəmiyyətinə son günlərin ikinci şokunu yaşatdı. Elmar Vəliyevə Allah şəfa versin, mənim toxunacağım məsələ konkret ona aid deyil, ümumiyyətlə məmur və siyasətçilərin hamısına şamil edilən faktordur.
Yadınızdadırsa, bir neçə gün əvvəl ölkə parlamenti icra başçılarına silah gəzdirmək səlahiyətini verən qanunu müzakirə etdi. Bu onu deməyə əsas verir ki, cəmiyyətdə icra başçılarına qarşı təhdid və təhlükənin artdığını, artıq hökumət də görür və bunun qarşısına almaq üçün tədbirlər həyata keçirmək istəyindədir. Amma, sözügedən tədbir cəmiyyətdən gələn təhlükənin qarşısını almaqda çox acizdir və qeyri-adekvatdır.
Hamıya bəllidir ki, icra başçıları rəsmi və ya qeyri-rəsmi olaraq cangüdənlər saxlayır, hətta onları silahla belə təhciz edirlər. Buna baxmayaraq, icra başçısına qarşı sui-qəsd halları qeydə alınır, hətta son olayda cangüdənin özü də ağır yaralanıb. Bu artıq ümumi bəlaya çevrilib, sabah növbəti qurban kim olacaq, icra başçısımı, komitə sədrimi, nazirmi?.. Bu tendensiyanın qarşısını almağın, əlbəttə, alternativ variantları var, lakin bunun üçün xeyli zəhmətə və zamana ehtiyac var.
Qərbi Avropa siyasətşünaslığında, artıq atalar sözünə çevrilmiş bir deyim var: "Siyasətçini və ya məmuru cangüdənlər yox, ictimayi rəy qorumalıdır".
Başqa sözlə desək, məmur vətəndaşa xidmət edən, onun daha yaxşı yaşaması üçün çalışan bir persona olmalıdır ki, onu xalq sevsin və qorusun. Belə olan halda məmuru xidməti işinə görə heç bir terror təhdid edə bilməz, hətta, onun haqqında cəmiyyətdə formalaşmış rəy ona qarşı digər zəmində baş verəcək təhdidləri belə arxa plana atar. Çünki xalqa xidmət edən məmura qarşı hər hansı bir terror və ya təhdid reallaşdırmaq istəyən şəxs qarşısında xalqı görür və bu işdən ya çəkinir, ya da xalq və ya vətəndaş cəmiyyəti tərəfindən ifşa edilir.
Azərbaycanda isə çox təəssüflər olsun ki, xalqa xidmət edən məmur tapmaq müşkül məsələdir, bu ölkədə məmurlar konkret olaraq vətəndaşa xidmət etmək əvəzinə onu istismar edirlər. Özü də nümayişkaranə şəkildə, göynədə-göynədə istismar edirlər, hətta bəzi hallarda bu təhqir və alçaltma həddinə qədər çəkir. Məsələn, Zaqatala rayonunda Məzahir Əhmədzadə adında bir şəxs icra hakimiyyətinin başçısıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, bir müddət əvvəl bu yerli padişah, rayonun əsasən azsaylı xalqların nümayəndələri olan avarların yaşadığı Makov, Yolayrıc kəndlərində guya əhali ilə görüş keçirib. Yerli sakinlərin məlumatına görə, bu özündənrazı padişah, insanlara bir kəlimə söz demək imkanı belə verməyib. Kim ağzını açıbsa, ağzında vurub, hətta təhqir belə edib.
Sakinlərin sovet dönəmindən bəri təmir üzü görməyən yolların bərbad vəziyyətdə olması barədə şikayətlərinə isə əsl Azərbaycan məmurusayağı cavab verib: "mən buraya BMV ilə gəlmişəm, gördüyünüz kim heç bir narahatlığım da yoxdur", əhsən, belə məmurdan kim inciyər. Bu sadəcə, bir epizoddur.
Məmurların sadə insanlara münasibətini xarakterizə edən bir epizod. Bu səbəbdən də cəmiyyətdə baş verən hər hansı bir anormallığa etiraz edən vətəndaş məmur üçün potensiyal düşməndir, vətəndaş da öz növbəsində məmura güvənmək əvəzinə, ən azı özünü ondan qorumaq immunteti barədə düşünür. Lakin bəzən də məmurlar insanların heysiyyatına toxunur, vətəndaşa aşağı kateqoryalı insan kimi baxaraq onu təhqir edir, hətta namusuna belə toxunmaqdan çəkinmir. Bunu isə orta statistik azərbaycanlı qəbul etmir və çıxış yolunu terrorda görür.
Mən əsla, sui-qəsdlərə, terrora haqq qazandırmaq niyyətində deyiləm, lakin bu barədə kimlərəsə güvənərək insanlara qanudduran məmurlar özləri də düşünməlidirlər. Dövlət onlara yüksək təminat, böyük səlahiyyətləri ona görə verməyib ki, onlar xalqı təhqir etsinlər, alçaltsınlar. Bu kimi hallara yol verən məmur, ən azından onu həmin vəzifəyə təyin edən prezidentin, "məmurun vəzifəsi xalqa xidmətdir" tövsiyyəsini unutmamalıdır. Bunun üçün isə hər bir məmur xislətində olan ağalıq hikkəsindən əl çəkərək, xalqına xidməti daha üstün tutmalıdır. Əks təqdirdə, təhqir olunan və alçaldılan insanların qəzəbindən qurtulmaq çox çətin olacaq.