"Bu gün axşam,
yaxud səhər tezdən su
təminatı bərpa ediləcək"
Ötən il "Şollar" su kəmərinin 100 illiyini qeyd edəndə Qorxmaz Hüseyinov qorxub-çəkinmədən dedi ki, artıq paytaxt Bakının su probleminin həllindən 100 il ötür, indi biz su təminatını daha yüksək səviyyədə təmin edirik.
Tədbirdə ön sırada əyləşdiyim üçün sədrin sifət mimikasını aydın sezirdim. O mimikanı seyr etdikcə. düşünürdüm ki, yəqin Masazır qəsəbəsi Bakı şəhərinə aid olmadığından Qorxmaz müəllim belə ürəklə danışır. İmkan tapıb səhimdar cəmiyyətin mətbuat xidmətinin şefi Anar Cəbraillidən bu barədə soruşdum. Hörmətli həmkarım konkret cavab verdi ki, bizim Masazırda problemimiz yoxdu. Əlim üzümdə qaldı, Anar müəllim, indi məmur olsan da, axı mən səni reallığı qiymətləndirən bir həmkar kimi tanıyıram, nə tez acı yalanı qızarmadan danışmağa vərdiş etdin?
Artıq bir həftədir ki, Masazır qəsəbəsinin müxtəlif ərazilərində, o cümlədən də Nizami Gəncəvi küçəsində su yoxdur. Yenidən Anar müəllimlə əlaqə saxlamaq məcburiyyətində qaldıq, "Yenə həmin xətt, həmin koordinat - "Bizim Masazırda problemimiz yoxdur". Bəli, ola bilsin ki, Masazırda "Azərsu"yun problemi yoxdur, əvəzində əhalinin ciddi su problemi var. Yayın cırhacırında həftələrlə susuz qalmağın nə demək olduğunu təsəvvür etmək heç də çətin deyil.
Bunu yalnız susuzluğun acısını yaşayan Masazır qəsəbəsinin sakinləri daha dəqiq ifadə edə bilərlər. Abşeron rayonunun Masazır qəsəbəsinin N. Gəncəvi küçəsində yaşayan Vəli Rəhimov bizimlə söhbətində dedi ki,
"Azərsu" yay gələn kimi bizim üçün Yezidə çevrilir, həftələrlə su üzünə həsrət qalırıq: "Mən bir məsələdən şübhələnmişəm. Qəsəbədə su maşınları peyda olandan bir gün sonra su kəsilir. Bizim üçün çox maraqlıdır, su daşıyan maşınlar bir gün əvvəldən suyun kəsiləcəyini haradan bilirlər? Artıq qəsəbədə belə bir söz-söhbət gəzir ki, maşınlar 30 manata gətirdikləri bir çən suyun 10 manatı "Azərsu" məmurlarının cibinə gedir. Bu səbəbdən də, suyun nə vaxt kəsiləcəyi barədə operativ məlumat bir gün əvvəl su mafiyasına ötürülür".
Amma, biz belə ehtimal edirdik ki, hörmətli "Azərsu" yetkililəri xoş məramla - əhalinin maşınlarla daha yaxşı təmin edilməsi üçün - suyun kəsilməsi barədə məlumatı su daşıyan maşınlara çatdırırlar. Lakin səhimdar cəmiyyətinin rəsmiləri inkar edirlər ki, onların su daşıyan maşınlarla heç bir əlaqəsi yoxdur.
Yuxarıda qeyd edilən konkret ünvanda və digər ərazilərdə su təminatının nə vaxt bərpa olunacağı barədə sualın cavabı da artıq şablonlaşıb: "Hal-hazırda təmir işi davam edir, bu gün axşam, yaxud səhər tezdən su təminatı bərpa ediləcək".
Masazır əhalisi artıq bu şablon cavabları həfətələrdir eşidirlər və su maşınlarına pul xərcləməyə bir növ adətkar olublar, bəlkə, elə belə də olmalıdır? Yüz ilini tamtəraqla qeyd edən, bunun müqabilində heç bir iş görmədən, yalan vədlərə və pafoslu çıxışlarına görə ənam alan "Azərsu" yetkililəri görəsən, "...Bakının su problemini daha yüksək səviyyədə təmin edirik..."-deyəndə hansı hissilər keçirirlər. Onlar 40-45 dərəcə istidə susuzluqdan əziyyət çəkən minlərlə insanı heç düşünürlərmi, əcaba?
Və sonda onu da qeyd etmək məcburiyyətindəyəm ki, hansısa bir məmurun qabiliyyəti varsa, jurnalist ola bilər, lakin çox təəssüflər olsun ki, məmurların köləsinə çevrilən bəzi jurnalistlər yaxşı məmur ola bilmirlər. Çox təəssüf!