"Başkəsən" pambığımız

 

Pambıq istehsalına son qoyulmalıdır

 Artıq bir aya yaxındır ki, ölkənin aran rayonlarında pambıq "baş kəsir", desək yanılmarıq. Kütləvi zəhərlənmələr ara vermir, kəndlərdə evinə bir tikə çörəkpulu aparmağa çalışan qadınlar zəhərlənərək xəstəxanalara yerləşdirilir, gündə 10 manat qazanmaqdansa, 100 manat xərcə düşürlər.

Ölkədə səhiyyənin vəziyyəti isə elə bir durumdadır ki, vətəndaşlara qanunda nəzərdə tutulduğu kimi, pulsuz xidmət göstərilmir, ya zəlzələdən, ya vəlvələdən, bu reallıqdır, pulun olmasa, səni heç bir həkim müayinə və müalicə etməyəcək. Beləcə, bir tikə çörəyə möhtac vətəndaşlarımız çıxılmaz duruma düşür. Axı buna səbəb nədir?

Səbəblər çox rəngarəng və müxtəlifdir. İlk növbədə ondan başlayaq ki, pambıq bitkisi Azərbaycan torpağına və iqliminə uyğun olmayan texniki bitkidir. Bu səbəbdən də onun ölkəmizdə yetişdirilməsi baha başa gəlir. Məsələn, götürək elə pambıq tarlalarında pambıqçılırın zəhərlənməsinə səbəb olan pestisitlərin tətbiqini. Azərbaycanın münbit torpaq ortüyü alaq otları ilə zəngin olduğundan alaq otlları qarşısında aciz olan bitkilərin bu torpaqda becərilməsi məsləhətli deyil.

Pambığın bu torpaqlarda alaq otlarına qəlib gəlməsi üçün onu azı 3-4 ay becərmək, alaq otlarından təmizləmək lazımdır. Bu isə kifayət qədər zəhmət və əlavə xərc tələb edir. Fermerlər isə öz xərclərini azaltmaq üçün yüksək konsentrasiyalı pestisitlərdən (alaq otlarını məhv edən dərman peraparatları qrupu) istifadə etmək məcburiyyətində qalırlar.

Lakin bizim torpaqlar aşırı münbitliyə malik olduğundan pestisitlərdən dərhal sonra, dərman səpilənə qələr hələ cücərməyən toxumlar inkişaf edir və alaq yenidən qalxmağa başlayır. Belə halda fermerlər tarlaya işçiləri vaxtından tez, pestisitlərin canlıya təsir müddəti ötməmiş çıxarır və nəticədə kütləvi zəhərlənmə halları baş verir. Bu o deməkdir ki, biz pambığı Azərbaycanda zor gücünə yetişdiririk. Axı nə üçün, bu bizə vacibdirmi? Bu suala cavab tapmaq üçün isə ciddi araşdırmaya ehtiyac duyulur.

Əvəzində biz bu torpaqlarda yem bitkiləri, taxıl, arpa, yonca, vələmir, qarğıdalı və s. əksək onların alaq otlarından təmizlənməsinə qəti ehtiyacı yoxdur. Bu bitkilər öz vegitatif inkişaf dövrü ərzində alaq otlarından daha sürətli inkişafda olur, onları həm Günəş işığından, həm də torpaqdakı qida ehtiyatından məhrum edərək öldürür. Yonca aprel ayında biçildikdən sonra sahədə bir dənə də olsun alaq otu tapmaq mümkün olmur.

Yəni, bizim torpaqlar əsasən yem bitkilərinin becərilməsi üçün ixtisaslaşmalıdır, bu bitkilər bizim torpaq örtüyünə və iqlimə daha münasibdir. Bunun da əsasında yerli sortlardan ibarət heyvandarlığı inkişaf etdirməliyik. Məsələn, Azərbaycanın aran rayonlarında yetişdirilən ətlik iri və xırda buynuzlu heyvanların əti bütün dünyada brendə çevrilə bilər. Çünki yerli sortların əti insan sağlamlığı üçün vacib olan elementlərlə zəngin və xüsusi dada malikdir.

Ölkəmizdə yetişdirilən pambıq isə tam əksinə, dünyanın ən keyfiyyətsiz məhsuludur. Azərbaycan pambığının bir tonundan çıxan lif Özbəkistan pambığının 200-300 kiloqramından, Misir pambığının 200-400 kiloqramından, Meksika pambığının isə 150 kiloqramından çıxır. Elə isə dünya bazarında bizim pambığı hansı keyfiyyətinə görə alsınlar?

Digər tərəfdən, Azərbaycan pambığı keyfiyyətli məhsul olsaydı, biz onu heç mahlıc kimi ixrac etməzdik. Petroldan qazandığımız pulla qardaş türkiyədən trikataj texnalogiyasını idxal edib, böyük sənaye mərkəzi formalaşdıraraq, dünyada böyük tələbata malik olan trikataj məhsulları istehsal edib satardıq. Lakin Azərbaycan pambığı aşağı keyfiyyətə malik olduğu üçün bu mümkün deyil. Ona görə də Azərbaycanda pambıq istehsalına son qoyulmalı, onun yeri digər kənd təsərrüfatı bitkilərinə verilməlidir.

O ki qaldı sovetlər dönəmindəki təcrübəyə, o zaman pambığın tədarükü ilə məşğul olanlar Azərbaycan pambığının ittifaqdakı "hörmətini" yaxşı bilir. Həmin vaxt sovet hökuməti, sadəcə olaraq əhalinin məşğuliyyətini təmin etmək məqsədilə Azərbaycanda pambıq istehsalını genişləndirirdi. İstehsal edilən pambıq isə Səmərqənd anbarlarında çürüyürdu.

0.15392589569092