Həsrətin vüsalına çatmaq ən böyük nemətdi
Həsrət çəkmək çətindir. Həsrətlə yaşamaq isə ondan da çətindi. Həsrətin vüsalına çatmaq ən böyük, şirindən-şirin bir nemətdi. Bəlkə də həsrətlər bizi-daha çox sevdirir, daha çox yaxınlaşdırır.
13 may 2018-ci il tarixdə bir rayonda doğulan, bir məktəbdə oxuyan, bir məktəbdə şagird ömrü yaşayan bir qurup insanların həsrətinin qovuşan, birləşən vaxtı oldu. Elə həmin gün N.Allahverdiyev adına Beyləqan şəhər 1№-li tam orta məktəbin həyətində canlanma var idi. Bazar günü olmasına baxmayaraq, bir qrup insanlar yəni babalar, nənələr bu məkana toplaşmışdı. Məktəbin qarşısındakı küçəni keçənlər təəccüblə məktəb həyətinə baxıb, buraya toplaşan insanların kim olduqlarını incələmək istəyirdilər. Məktəbin həyətinə toplaşan insanların sayı getdikcə artırdı.
Məktəbin həyətinə daxil olan insanlar biri digəri ilə səmimi görüşüb öpüşürdülər. Hətta bir neçə nənələr, babalar sevinclərindən ağlayırdılar da. Bu hadisəni müşahidə edənlər: "Axı, orda nə olub, nə baş verir?"- deyə, bir-birlərindən soruşurdular. Axı, bu insanlar niyə bu qədər təlaşda, həyəcandadırlar? Bu hisslərin, həyəcanların yaşanması, böyük bir yaşantı, bir həvəs, bir istək idi. Artıq bu insanların ən böyük diləklərindən biri olan, orta məktəbi bitirməklərinin 41 illiyi ilə bağlı görüşmək arzusuna çatırdılar. Bu arzulara çatanlar 1977-ci ilin buraxılışı 10 a sinifinin şagirdləri idi. İndi onların sevinclərinin həddi-hüdudu yox idi. Gözlərindən, ürəklərindən sevinc yağırdı. Budur, uzaqdan 10 a sinifinin sinif rəhbəri Şəfaət Cəfərov göründü. O, yaşlı olduğuna baxmayaraq, öz təravətini, öz şuxluğunu saxlaya bilmişdi.
Keçmiş məzunlardan bir neçəsi ona sarı yeriyib qarşılayıb, görüşdülər. Bundan sonra sinifin bütün şagirdləri sinif rəhbərləri Şəfaət müəllimlə görüşüb, öpüşüb, hal-əhvalını sordular. Bu zaman məktəb zəngi çalındı. Uşaqlıq illərində olduğu kimi babalar, nənələr məktəbə daxil olub, 41 il bundan qabaq bir parta arxasında oturduqları siniflərinə keçdilər. Çox keçmədən sinifdə yenidən bir canlanma, səs-küy qopdu. “Uşaqlar” oturduqları oturacaq üstündə bir-birləri ilə mübahisə etməyə başladılar. Elə ki, Şəfaət müəllim sinifə daxil oldu, hamı sakitcə dayandı. Sinif nümayəndəsi Sədaqət Məmmədov Şəfaət müəllimə: "Şəfaət müəllim, "şagidlər" yer üstündə bir-biri ilə mübahisə edirlər". Şəfaət müəllim "şagird"lərə bir də nəzər salıb dedi:- Siz bir az sakit olun, mən yenidən yerləri müəyyənləşdirəcəm. Çox keçmədən uşaqların hamısı yerbəyer edildi.
Sinif nümayəndəsi dərsdə 25 uşağın iştirak etdiyini bildirdi. Sonra üç nəfərin Rasimin, Arifin, Eyvazın dünyasını dəyişdiyini bildirib, kədərləndilər. Bu zaman "şagird"lər oturacaqlardan qalxıb, bir dəqiqəlik sükutla rəhmətə gedən yoldaşlarını andılar, onlara rəhmət dilədilər. Əvvəldən ssenari üzrə dərsi təşkil edən sinif nümayəndəsi Sədaqət Məmmmədova yeni dərs haqqında məlumat verib söylədi ki, suallara dəqiq cavab verən "şagird"lər kiçik hədiyyələrlə qiymətləndiriləcək.
Verilən suallar həyatı mövzuda, mənalı və hikmətli idi. Sualların çoxunu Oqtay, Akif, Zakir, Elman cavablandırdılar. Qızlardan isə Xalisə, Səyyarə, Gülnar qiymətləndirildi. "Dərs" necə başlayıb, necə qurtardısa, “uşaqlar” bunu hiss etmədilər. Necə ki, məktəb illərində hamı dərs danışmağa can atdığı kimi oldu. Doğrusu, bizim sinifimiz məktəbin ən aktivi idi.
"Dərs" qurtaran kimi maşınlara oturub, Azərbaycan dilbər guşələrindən biri olan Füzuli torpağına getdik. Bu ərazinin füsunkar gözəlliyi və burda yaradılan "Təbriz" şadlıq sarayı, onun ətrafında ailəvi park, banket zalları adamı valeh edirdi. Bizi ilk qarşılayan həmin yerin sahibi Əbülfət müəllim oldu. Bu gözəl insan səmimiliyi, insanlığı ilə fərqlənən bir şəxsiyyətdi. O, bizi banket zalına dəvət etdi. Biz zala daxil olanda musiqiçilər bizi "Məktəb illəri" mahnısının sədaları ilə qarşıladı. Biz oğlanlı, qızlı əl-ələ tutub, içəri daxil olduq. Hamı əyləşdikdən sonra sinif nümayəndəsi, aparıcı S.Məmmədova 41 il əvvəl onların sinif rəhbəri olmuş Şəfaət müəllimə söz verdi. Şəfaət müəllim bu görüşün səbəbkarı və təşkilatçıları olan Gülnar, Sədaqət, Zakir, Akif müəllimə minnətdarlıq etdi. Doğrudan da, 41-ildən sonra ayrı-ayrı regionlarda yaşayan orta məktəb şagirdlərini bir araya toplamaq böyük və gərgin əməkdi.
Sonra musiqiçilər həzin musiqi səsləndirdilər. Ssenariyə əsasən hər bir iştirakçı həyat və fəaliyyəti, ailə vəziyyəti haqqında yığcam məlumat verdi. Doğrusu, bu məlumatların hamısı, müxtəlif və rəngarəng idi. Kimisi əmək fəaliyyətində, kimisi digər sahələrdə fərqlənirdilər. Məclisin başa çatmağına az qalmış "şagird"lər orta məktəbi bitirməklərinin 41-illiyilə bağlı hazırlanan xüsusi tortu kəsib payladılar. Beş saata yaxın çəkən musiqili, ədəbi bədii gecə başa çatdı. Xatirə şəkilləri çəkildi. Sonra qərara alındı ki, orta məktəbi bitirməklərinin 50 illiyi ilə növbəti görüş keçirilsin. Bu fikiri hamı dəstəklədi. Keçirilən görüş əbədiləşdirilib, disklərə köçürüldü. Axşama yaxın keçmiş məzunlar bir-biri ilə xudafisləşib ayrıldılar. Maşınlar bir-bir istirahət parkından uzaqlaşdıqca, mənim də ürəyimi çəkib aparırdı. Çox şükür görüşdürənə, bu günü də gördük. 41-ilin həsrəti vüsalına çatdı.
Asif Cəfərli,
AYB-nin Beyləqan Bölməsinin sədri