Azərbaycan Bayrağı nə üçün
Bakının küçələrində taptanır?

 

Vaqif Əsədov:
"Bayrağın yolun
hərəkət hissəsinə
işlənməsi Formula 1
ilə bağlı tədbirlərin
tərkib hissəsidir"

 

Nigar Arpadari:
"Formula 1 yarışlarına
ev sahibliyi edən bütün
ölkələrdə dövlət
simvolları yerə işlənilir"

Qarşıdan böyük bir bayram gəlir - Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi... Belə mötəbər bayram ərəfəsində qanqaraldan mövzuya müraciət etmək, heç özümə də xoş deyil, amma hər gün gözümüzə girən təzada da dözmək olmur.

Əksər vaxtlar şəhərə Salyan yolu və Nobel prospekti ilə gəlirəm. Prospektin iki hissəsində Azərbaycanın dövlət bayrağının rəmzi rənglərini bayraqda olduğu ardıcıllıqla yola həkk ediblər. Birinci "yola sərilmiş" Azərbaycan bayrağı bizi "Neftçilər" prospektinin "Azneft" dairəsində  qarşılayır.

Bir az öncə "BakuBus" bələdçisinin elan etdiyi "Dövlət Bayrağı Meydanı"nda bayraq görməsək də, "Azneft" dairəsində hər gün saysız-hesabsız şin taptağı altında qalan "bayrabımız" günbəgün solmaqdadır. Ən böyük təzad isə ondan ibarətdir ki, "Azneft" dairəsindəki bayraq şəkli yolun hərəkət zonasında olduğundan yol hərəkəti iştirakçısı olan avtomobillər onu sağa-sola taptalayır, zorba yol polisi isə öz motoskleti ilə bayrağın düz ortasında dayanaraq timsah kimi "ov" marığındadır.

Görün bu yol polisi nə qədər şablon düşüncəyə, küt beyinə malikdir ki, çiyinlərində gəzdirdiyi dövlət rəmzlərindən birinin onun ayaqları altında əks olunduğunun fərqinə belə varmır. Mən inanmıram ki, ingilis, fransız, alman, türk və başqa millətlərdən olan polis, öz dövlət rəmzinin üstündə belə sakit dayansın. Bu Azərbaycan məmurunun imicidir, onların dövlət və dövlətçilik haqqda düşüncələri heç qırxıncı sırada da deyil.

"Neftçilər" prospekti boyunca üç ərazidə yolu Azərbaycan bayrağının ardıcıl rəngləri bəzəyir. Bu təzadlı məqamın səbəbini öyrənmək üçün DYP mətbuat xidmətinin rəhbəri Vaqif Əsədova müraciət etdik. Əvvəl o, bildirdi ki, bu üç rəngin üzərində ay-ulduz yoxdursa, bu bayraq hesab edilə bilməz. Sonradan isə DYP sözçüsü əlavə etdi ki, "Neftçilər" prospekti Formala 1 yarışları çərçivəsində rənglənərək bəzədilib, bu səbəbdən də siz Formula 1 təşkilatçılarından daha aydın informasiya ala bilərsiniz.

Formula 1 yarışmasının mətbuat xidmətinin rəhbəri Nigar Arpadari bizimlə söhbətində bildirdi ki, biz artıq üç ildir Formula 1 başlayana qədər yarışların keçirildiyi küçələri bəzəyirik, dövlət rəmzlərimizi də müəyyən yerlərə çəkirik ki, trekdən onlar görünsün, ölkəmiz tanınsın: "Məsələn, yarışın əsas binasının damına "Azərbaycan" yazılıb, bir çox ərazilərə bayraqlar asılır, o cümlədən də əsas simvolumuz olan Dövlət Bayrağını trasa işləyirik ki, bu canlı yayımda görünsün. Bizim üçün ölkəmizi tanıtmaq son dərəcə önəmlidir, bayraq isə bizim əsas simvolumuzdur. Bu bütün ölkələrdə müşahidə etdiyimiz təcrübədir, qrant-pri keçirən 20 ölkənin hər birində siz yarış keçrən ölkənin dövlət atributlarını, xüsusilə də bayrağının rənglərini görə bilərsiniz. ABŞ-da da bizdəki kimi bayraq treka işlənilir".

Formula 1 sözçüsünün iddialarına əsasən bütün ölkələrin treklərini nəzərdən keçirdik, bəli, doğrudan da dövlət atributları, əsasən də bayraq rənglərindən istifadə edilib, amma heç bir ölkədə bayraq trekin hərəkət hissəsinə işlənməyib. Yalnız Sinqapurda və ABŞ-da trekin neytiral zonalarına, hərəkətin qadağan edildiyi sahələrdə bayraq simvolları yerləşdirilib. Yəni heç bir ölkədə trekin hərəkət hissəsinə dövlət atributu işlənməyib.

Bu məsələnin bir tərəfi, tutaq ki, bu bir Formula 1 ənənəsidir və artıq yarışma 25 gün əvvəl başa çatıb, amma hələ də Azərbaycanın Dövlət Bayrağı Bakı küçələrində ayaqlar altında taptanır. Bunu bir ağlabatan açıqlaması varmı görəsən? Yaxın zamanlarda ölkəmizdə başlayacaq tədbirlərə qatılan əcnəbi qonaqlar bu mənzərəni seyr etdikləri zaman nələr düşünəcəklər, əcəba!?

0.16439414024353