Bu yazını heç kim oxumasın
Ay camaat, mən yenə də dözmədim, görüşünüzə gəldim və bu dəfə tamamiylə fərqli bir mövzu ilə sizin vaxtınızı alacam. Bu mövzu, əslində hamının bildiyi bir gerçəklikdir, reallıqdır və bu səbəbdən də, yazının əvvəlindən təvəqqə etdim ki, bunu heç kim oxumasın.
Bilirsiniz, bizim başbilənlərimiz arasında (deputatlarımız, yaxud məmurlarımız yazmadım, çünki o dəqiqə başlayırlar ki, qərəzçilik edirsən) elə həssas, qəlbiyumşaq insanlar var ki, istəmirəm mənim yazdıqlarımı oxuyub pərişan olsunlar. Çünki yazacaqlarım çox qəliz məsələdir. Oxuyanlar istər-istəməz başlayacaqlar faktları ölkəmizlə müqayisə etməyə, onda da saysız-hesabsız suallar çıxacaq ortaya, cavabsız suallar, başbilənlərimiz onları necə cavablandırsınlar? Lütfən siz deyin!
Əslinə baxanda, bütün bunlar kimə lazımdır axı? Ona görə də, mənim yazdıqlarımı oxumayın ki, pərişan da olmayasınız. O ki qaldı xalqın pərişanlığına, "Millət necə tarac olur-olsun, nə işimiz var".
Mən yazdıqlarımı, sadəcə olaraq işsiz-gücsüz insanların boş vaxtlarını səmərəli keçirmələri üçün yazıram, yəni onları maarifləndirməyə çalışıram. (Bilirsiniz də, Səlim Müslumovun gerçəkləşdirdiyi layihələr üzündən ölkədə demək olar ki, işsiz adam qalmayıb. Hamının başı biznesə elə qarışıb ki, qəzet-zad da oxumağa vaxtları yoxdur. Pensiyaçılar da ki, Dubayda, Antaliyada kefdə-damaqda). Çünki bir çox imkansız, işi-gücü olmayan, avara-sərgərdan gəzən, kompüterdən anlayışı olmayan insanlarımız var ki, dünyada baş verənlərdən bixəbərdirlər və bu səbəbdən də, istər-istəməz pis yola düşürlər. İŞİD-də, MMİŞİ-də lap belə deyək, hətta radikal müxalifətə qoşula bilirlər ki, bu da son nəticədə dövlətimizin beynəlxalq imicinə ciddi zərbə vura bilər.
Ölkəmiz bu gün çox böyük işlərə imza atır, böyük uğurlar əldə edir, bütün dünyanı bürüyən devalvasiya, iqtisadi böhran bizim yanımızdın heç yel də olub keçə bilməz. Ancaq bəzi ağzıgöyçəklər görürsən çıxırlar meydanlara başlayırlar ağızlarına gələn hədyanları danışmağa. Biri deyir, "yağ bahalaşıb", digəri də ona züy tutur ki, "yumurta da bahalaşıb". Elə bil, bu millət ancaq qayqanaq yeyib dolanır, yağın, yumurtanın qiyməti düşən kimi bəxtəvər olacaq.
Mən də deyəsən, ucdan tutub, getdim ucuzluğa. Əsas məsələ də yaddan çıxır. Dedim axı, bu gün yazacağım, daha doğrusu yazmağa çalışdığım yazının, əslinə baxanda Azərbaycana elə də ciddi bir aidiyyəti yoxdur.
Sadəcə olaraq, mənim oxuduqlarımı, bildiklərimi, digərlərinin də bilməsini istəyirəm. Necə deyərlər, adam paxıl olmaz, bir şeyin varsa, başqaları ilə paylaş. Mənim də paylaşmağa bir şeyim olmadığından, bildiklərimi, eşitdiklərimi paylaşmaqla təsəlli tapmaq istəyirəm, vəssalam!
Əlqərəz, bilirsiniz də, Liviya xalqı öz liderləri olan M.Qəddafini təkcə liderlikdən uzaqlaşdırmaqla sakitləşmədi, onu edam etdilər. Bilirsiniz nə üçün? M. Qəddafi öz vəsiyyətində bunu təxminən belə izah edir, Amerika və Qərb məni xalqıma xidmət etdiyim üçün öldürmək istəyir və öldürəcəklər, mənim üçün ən ağır olanı odur ki, məni xalqımın əliylə öldürəcəklər. İndi də gəlin, M. Qəddafi dövründəki Liviyaya nəzər salaq:
-M. Qəddafi Liviyada hakimiyyətə gələn kimi, bu ölkədə fəaliyyət göstərən bütün beynəlxalq korparasiyaları qovub. NATO-nun hərbi bazalarını ölkədən çıxarıb. Müstəqil bir Ərəb dövlətini yaradıb. M. Qəddafinin 40 illik hakimiyyəti dövründə Liviyanın əhalisi 3 dəfə artıb. Uşaq ölümü halları isə 9 dəfə azalıb. Ölkədə orta yaşam həddi 51,5 yaşdan, 74, 5 yaş həddinə qədər artıb. Liviyada M. Qəddafi dönəmində bir litr benzinin qiməti 0,14 sent olub, bu günün məzənnəsilə desək, təxminən 25 qəpik, o dövrün məzənnəsi ilə 10 qəpik. M. Qəddafi dönəmində Liviyada yeni ailə quran gənclərə ev almaq üçün 60 min dollar hədiyyə edilib. M. Qəddafi dönəmində bu ölkədə təhsil və səhiyyə tamamiylə pulsuz olub.
Dövlət hər bir vətəndaşa ildə 1000 dollar dotasiya ödəyib. İşsiz qalan liviyalıya isə ayda 730 dollar ödənilib ki, yaşaya bilsin. Adicə tibb bacısının aylıq maaşı 1000 dollardan çox olub. Hər bir yeni doğulan uşaq üçün dövlət 7000 dollar ödəyib. Şəxsi biznesini qurmaq istəyən hər bir liviyalıya dövlət tərəfindən 20 000 dollar birdəfəlik yardım edilib. Ölkədə adambaşına düşən milli gəlir 14,192 dollar təşkil edib. Tələbələrin xaricdə təhsil alması, təcrübə keçməsi xərclərini də tam olaraq dövlət qarşılayıb.
Ölkədə aztəminatlı ailələrin ucuz qiymətə qida məhsulları ala biləcək maqazalar şəbəkəsi yaradılıb. Eyni zamanda imkanları aşaqı olan xəstələrin pulsuz dərman ala biləcək apteklər fəaliyyət göstərib. Dərmanları saxtalaşdırmaq, yaxud saxta dərmanların satışına görə ölüm hökmü qüvvədə olub. Bu ölkənin vətəndaşları istifadə etdikləri elektrik enerjisinə görə də, pul ödəməyiblər. Ölkədə spirtli içkilərin satışı və istifadəsi qadağan olunub. Avtomobil, yaxud ev almaq istəyənlərə faizsiz kreditlər verilib. Bundan əlavə avtomobil alan liviyalının kredit borcunun 50, azadlıq hərəkatı iştirakçılarının isə kreditini 65 faizini dövlət ödəyib. Bax, Liviya xalqı bütün bunlara görə, öz liderlərini edam etdilər. Sizlərdən bir daha təvəqqə edirəm, bütün bunları ölkəmizlə müqayisə etməyə çalışmayın. Burası analoqu olmayan bir ölkə!
Gəlin başqa bir Ərəb ölkəsinə səyahət edək. Tövbə-tövbə, bu səyahət sözü də hardan girdi ağlıma? Ərəblər məmləkətimizə səyahətə gəlirlər, burada pul xərcləyirlər, biz gedib orada nə xərcləyəcəyik?
Birləşmiş Ərəb Əmirlikləri öz inkişaf səviyyəsinə görə, bu gün bir çox inkişaf etmiş Avropa və Qərb dövlətlərini belə geridə qoyur. Ancaq Azərbaycana çata bilməz. Bu ölkədə də vəziyyət pis deyil. Ölkədə illik minimum əmək haqqı 500 000 dollardır. İllik minimum pensiya isə 180 000 dollar təşkil edir (Yadınızdadırsa, bizdə də aylıq pensiyamız 200 dollar olanda, yəni illik 2400 dollar, cənab Səlim Müslümov bunu tez-tez çıxışlarında xatırladardı, nədənsə son zamanlar səsi çıxmır). Yeni ailə quranlara ev almaq üçün dövlət 60 000 dollar əvəzsiz yardım edir. Bu ölkənin vətəndaşları dünyanın istənilən ali məktəblərində dövlət hesabına təhsi ala bilirlər.
Bu dövlətin baş naziri və vitse-prezidenti, eyni zamanda Dubay Əmirliyinin əmiri Mohəmməd ibn Raşid al-Maktum deyir: "Mən istəyirəm ki, bizim insanlarımız bu gun yaxşı yaşasınlar, bu gün ən yaxşı universitetlərdə oxusunlar. Mən istəyirəm ki, bu gün vətəndaşlarımız sağlam olsunlar, 20 il sonra yox! Hakimiyyətin vəzifəsi insanlara öz arzu və istəklərini həyata keçirmək üçün imkan yaratmaqdır, onları nəzarətdə saxlamaq yox!"
Onu da qeyd edim ki, Birləşmir Ərəb Əmirlikləri dünyanın yeganə dövlətidir ki, burada Xoşbəxtlik Nazirliyi fəaliyyət göstərir.
Dünyada İslam dinin mərkəzi kimi qəbul olunan Səudiyyə Ərabistanında da insanların rifahının yüksəlişi üçün çox böyük işlər görülüb. Bu ərəb olkəsində insanların illik orta əmək haqqı 400 000 dollardır. Burada da pensiyaçılar ildə 180 000 dollar gəlirlə insan kimi yaşaya bilirlər. Burada gənclərə mənzil almaq üçün verilən yardımın məbləği 50 000 dollardır.
Ali təhsilin başa vuran məzuna iş tapana qədər dövlət tərəfində 80 000 dollar yardım edilir.
Hər yeni döğulan uşaqın hesabına dövlət tərəfində 6 000 dollar pul keçirilir.
Bizim keçmiş "böyük qardaşımız" Rusiyada isə vəziyyət uruscadır.Yəni bu ölkədə minimum əmək haqqı 32 000 rubl təşkil edir. Təsəvvür edin ki, bu olkədə deputatların aylıq maaşı 400 000 rubldır. Minimum pensiya 7-10 min rubl. Hər yeni doğulan uşağa görə, dövlət ailəyə 450 000 rubl hədiyyə edir. Təhsil, səhiyyə pulsuzdur. Heç şübhəsiz ki, rus oliqarxlarının idarə etdiyi pullu təhsil və səyiyyə müəssisələri də yox deyil. Rusiyada da, sadə insanların belini qıran kommunal xərclərdir ki, ərəblər bu xərclərdən tam azaddırlar.
Sən demə, postsovet məkanında da əhalinin kommunal xərclərdən azad olduğu ölkə var. Gəlin indi də bu ölkəyə - Türkmənistana səyahət edək, lənət şeytana, nəzər yetirək. Bir çox postsovet respublikalarından fərqli olaraq türkmənlər də kommunal xərclərdən tamamiylə azaddırlar. Bu ölkədə qaz, su və duz pulsuzdur. Bu ölkənin hər bir vətəndaşı ayda 35 kv elektirk enerjisindən pulsuz istifadə edə bilər. Hər bir yük maşınına sahib olan 200 litr, hər bir minik maşınına sahib olan isə dövlətdən 150 litr benzini pulsuz ala bilir.
Və sonda gəlin özümüzü də yadan çıxarmayaq, sonra deyərlər ki, sən necə vətəndaşsan, ərəbdən, rusdan, türkməndən danşırsan, özümüz qarmışıq bir tərəfdə.
Bilməyənlərin diqqətinə, bizim ölkəmizdə minimum əmək haqqı 116 manat, orta əmək haqqı isə 500 manatdan bir qədər çoxdur. Minimum pensiyanın miqdarı isə 110 mantdır. Hər yeni doğulan uşağa görə dövlət ailəyə 90-100 manat hədiyyə edir. Səhiyyə və təhsil də bildiyiniz kimi, "pulsuz"dur. Kommunal xərclər də ki,??? Əlavə şərhə heç bir lüzum yoxdur, məncə.
Sadəcə olaraq, bu yazıda oxuduqlarınızı məmləkətimizlə müqayisə etməyə çalışmayın. Çünki nə əvvəlini tapacaqsınız, nə də sonunu, sadəcə başınız ağrıyacaq.
Mən isə artıq öyrəncəliyəm, nə olacaq-olacaq, qoca kişiyəm, deyinməyimdən əl çəkə bilmirəm, Məşədi İbad demişkən, "adətkarlıq yaman pis şeydir".
P.S. Bu günlərdə eşitdim ki, bir Çinli milyonçu özünün döğulduğu kənddəki bütün daxmaları soküb, yerində müasir villalar tikdirib, həmkəndlilərinə hədiyyə edib. Bir müddət əvvəl də, bir Filippinli idmançı eyni addımı atmışdı. Amma, onların heç biri müsəlman deyil.
Müsəlman hər gün sədəqə verməlidir.
Ərz etdilər:"buna kimin gücü çatar?"
Həzrət buyurdu:"Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq, sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək, yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək, sədəqədir. Salamın cavabını vermək də, sədəqədir"(Məhəmməd s.ə.s.).