Hüquqlarımızın qorunmasında
mətbuat və söz azadlığının rolu
Fikirimcə, söz azadlığı dünyada əvəzolunmaz nemətlərdən biridir. İnsan üçün azad mühitdə yaşayıb, öz fikirlərini sərbəst ifadə etməsindən yaxşı nə ola bilər ki?
Bildiyimiz kimi, hər bir ölkədə onun vətəndaşının hüquq və azadlığının ayrılmaz hissəsi olan söz, fikir, ifadə azadlığı və bunların qədərincə təmin olunması, həmin ölkədə demokratiyanın, demokratik təsisatların hansı səviyyədə olmasının göstəricisidir.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər, azad və müstəqil informasiya vasitələrinə yardım məqsədilə, bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə 3 may gününü "Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü" kimi qeyd etməyi qərara alıb.
Azərbaycanda söz və mətbuat azadlığı tarixinin başlanğıcına nəzər salaq. Mənə belə gəlir ki, Azərbaycanda fikir və söz azadlığının əsasının qoyulmasına təkan verən Azərbaycan Xalq Cümhuriyyətinin seçki kompaniyasında qadınların kişilərlə bərabər səs vermək hüququnun tanınması, onların eyni zamanda dövlətin ictimai-siyasi həyatında təsiredici qüvvəyə malik olması idı.
Təbii ki, insan hüquq və azadlıqlarının təmin olunmadığı bir şəraitdə hansısa ifadə, söz azadlığı barədə fikir söyləmək çox çətindir. Yaxin Şərq folklor janrının banisi, hazırcavablıq və yuksək intellekt simvolu sayılan Bəhlul Danəndə demişkən:- "Bal ilə şorun qiyməti eyni olan yerdə durma, qaç".
Qaçmaqla iş bitmir. Gəlin görək, azad fikir nədir? Öncə onu qeyd etmək vacibdir ki, azad söz təhqir dolu ifadələrdən ibarət deyil. Azad söz ünvanlı, haklı, sübuta yetirilmiş, təhqirsiz fikirlərdən ibarət olmalıdır. Yoxsa, müəyyən mənbələrə xidmət məqsədilə provokasiya xarakterli, saxtalaşdırılmış informasiyalardan deyil. Bir sözlə, azad fikir böhtan və təhqirdən uzaqdır. Amalı isə, toplumun, cəmiyyətin maraqlarına, rifahının yüksəldilməsinə xidmət olmalıdır.
3 may gününə gəldikdə isə onu təqvimdə xususi bir gun kimi qeyd etməyimizin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi bəllidir-jurnalistlər bir yumruq altında birləşib, məmurlardan, dövlət xadimlərindən onlara hörmətlə yanaşmalarını, onların səsini eşidib, sayıb, hörmət edib dəyərləndirməklərini istəyirlər və bunu, əslində butun dunya xalqları üçün edirlər. Mənfi tərəfi isə odur ki, sual yaranır, məgər azad fikir yürütmək üçün hər-hansı xüsusi təyin olunmuş bir günə ehtiyac var? Söz demək, fikir bildirmək istəyi, məhz ildə bir gun yaranır? Söz azadlığının mövcudluğunun sübutu üçün, 365 gun ərzində bir dəfə xususi təmtaraqla qeyd olunmasının nə mənası var ki?
Düşünürəm ki, dunya bu məhfumun unudulmaması uçun ayrıca bir gun kimi qeyd etməsini böyük nailiyyət hesab etməməlidir. Azadlığın və onun özu ilə gətirdikləri ərmağanların xalqın haqqı olduğunu cəmiyyətə dərk etdirmək, elə ifadə azadlığının qələbəsi deyilmi? Onu kodeksləşdirmək, senzuralarla boğmaq, qanunlarla çərçivələmək olmaz. Azadliq və onu anlayan insan fikirləri heç bir hüdud tanımır. Lakin söz azadlığının gözəlliyi də, məhz bundadır ki, azadlığın təmsilçiləri öz hüdudlarını tanıyaraq bunu etsinlər.
Mənə belə gəlir ki, söz azadlığı 1993-cü ildə Namibiyanın paytaxtında yox, 1893-cu ildə Yeni Zelandiyada ilk dəfə qadinlar ikinci dərəcəli deyil, cəmiyyətin bərabərhüquqlu söz sahibləri kimi elan olunanda, biz özümüz-özümüzə qalib gələ bildik. Bu qələbə sübut etdi ki, əsirlərlə qorxu və təhdid altında saxlamaq istədikləri azadlığı, müstəqil fikir yürütmək hüququnu müəyyən hüdudlarda və çərçivədə sıxmaq mümkün deyil. Düzdür, tarix müxtəlif dövrlərdə torpaqlar uğrunda gedən müharibələrə şahid olub, lakin müstəqil fikir azadlığı ugrunda gedən mübarizə bunlardan kəskin fərqlənir. Ən azından ona görə ki, bu, xeyirin şər üzərində deyil, bir xalqin öz üzərindəki ideya və məfkurə qələbəsi idi. Bu qələbə həm də, ölkəmizin bir cümhuriyyət kimi təsdiqinin adət-ənənəsini formalaşdırdı.
Azərbaycanda tarixin ən vacib qələbələrindən biri də, 22 iyul 1875-ci ildə ölkəmizdə mətbuatın əsasının qoyulduğu gündür. 1861-ci ildə təhkimçilik hüququnun ləğvi kənd təsərrüfatının inkşafına səbəb oldu. Bu faktor öz növbəsində ana dilimizdə ilk mətbuat məcmuasının yaranmasına qismən təkan verdi. Aqrar ölkə üçün maarifləndirmə məqsədilə yaradılan "Əkinçi", sonradan gələcək nəsillərin inkişafında mayak rolunu oynadı. Bəzi məqamlarda tam siyasi xarakter daşımasa da, gələcəkdə savadlı insanların mətbuata marağının yaranmasında onlara dəstək oldu. İnsanları inkişafa, tərəqqiyə ruhlandırdı ki, bu da, az bir muddətdə mətbuata böyük töhfələr verdi. Müasir mətbuatın inkişafı, ugurları, qələbələri də, "Əkinçi"nin qısamüddətli ugurlarının nəticəsidir.
Tarix boyu birlik ugrunda aparılan mübarizədə kimi ər meydanında qilinc oynadaraq, kimi də milləti maarifləndirərək şucaət göstərdi.
Müqəddəs kitabda deyildiyi kimi, -"Nəmrudun əmri ilə İbrahim peygəmbər (ə.s) kafirlərin bütpərəstliyinə iman gətirmədiyi üçün tonqala atilan zaman, ona yardim etmək məqsədi ilə ağzında su aparan qarışqa, bu cəhdinə görə qarğanın gülüşunə və qınağına səbəb olur. Qarışqa isə cavabında -"Sən mənim ali məqsəd ugrunda etdiyim bu cəhdimi anlamazsan",- deyir.
Bəli, son olaraq demək istəyirəm ki, bu gun, fikir, söz və mətbuat azadligi kimi ali məqsəd ugrunda mubarizə aparanların, buna cəhd edənlərin, bu məqsəd ugrunda mücadilə edənlərin günüdür. Fəqət, bunu hər kəs anlamaz, çox təəssüf! Qələbəniz mubarək olsun!