İstənilən senariyə hazırıq, ermənilərin yeganə çıxış yolu... - Açıqlama

 

“Bu gün işğalçı Ermənistan ordusunun 44 günü ərzində darmadağın edib ağır məğlubiyyətə uğradılaraq, ağ bayraq qaldırmağa məcubur edərək, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı möhtəşəm qələbədən 4 il keçir. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə   Azərbaycanın növbəti zəfərlərinin başlanğıcı oldu. Şuşanın azad edilməsindən sonra  Azərbaycan ordusu   qarşısında tab gətirməyin qeyri-mümkünlüyünü  görən Ermənistanın sülh bəyanatı imzalamaqdan başqa alternativ qalmadı. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan Azərbaycanla sülh bəyanatı imzalamalı oldu. İmzalanmış sənədə uyğun olaraq, işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının müharibəsiz işğaldan azad edildi və  bununla da qısa zamanda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu. Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə  dayanıqlı sülh təşəbbüsü ilə çıxış etdi və bununla  bağlı Ermənistan tərəfinə təkliflərini verdi. Lakin Ermənistan sülh bəyanatının müddəalarını yerinə yetirmək əvəzinə, hər zaman olduğu kimi  sənədin müddəalarını kobud şəkildə pozaraq ölkəmizə qarşı  hərbi-siyasi təxribatlarını davam etdirdi. Bu da nəticə etibarı ilə 2023-cü ildə Qarabağda antiterror əməliyyatlarını həyata keçirməyi labüd etdi. Bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində Qarabağdakı  erməni separatçılar və terrorçuların  kökünü kəsib, kitabını birdəfəlik bağladı. Bununla da Azərbaycan öz ərazisində suverenliyini bərpa etmiş oldu”.

Bunu açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputat əlavə edib ki,  Azərbaycanın zəfərləri bununla bitmədi. “Yeni zəfərlərin başlanğıcı  hesab edilən 44 günlük Vətən müharibəsi Azərbaycana yeni-yeni  qələbələr  qazandırmaqdadır. Azərbaycan Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı və bu istiqamətdə işlərə sürətlə davam etməkdədir.  Görülən işlər nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzurda həyat öz əvvəlki məcrasına dönməkdədir.  Artıq  30 ilə yaxın öz ata yurdlarından məcburi didərgin düşümüş vətəndaşlarımız ən müasir şəkildə salınmış yurdalarına dönüb və bu proses  davam etməkdədir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünə əlavə güc qatmaqdadır.  
Azərbaycan uğurları bununla bitmədi. Qazaxın işğal altında olan 4 kəndi bir güllə atılmadan geri qaytarıldı”, - o qeyd edib. 

Deputat onu da əlavə edib ki, bu zəfər həm də dünya erməniçiliyi və erməni havadarları, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olmayanlar üzərində qələbə idi: “Həmin güclər və ölkələr  nə Azərbaycanın qələbəsini həzm edə bilirlər, nə də ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını. Ona görə də davamlı olaraq  Ermənistanı silahlandırmaqla  yeni müharibəyə təhrik etməyə çalışırlar.  Cənab Prezidentin də bəyan etdiyi kimi, həmin ölkələr öz maraqları naminə Ermənistanı yeni faciələrə və fəlakətlərə sürükləyirlər.  Qərb ölkələri tarix boyunca öz maraqları naminə erməniləri öz maraqlarına qurban verənlər, bundan sonra da  qurban verməyə hazırdır.  
Ermənistanın onların məkrli hiyləsinə uyub Azərbaycan qarşı hər hansı revanşist cəhdi və ya təxribatı çox acı sonluqla və fəlakətlə nəticələnə bilər. 
Azərbaycan yeni müharibə istəmir. Bölgədə dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığın marağındadır. Bu məqsədlə də Azərbaycan özü ilk olaraq sülh təşəbbüsü ilə çıxış edərək bu prosesi  çətinliklə də olsa irəliyə aparmaqdadır. Ancaq İrəvan havadarlarının təzyiqi ilə sülhdən yenə də boyun qaçırmaqdadır. Ermənistan tərəfi anlamalıdır ki, sülhdən  yayınmaqla onlar itkidən, növbəti faciədən, acıdan, məğlubiyyətdən  başqa heç nə qazanmayacaq. Çünki Azərbaycan istənilən senariyə hazır vəziyyətdədir. İstənilən cəhd  indiyədək olduğu kimi bundan sonra da uğursuzluğa düçar olacaq.  Ən azından Ermənistan tərəfi və ermənilər son 4 ildəki yaşanan tarixdən dərs çıxarıb Azərbaycanın  sülh təklifini qəbul etsələr daha yaxşı olar. Ermənilərin  və Ermənistanın yeganə nicatı Azərbaycanın verdiyi  təkliflərə uyğun şəkildə sülh sazişini imzalamasıdır”.

Mürtəza

 

0.16145491600037