20 əsgəri ölümdən qurtaran SADİQ: snayperlə vurularaq şəhid olub

 

“Sadiq üç bacının yeganə qardaşı, evin sonbeşiyi idi. Qardaşım 1992-ci ildə dünyaya gəlib, o zaman ermənilər torpaqlarımızı işğal etməyə başlamışdı. Daim onun fikri, amalı silaha sarılaraq qaniçən düşmənləri torpaqlarımızdan çıxarmaq olub. Hər zaman deyirdi ki, torpağımız azad olunandan, ana-bacılarımızın, qız-gəlinlərimizin yaylığı tapdaqdan xilas olunandan, qisasımızı alandan sonra başıdik gəzə bilərik”.

Demokratikmusavat.com  xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Zəfər parkını ziyarət edən Vətən müharibəsinin şəhid giziri Sadiq Azayevin bacısı Mələk Yunisova deyib.

O, fikirlərinə belə davam edib: "Sadiq intiqam hissi ilə o qədər alışıb yanırdı ki, hərbi xidmətdən sonra Azərbaycan ordusunda xidmətini davam etdirdi. Müharibənin ilk günündən Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 2-də elə Füzulidə şəhid olub. Həmin vaxt Sadiqgilin istirahət vaxtı imiş. Xəbər gəlir ki, yaxındakı posta erməni xüsusi təyinatlıları hücum ediblər. Sadiq digər bölmələrə kömək üçün həmin posta yollanıb. Qızğın döyüşlər gedirmiş, Sadiq 20 əsgəri ölümdən qurtarsa da, başından snayperlə vurularaq şəhid olub. Sadiq Zəfər salnaməsinə adını qızıl hərflərlə yazdıran döyüşçülərdən biridir. Mən qardaşımın öz arzusunu çatdığını düşünürəm. Buna görə onu təbrik edirəm. Mən qardaşımla qürur duyuram, başımızı uca elədi. Çox xoşbəxtəm ki, belə bir qardaşın bacısıyam.

Qubadan bura məhz Zəfəri Qeyd etmək üçün gəlmişəm. Şəhidlərimizin xatirəsinə həsr olunan, onların qəhrəmanlığını təcəssüm etdirən bir abidə və parkın yaradılmasına görə, ölkə rəhbərliyinə minnətdaram".

0.15447616577148