"Elm və dinin ittifaqı dünyanı daha yaxşı dərk etmək şansı verir"
"Azərbaycanda dini təhsil tamamilə yeni istiqamətdir. Uzun illər ərzində xalqın tarixi yaddaşında, ictimai şüurunda din və təhsil az qala əks qütbdə dayanan iki fərqli, bir-birinə zidd anlayışlar kimi stereotipləşib".
Demokratikmusavat.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” respublika elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu bəlkə də Sovet təhsil sisteminin bizə dini xurafatın, təhsili isə elmin ilk pilləsi, bəzən hətta fundamental əsası kimi təqdim etməsi ilə bağlıdır: "Lakin bu gün elə bir dünyada yaşayırıq ki, bütün keçmiş stereotipləri sındıraraq hər bir anlayışın fəlsəfəsini kəşf etməyə çalışırıq.
Müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur. Elə bir zamana gəlib çatmışıq ki, həyatımızın bütün sahələrinə sirayət edəcək süni intellektin kövrək, lakin qətiyyətli addım səslərini eşidirik. Həmin səslərə qulaq verdikcə ictimai münasibətlər sisteminin nə qədər sürətlə dəyişdiyinin fərqinə varırıq. Bu elə bir münasibətlər sistemidir ki, dinin özünü də öyrənilməsi vacib olan xüsusi bir sahə kimi qəbul edir. Bu mənada ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur.
Bəşəriyyət yaradılışdan bəri bir çox suallara cavab axtarıb. O sualların bir hissəsinin cavabını biz məhz elmdə tapmışıq, təhsildə öyrənmişik. Lakin hələ də insanların cavabını dində, inanclar sistemində axtardığı çoxlu suallar var. Əlbəttə ki, onlar bu axtarışlarında haqsız və əsassız deyillər. Ən azı ona görə ki, bir çox hallarda bu sualların cavabını məhz dində tapa bilirlər. Ancaq bəzən bu cavablar çoxlu mübahisələrə, müzakirələrə yol açır, yeni suallar doğurur. Bu suallara, müzakirə və mübahisələrə aydınlıq gətirmək üçün biz yenə də elm adamlarına - ilahiyyatçılara üz tuturuq.
Elm və dinin bu qaçılmaz ittifaqı bizə dünyanı daha yaxşı dərk etmək şansı verir. Bu şansı doğru istifadə etməyin yolu isə təhsildən keçir. Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. Primitiv mülahizələr, miflər və əfsanələr, xurafat dini şüuru müəyyənləşdirən amilə çevrilməməlidir. Multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlər bu düşüncənin mayasını təşkil etməlidir. Çünki bütün səmavi dinlərin də fəlsəfəsi elə bu prinsiplərə əsaslanır.
Din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır. Dini öyənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün sözün həqiqi mənasında dərin biliyə, erudisiyaya, eyni zamanda elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir.
Bizim ölkəmiz dünyada dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub və biz haqlı olaraq bununla fəxr edirik. Əminəm ki, dini təhsilin də ən uğurlu modellərindən biri də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla bilər. Əminəm ki, bu konfransda bizim ilahiyyatçılarımızın apardığı müzakirələr müasir dini təhsil modelləri barədə çox faydalı təkliflərlə yadda qalacaq. Bu vacib məsələnin həllində hər birinizə uğurlar arzulayıram".
Billurə Yunus