Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur

 

İnnab ağacının meyvələri özünəməxsus dadı, tibbi əhəmiyyəti və dekorativ görünüşü ilə seçilir. Azərbaycanda innab daha çox Aran iqtisadi zonasında istehsal olunur. Bundan başqa, respublikamızın bəzi rayonlarında da innaba həyətyanı sahələrində rast gəlinir.

Demokratikmusavat.com xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kənd sakini Füzuli Baratovun həyətində becərdiyi onillik innab ağacında hər mövsüm bol məhsul yetişir. Şimal bölgəsində hava soyuq keçsə də, innab ağacı şəraitə uyğunlaşıb.

“İbn Sinanın kitablarında oxumuşam ki, neştəryarpaq bitkilər tibbi əhəmiyyətə malik olur. İnnabın özü də, ağacının qabığı da dərmandır. İxtisasca həkim olmadığımdan bu barədə çox tövsiyə vermək istəmirəm. Amma innab meyvələri həm böyüklər, həm də uşaqlar tərəfindən çox sevilir. Özünəməxsus dadı var. İnnab Novruz xonçalarımızın bəzəyidir. Çərəz kimi də əladır. Gördüyünüz kimi, ağac da Xaçmazın havasına uyğunlaşıb. Vaxt olub ki, oktyabrda 10-12 dərəcə şaxta olub. İnnab ağacı bu soyuğa da dözüb”, - deyə Füzuli Baratov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

İnnab meyvələrindən həkim məsləhətinə əsasən boğaz ağrısı, hipertoniya, mədə-bağırsaq və sair xəstəliklər zamanı dərman kimi istifadə edilir. Meyvəsində 30-72 faiz şəkər, C vitamini var. Süddə bişirilmiş innab öskürəyi yumşaldır. Yığılıb saxlanıldıqdan bir müddət sonra meyvəsi daha dadlı olur. Ondan şərbət də hazırlayırlar. İnnab ağacı quraqlıq yerləri sevir.

Füzuli Baratov innab ağacının meyvələrini oktyabr ayında tam yetişdikdən sonra toplayır: “İnnab ağacının meyvələrini hava quru olanda toplayacağam. Üzərində yağış, nəmlik olarsa, meyvələr qaralır. Nəvələr üçün dadlı çərəzdir. Xaçmazda bir neçə həyətdə innab ağacı var. Amma kütləvi becərilən bağlar mövcud deyil. Mən belə az becərilən meyvələri xoşlayıram. Həyətimdə zeytun da, xarici sort tut, gavalı da becərirəm”.

İnnab ağacı 200-300 il yaşayır. Əsl vətəni Çindir. Bu meyvənin 50-dən çox növü var. Hələ çox qədimdən yunanlar onu Şərqə, Qərbi Asiyaya və Afrikaya gətiriblər. Hazırda Mərkəzi Asiyada, Krımda, həmçinin Azərbaycanda da yetişdirilir. Meyvəsi xırda olur. İrimeyvəli sortlar Çindən Azərbaycana gətirilib və yayılıb.

0.13100790977478