Bu il universitetlərin bakalavr pilləsinə qəbul olunan 1-ci kurs tələbələri arasında yaşı çox olan şəxslər xüsusi diqqət çəkir. 50, 55 yaşlı tələbələrin universitetə qəbul olunması təəccüb və maraqla qarşılanıb.
Ötən həftə Bakı Dövlət Universitetinin (BDU) ən yaşlı tələbəsinin adı açıqlanıb. BDU-nun Geologiya fakültəsinin mədən mühəndisliyi ixtisasının I kurs tələbəsi, 51 yaşlı Anaxanım Dadaşeva "Oxumaq heç vaxt gec deyil” ifadəsinin əbəs yerə deyilmədiyini nümayiş etdirib.
Bəs digər universitetlərdə də yaşı 50-ni keçən I kurs tələbələri varmı, onlar kimdirlər?
Demokratikmusavat.com xəbər verir ki, Modern.az saytı bu suala cavab almaq üçün universitetlərlə əlaqə saxlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinə bu il qəbul olunan ən yaşlı tələbə Məmmədova Nuranədir, onun 41 yaşı var və ikinci ali təhsilini alır.
Azərbaycan Tibb Universitetininin bakalavr dərəcəsi üzrə təhsil alan ən yaşlı I kurs tələbəsi müalicə işi ixtisasına qəbul olunub. Onun 40 yaşı var.
Azərbaycan Dillər Universitetinin ən yaşlı 1-ci kurs tələbəsinin isə 38 yaşı var. O, İngilis və Fransız dilləri fakültəsində xarici dil (Fransız dili) müəllimliyi üzrə təhsil alır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ən yaşlı tələbəsi 37 yaşı olan Rəna İmanovadır. O, I kursda muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə bakalavr təhsili alır.
Qərbi Kaspi Universitetinin isə ən yaşlı bakalavr dərəcəsi üzrə oxuyan tələbəsinin 35 yaşı var. O, ingilis dili və ədəbiyyatı ixtisası üzrə təhsil almağa başlayıb.