Bu ərəfədə "Reaksiya TV" baş redaktoru Zaur Qəriboğlu təhsilə dair 5 dəqiqəlik qısa bir verilişində ciddi məqamlara toxunur.
("Qardaş Türkiyənin diplomunu Azərbaycan niyə tanımır? " - Zaur Qəriboğlu)
(https://www.youtube.com/watch?v=df9o-Zyd9MI)
Jurnalist qeyd edir ki, təhsildə problemlər həddən çoxdur, bu səbəbdən təhsildə hər şey 0-dan, yəni tam yenidən qurulmalıdır. Jurnalist tam haqlıdır.
Təhsil islahatı adıyla itirilən illər və pullar tam boşuna getdi. Bu illər ərzində bəzi ekspertlərin çaldığı həyəcan təbili də özündən razı təhsil məmurlarını islahat prosesini təhlil etməyə, düşünməyə, korreksiya etməyə sövq edə bilmədi.
Jurnalist xaricdə distant təhsil alan gənclərin diplomlarının ölkəmizdə qeyri qanuni olaraq tanınmaması məsələsinə toxunaraq qeyd edir ki, distant təhsil alan gənclər hər halda kvadratın sahəsini hesablamağı, çubuqlu bölməni yerinə yetirməyi, şaftalı sözünü düzgün yazmağı bacarmayan bizim yerli universitetlərin məzunlarından güclüdürlər. Onların diplomunu tanı, sonra da qoy DQ, MİQ v.s. işə qəbul imtahanlarında iştirak etsinlər, bal yığa bilsələr işləsinlər. Onlar da bu ölkənin vətəndaşlarııdır.
15 ildir qeyri qanuni olaraq minlərlə məzunun "sən sərhəddi keçməmisən" bəhanəsi ilə diplomunu tanımamaq düz yanaşma deyil. Texnologiyaların müasir inkişaf səviyyəsində, inanmıram ki, başqa hansısa bir ölkədə diplom tanınmasını sərhəd keçid məntəqəsi ilə bu formada əlaqələndirilsin.
Distant təhsil (DT) artıq 30 ildir ki, dünya təhsil məkanında uğurla tətbiq edilir. Bu gün xəritədə elə bir ölkə tapmaq mümkün deyil ki, orada DT tətbiq edilməsin. Hətta ən geridə qalmış ölkələrdə- Cibuti, Monqolustan v.s. kimi ölkələrdə də 10 ildir ki, DT tətbiq edilir.
15 il əvvəl qəbul edilmiş "Təhsil haqqında" qanunda DT təhsil forması kimi qeyd edilsə də, ETN məmurları bu qanuna əməl etmirlər.
Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burada distant təhsil tətbiq edilmir və bu yolla alınan diplomlar da tanınmır. ETN xaricdə distant təhsil alan gənclərimizin diplomlarını niyə qəbul etmir ki? TC, RF, Ukrayna ilə diplomların qarşılıqlı tanınması haqda müqavilələrin olmasını məmurlar yəni bilmir?
Bu gün Süni intellektin təhsildə, o cümlədən distant təhsildə geniş tətbiqi dövründə hər hansı ölkədə distant təhsilə embarqo qoyulması nonsesdir, ağlasığmazdır. Belə qərar ölkə gənclərinə, elmə, maarifə, təhsilə, müasir texnologiyaların tətbiqinə, insan kapitalının formalaşmasına qarşı həqarətdir.
Gələcəyin təhsili olan DT kimi mükəmməl texnologiyaya lazımi dəyər verə bilməyən menecerlərin idarə etdiyi təhsilin bu gün belə böhranlı hala düşməsi təbiidir. Allah betərindən saxlasın.
Eyni zamanda qeyd edək ki, ETN 25 il bu mütərəqqi təhsil texnologiyasının tətbiqinə imkan verməsə də, İqtisadiyyat Nazirliyi tabeliyində 4 SİM, əmək bazarında səriştəli və müasir bilgili mütəxəssislərin qıtlığını nəzərə alaraq COURSERA vasitəsi ilə bu il 10.000 gəncimizin, gələn ilə isə daha 200. 000 gəncimizin dövlət hesabına ABŞ universitetlərində qısa müddətli distant kurs keçməsini planlayır. Bu çox yaxşı haldır.
Bütün bunlara rəğmən görəsən bu ölkədə təhsildən razı olan bir ailə varmı?
Niyə təhsilə, millətin gələcəyinə qarşı bəzi məmurlarda bu qədər biganəlik və məsuliyyətsizlik var?
Unutmayaq ki, təhsil kütləvi sahədir, əhalinin 50 %-i bu sahə ilə gündəlik təmasda olur. Təhsildən olan razılıq da, narazılıq da xalqın əhval-ruhiyyəsinə ciddi təsir edir. Xüsusən də son illər təhsildən olan narazılıq yüksələn xətt üzrə inkişaf edir. Görəsən təhsildən olan bu narazılığın artması kimlərin marağındadır?
Demokratikmusavat.com