Dövlət borclamaları: valyuta ehtiyatları və yüksək gəlirlər fonunda

 

Dövlətlərin borclanması trendi son illərdə xüsusilə artıb. Bunun əsas katalizatoru 2020-ci ildə düntada baş verən koronovirus pandemiyası oldu. Dünya miqyasında dövlətlərin borclanması daha geniş vüsət almaqdadır. BMT-nin Sənədin də [1] qeyd edilir: “Qlobal miqyasda dövlətlərin borcu 2010-cu ildən bəri təxminən iki dəfə artaraq 2023-cü ildə 97 trilyon dollarlıq tarixi rekord səviyyəyə çatıb. Artan faiz dərəcələri xüsusilə inkişaf etməkdə olan ölkələrdə hökumət büdcələri üzərində təzyiqi daha da artırır. Bu gün 3,3 milyarddan çox insan borc faizlərinin ödənilməsinə təhsildən və ya səhiyyədən daha çox pul xərcləyən ölkələrdə yaşayır.”

Azərbaycan da dünyada borclanma trendindən geri qalmır. Ölkəmiz də neft hasilatının azalmasına baxmayaraq dünyada neft qiymətlərinin yüksək səviyyədə tərəddüd etməsi səbəbinfən neft gəlirlərindən hökumətimiz hələ də maksimum səviyyədə faydalanır. Bu tilsimin qırılmamasına rəğmən isə dövlət borclamalarımız artır. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə [2] ölkənin dövlət borcu 2024-cü ilin 6 aylıq göstəricilərinə əsasən 25 milyard manat təşkil etmişdir ki, bu da ÜDM-ə nisbəti 21 faizi səviyyəsində olduğunu deməyə imkan verir. Hökumətin başqa bir Sənədində [3] qeyd edilir ki, 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30,0 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23,0 faizinə çatacağı proqnozlaşdırılır.

Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat və ya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir.

Nəzərə almaq lazımdır ki, borcu doğran təkcə ehtiyac deyil, həm də daha çox xərcləmək istəyidir. Resurs hər zaman çatmır. Nə qədər xərcləmək istəsəniz, o qədər də xərcləməyə yer tapacaqsız. Azərbaycan hökuməti daha çox xərcləməyə meyllidir. Həm neft-qaz gəlirlərinin toplandığı NF-nun aktivlərini, həm NF-nun dövlət büdcəsinə etdiyi transfertlərin vasitəsilə həm də borclanmalar hesabına xərcləməyə xeyli meyl göstərir.

Əgər borclanma ölkədə idarəertmə və ya iqtisadi islahatlara təkan verirsə, bu zaman onun nəticələrinin pozitiv olacağına inam yaranır. Əgər ölkə yalnız borclanma hesabına istehlakı artırırsa, bu ÜDM-nin genişlənməsinə tövhə verəcək, lakin dövlətin möhkəm valyuta öhdəliklərini artıracaq. Əslində isə əldə 

edilmiş kreditlər hesabına islahat aparmaqdansa, islahatlar aparmaq naminə kreditə ehtiyac duymaq daha rasional yoldur. Sizin cibinizdə pul saxlamaq problemininiz varsa, ora nə qədər pul daxil olmasının heç bir fərqi yoxdur. Siz cibinizə pulun nə qədər daxil olmasından daha çox, onun hara və niyə xərclədiyinizi bilməlisiniz. Beynəlxalq Bankın 12 milyard manatlıq itkisinə bütün bu dediklərimizdən çıxarılan dərs hesab etmək olar. Demək kredit alınmasından daha önəmisi onun hansı meyarlar əsasında xərclənməsidir.

Həmin kreditlər şəffaf, təyinatlı, səmərəli və hesabatlı xərclənirsə, bu zaman narahat olmağa dəyməz. Yox əgər, əksinədirsə, o zaman nəinki narahat olmağa, hətta daha çox narahat olmağa ehtiyac var. Dövlət borclanmalarının artmasının başqa bir səbəbi də əvvəlki illərlə müqayisədə resurs gəlirlərinin azalmasıdır. Böyük investisiya xərcləmələrini realllaşdırmağa öyrənmiş hökumətin az gəlirlərlə daha yığcam davranış nümayiş etdirmək və fiskal dayanıqlıq baxımından optimal qərar qəbuletməsini çətinləşdirir. Ona görə Azərbaycan hökuməti həm də ona görə borclanmaya gedir ki, işğaldan azad olmuş bölgələrimizdə tikinti-quruculuq işləri həyata keçirir, yeni infrastruktur qurur. Məlumat üçün bildirim ki, son 4 ildə işğaldan azad olmuş bölgələrimizdə bu məqsədlə 19 milyard manat vəsait xərclənib. Növbəti ildə [4] 4,0 (dörd) milyard manat xərclənməsi də nəzərdə tutulur. 

Lakin biz nəzərə almalıyıq ki, ölkənin iqtisadi siyasətini elə vəziyyətə gətirmək lazım deyil ki, ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi rolunda kövrək olan (postneft dövrünün reallıqları) resurs gəlirləri və dövlət borclamaları çıxış etsin. Əslində makroiqtisadi sabitliyi və iqtisadi inkişafı təmin etməyin yolu sabit maliyyə qaynaqlarına sahib olmaqdan keçir. Bizim ölkə iqtisadiyyatının konstruksiyası elə qurulub ki, biz yalnız resurs gəlirləri yarada bilirik. Qeyri-neft sektorunun zəif inkişafı, real iqtisadiyyatının potensialının zəifləməsi, xarici investisiyaların axının əhəmiyyətli azalmalar ölkəmizin iqtisadi situasiyasının kövrək iqtisadi reallıqlarına olmasını deməyə əsas verir. 

Bu ilin yarımillik göstəricilərinə (01.06.2024) görə, Neft Fondunun [5] valyuta ehtiyatları 58 milyard dollar təşkil etmişdir. Eyni tarixə olan məlumatlara görə isə Mərkəzi Bankın “Maliyyə Sabitliyi Hesabatı”nda [6] qeyd edilir ki, valyuta ehtiyatları 1.1% (125 mln. ABŞ dolları) artaraq 11.7 milyard ABŞ dollarına çatmışdır. Bütövlükdə, ölkənin valyuta ehtiyatları 3.1% artaraq 69.7 milyard ABŞ dollarına çatmışdır. Paradoksal vəziyyət yaranıb. Bir tərəfdən dövlətin strateji valyuta ehtiyatları yuvarlaq olaraq 70 milyard dollar təşkil edir, digər tərəfdən isə beynəlxalq kreditorlardan böyük miqdarda borclanırıq.

Afrikalı iqtisadçı, yazar Dambisa Moyo özünün əsərində [7] yazır: “1960-2010 illər ərzində zəngin ölkələrdən yoxsul ölkələrə 2 trilyon dollardan çox həcmində xarici yardımlar edildi. Daha çox borclanma bir ölkəni yoxsulluqdan qurtarmaz. Əksinə xarici borclanmaya söykənən inkişaf modeli davamlı inkişafı təmin edə bilməz.” Demək borclanma təkcə iqtisadi artımın əsas mənbəsi deyil, eyni zamanda gələcək üçün mühüm maliyyə öhdəliyidir. Dövlət onu alır, lakin cəmiyyət onu ödəyir. Kapitalizmlə bağlı bir aforizmdə deyildiyi kimi: “Pul varsa zənginlər paylaşar, borc varsa, xalq ödəyər”.

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Demokratikmusavat.com 

 

0.13382506370544