Geosiyasi maraqlar və yeni dünya düzəni:
ABŞ Avropa İttifaqını niyə hədəf seçdi?

 
"İndiki mərhələdə ABŞ-la Avropa İttifaqı arasında ciddi qarşıdurma mümkün deyil". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-la Avropa İttifaqı arasında qarşıdurma variantının mümkünlüyündən danışarkən deyib.
"Düzdür, siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var. Elə hadisələrin şahidi oluruq ki, hətta dünənin müttəfiqləri bu gün artıq öz maraqları uğrunda bir-birilə çarpışır. ABŞ-la Avropa İttifaqı arasında münasibətləri qiymətləndirərkən də görürük ki, Vaşinqton Böyük Britaniya vasitəsilə Avropa ölkələrini öz maraq dairəsində saxlamağı bacarıb. Ancaq elə situasiyalar olur ki, həmin şərtlər daxilində ABŞ-la Avropa İttifaqı arasında çatların baş verdiyini də müşahidə edirik. Belə vəziyyət Avropa ölkələri liderlərinin açıqlamalarında daha aydın şəkildə görünür. Onlar hətta Avropa ölkələrinin ordusunun yaradılması təşəbbüsünü də qaldırırlar. Xüsussən də Donald Trampın hakimiyyətinin son illərinə nəzərə salanda görmək olar ki, onun yenidən hakimiyyətə gəlişi baş versə, ABŞ-la Avropa İttifaqı arasında yenidən soyuqlaşma baş verəcək", deyə Üzeyir Şəfiyev bildirib.
 
Həmsöhbətimiz deyib ki, ABŞ əksər hallarda bu və ya digər problemlərin həllində özünün deyil, Avropa ölkələrinin resurslarını cəlb etməyə çalışır: 
 
"Vaşinqton və London üçün ən ciddi hədəf Almaniya ilə Rusiyanın yaxınlaşmasının qarşısını almaq olub. Onlar bu yaxınlaşmanı anqlosakson dünyası üçün təhlükə hesab edir. Ona görə də həmin ölkələri bir-birinə qarşı qoyur. Bu baxımdan, Avropa İttifaqı ölkələrinin ABŞ-la bağlı narahatlığına əsas vardır. ABŞ-ın yeni konfiqurasiya yaratmaq planında pay bölgüsü məsələsi də ortaya çıxır ki, Avropa ölkələri də bu məsələdə anqlosakson ittifaqının maraqlarına uduzduqlarının fərqindədir".
 
Ekspert qeyd edib ki, hazırda ABŞ-la Avropa İttifaqı sadəcə ümumi maraqlar naminə müttəfiqdirlər:
 
"Onlar Çin və Rusiya qorxusu fonunda müttəfiqliyə məcburdurlar. Ancaq bu da  bir yerə qədər gedəcək. Özəl maraqlar toqquşduqca, onlar arasında da ayrılmalar artacaq. ABŞ Yaxın Şərqdə başqa konfiqurasiya fikirləşir ki, burada da Avropa İttifaqına imkan tanımır. Cənubi Qafqaz və Orta Asiyada da oxşar proseslər gedir"
 
Lakin bütün bunlarla yanaşı, Üzeyir Şəfiyevin fikrincə, ABŞ onun da fərqindədir ki, Avropa İttifaqı ilə əməkdaşlıq olmadan strateji hədəflərə çatmaq çətin olacaq:
 
"Ona görə də ən azından indiki mərhələdə onlar arasında ayrılma, parçalanma inandırıcı görünmür. Bu baxımdan, ABŞ-ın Avropa İttifaqı ölkələrini incik salacağı da inandırıcı deyil. Çünki ABŞ-ın dövləti maraqları həm də müttəfiqlərlə əməkdaşlığı ehtiva edir. Vaşinqton maksimum çalışacaq ki, Avropa İttifaqı ölkələrini narazı salmasın. Ona görə də Vaşinqton  onlar üçün də bəzi pay imkanlarını tanıya bilər. Bu yanaşma Avropada birləşdirici  füqur ortada olana qədər davam edəcək. Eyni zamanda, dünyada vahid gücün yalnız ABŞ olduğunu da bəyan edirlər".
Qeyd edək ki, Ağ Ev yalnız Rusiyanı deyil, eyni zamanda, ABŞ-ın əsas iqtisadi-ticari rəqiblərindən olan Avropa İttifaqını da çökdürmək üçün əlindən gələn hər şeyi edir. ABŞ-la Avropa İttifaqı indi müttəfiq olsalar da, əslində aralarında dərin fikir ayrılığı, ziddiyyətlər də var. ABŞ yeni dünya düzənində Rusiya kimi, Avropa İttifaqını da qlobal pay sahibi statusunda görmək istəmir. Əksinə, görünən odur ki, ABŞ yeni dünya düzəni uğrunda mübarizədə Avropa İttifaqını savaşın önünə verməklə onu qurbaq etmək istəyir. Yaranmış vəziyyətdə isə ABŞ-la Avropa İttifaqı arasında mövcud olan qarşıdurma istər-istəməz daha da kəskinləşə bilər. Bu vəziyyət  xüsusən də Trampın yenidən ABŞ prezidenti olamsı fonunda özünü daha  qabarıq şəkildə göstərəcək. 
 
Rüfət Sultan
 
0.20583581924438