Rusiyada insanları Ukrayna ilə müharibədə ordunu doldurmaq üçün "verbovka" şəbəkə marketinqi sxemini tətbiq etməyə başlayıblar. Artıq bu sxem Rusiyanın bölgələrində işə salınıb. "Verbovka" sxeminə əsasən insanlar dostlarını və qohumlarını orduya cəlb etmək müqabilində pul qazanacaqlar.
Demokratikmusavat.com xəbər verir ki, artıq Voronej vilayətinin hakimiyyət orqanları tərəfindən “dostunuzu döyüşə aparın və pul qazanın” kampaniyası başladılıb.
"Verstka" nəşrinin yazdığına görə, Müdafiə Nazirliyi ilə müqavilə bağlayan hər bir əsgər üçün 15 min rubl ödəməyə söz verirlər. “Siz rayon hökumətinə gəlib izahat verməlisiniz ki, bu adam sizin vasitənizlə imza atıb. Onda siz 15 min rubl alacaqsınız”, - Voronejdə müqavilə xidməti üzrə işə qəbul mərkəzinin əməkdaşı nəşrə açıqlamasında bildirib.
Bu məlumatı yerli sahibkarlar da təsdiqləyiblər.
Nəşrin yazdığına görə, Rusiyanın bəzi bölgələrində məbləğin az olduğundan şikayətlənirlər. Tatarıstan və Yaroslavl vilayətində Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün hərbi qeydiyyat və çağırış idarəsinə və ya idarəyə könüllü gətirilməsinə 100 min rubl istəyirlər.
Ölkə rəhbərliyi rusların kütləvi şəkildə Ukrayna ilə müharibəyə hazır olması barədə mütəmadi olaraq məlumat verir. İyulun 11-də Müdafiə Nazirliyi bildirib ki, ilin əvvəlindən 190 min vətəndaş döyüş bölgəsinə göndərilmək üçün müqavilə imzalayıb. Gündə isə təxminən min nəfər müraciət edir. Bu yolla ordudakı döyüşçü çatışmazlığını doldurmağa çalışırlar.
Rusiyada ordudakı çatışmazlığı məhbuslar hesabına da doldurmağa başlanıb. Təhlükəsizlik qüvvələrinə cinayət işləri üzrə 18 yaşdan 65 yaşa qədər fiziki cəhətdən sağlam təqsirləndirilən şəxsləri xidmətə dəvət etmək tapşırılıb. Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razılıq verən vətəndaşlara cinayət təqibinin dayandırılacağı, daha sonra isə xitam veriləcəyi, habelə onların cinayət tərkibinin silinəcəyi vəd edilir.
Bundan əlavə, Rusiyanın bəzi bölgələri müharibəyə göndərilmək üçün ödənişlərin həcmini 15 dəfə artırıb. Məsələn, Qaraçay-Çərkəz, Adıgey və Krasnodar diyarında bu məbləğin həcmi 1,25 milyon rublu ötüb. Bu yaxınlarda Moskva da müharibəyə cəlb olunanlar üçün səxavətli bonuslar proqramına qoşuldu. İyulun 23-də paytaxt meri Sergey Sobyanin Ukraynaya savaşa getmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara 1,9 milyon rubl ödəməyi əmr edib.