İran Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi? - VİDEO

 

İranda türk kimliyinin qabardılması fonunda və türk əhalinin ciddi dəstəyi sayəsində Məsud Pezeşkianın ölkə prezidenti seçilməsi bir çox mövzularla yanaşı, bir məsələni də gündəmə gətirib. Bu da azərbaycanlı hökumət başçısının dönəmində İranın regionda sürətlə yüksələn güc kimi Türk Dövlətləri Təşkilatına mümkün üzvlüyü məsələsidir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, bəzi müşahidəçilər Pezeşkianın seçki təbliğatı dövründə istifadə etdiyi firuzəyi rəngin Türk Dövlətləri Təşkilatının bayrağından götürüldüyünü və bunun bir növ mesaj xarakteri daşıdığını vurğulayıblar. Pezeşkianın seçkidə qələbəsi təsdiqləndikdən sonra isə Azərbaycan Respublikasında bir sıra jurnalist və şərhçilər İranın bu təşkilata üzv ola biləcəyi ilə bağlı açıqlamalar veriblər. Burada məntiq ondan ibarətdir ki, özünün türk kimliyi üzərində xüsusi vurğu edən və bununla fəxr etdiyini bildirən prezidentin dönəmində Türk Dövlətləri Təşkilatına qoşulması tamamilə təbii və qanunauyğundur.

Çox keçmədən bu fikir İranda da gündəmə gətirilib. Belə ki, iyulun 10-da İranın xarici siyasət sahəsində aparıcı analitik internet resursu olan "İran diplomatiyası" saytında "Yeni prezident və qonşularla münasibətlərdə yeni üfüqlər" başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi Rəsul İsmayılzadə yeni şəraitdə İranın Türk Dövlətləri Təşkilatına üzvlüyü üçün əlverişli fürsət yarandığını vurğulayaraq yazıb:

"Ölkəmizin türkdilli qonşuları cənab Pezeşkianın azərbaycanlı və türk olmasından təsirlənib və bir növ diplomatik sürprizlə üzləşiblər. Aydındır ki, bu məsələ yeni münasibətlər baxımından çox əhəmiyyətlidir və heç bir maneə, başağrısı və əlavə diplomatik səylər olmadan təbii şəkildə narazılıqları və gərginlikləri aradan qaldıracaq. Verilən mesajların məzmun və üslubundan aydın olur ki, qonşular yeni yanaşma əsasında münasibətlərin möhkəmlənməsinə çox nikbin baxırlar. Bu cəhət ölkəmiz üçün çox əhəmiyyətlidir və xarici əlaqələrdə yeni qapıların açılmasına, regional əməkdaşlığın güclənməsinə və ya regional təşkilatlara qoşulmağa imkan yarada bilər. Bu əlverişli və uğurlu atmosferi nəzərə alaraq, yaxın zamanlarda İran İslam Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyü üçün şərait yaranacağını proqnozlaşdırmaq mümkündür".

Ətraflı videosüjetdə:

0.1539421081543