Fransada keçirilən növbədənkənar parlament seçkiləri yekunlaşsa da, seçki "sürpriz"ləri hələ də davam etməkdədir.
Nöbədənkənar parlament seçkilərinin ikinci turunda "sürpriz" hal kimi ultra-solçular ultra-sağçılar üzərində qələbə çalsa da, bu qələbələrini Makronun siyasi hoqqabazlığı nəticəsində reallaşdıra bilmirlər. Belə ki, seçkinin nəticəsinə görə, Fransa hökuməti başda baş nazir Qabriel Attal olmaqla istefaya getməlidir.
Makron seçkinin birinci turunda böyük üstünlük əldə edən ultra-sağçıları ikinci turda məğlub etmək üçün siyasi oyunbazlıq edərək ultra-solçularla razılaşamaya getməklə sağçı Merin Le Pen və Jordan Bardellanın lideri olduğu "Milli Birlik" Partiyasını məğlubiyyətə uğratdı. İkinci turda ultra-solçuların koalisiyası olan Yeni Xalq Cəbhəsi qələbə çalsa da, hakimiyyəti təkbaşına formalaşdırmaq üçün mütləq çoxluğu qazana bilmədi.
Buna baxmayaraq seçkilərin qalibi solçu ittifaq Yeni Xalq Cəbhəsi ortaq baş nazir namizədi ilə bağlı danışıqları davam etdirərkən hakim qanaddan fərqli fiqurlar mərkəz sağ və solçuların daxil olduğu hökumətin qurulmasını istəyir.
Yeni hökumətin nə vaxt qurulacağı maraq doğursa da, Makronun seçkinin nəticələri ilə bağlı Fransa xalqına yazdığı məktub qələbə çalan solçular üçün şok olub.
Makron yeni baş nazir təyin etməyəcəyini və hazırkı hökumətin vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Seçkilərdə qalibin olmadığını vurğulayan Makron bəyan edib ki, heç bir siyasi qüvvə təkbaşına kifayət qədər çoxluğa malik deyil və bu seçkilərdə yaranan blok və koalisiyaların hamısı azlıqdadırlar. "Ona görə də, mövcud hökumət öz vəzifələrini davam etdirəcək”, - Makron qeyd edib
Makron onu da vurğulayıb ki, parlamentdəki çoxluq qazanan qüvvələr Fransanın mühüm prinsipləri ətrafında formalaşmalı, respublika dəyərlərini mənimsəməli və vətəndaşların seçkidə ifadə etdiyi narahatlıqları həll etməlidir.
Makron xalqa ünvanladığı məktubun yekununda qeyd edib ki, bu prinsiplərə uyğun olaraq baş nazirin təyinatı ilə bağlı qərar verəcək. "Siyasi birləşmələrin sülh və hörmətlə bu kompromis əldə etmələri üçün bir müddət vaxt vermək lazımdır. O vaxta qədər indiki hökumət öz vəzifələrini davam etdirəcək".
Hesab edirəm ki, bu məktub Makronun növbəti mərhələ üçün yeni bir siyasi hiyləsidir. Məqsəd də seçkidən sonra Fransa cəmiyyətində yaranan gərginliyi səngitmək istiqamətində vaxt qazanmaqdır. Makron hesab edir ki, zaman keçdikcə seçkiöncəsi və sonrası yaranmış gərginlik tədricən sakitləşərək proseslər normal məcraya yönələcək. Amma Makron onu da unudur ki, Fransada hər hansı gərginliyin yaranması an məsələsidir. Tarix də sübut edir ki, Frasada siyasi gərginlik və böhran adi bir qığılcımdan yarana bilər. Avropanın üzləşdiyi siyasi böhran və başının üzərini alan "qara buludlar" Fransadan da yan keçmədiyindən növbəti mərhələdə də yeni gərginliyin yaranması qaçılmazdır. Bax o zaman durum Makron və Fransa üçün heç də yaxşı olmaya bilər. Makronun siyasi qüvvələrlə hansısa formada razılağa gəlmək istəyi qarşı tərəfdən rədd cavabı ilə nəticələnə bilər və bu, istisna deyil. Çünki heç bir siyasi qüvvə ona etimad etməyəcək. Bu da ölkədəki ictimai-siyasi böhranı daha da dərinləşdirəcək.