Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

 

Fövqəladə Hallar Nazirliyində (FHN) bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində qərargah yaradılıb.

Bu barədə Demokratikmusavat.com -a FHN-dən məlumat verilib.

Bildirilib ki, COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.

Çıxış edən nazir Kəmaləddin Heydərov COP29-la bağlı Azərbaycana gələcək çoxsaylı qonaqların, tədbir keçiriləcək, eləcə də qonaqların yerləşəcəyi məkanların və ətraf ərazilərin aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də yaradılmış və Nazirliyin peşəkar əməkdaşlarından ibarət Qərargahın fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Qərargah üzvlərinin görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.

 

0.14324808120728