Bakıda "200 Saylı" Mənzil Tikinti Kooperativinə (MTK) məxsus hündürmərtəbəli binanın liftlərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb MTK-nın 40 min dollar və 8343 manat məbləğində borcunun olmasıdır.
İddiaçı borcunu qaytarmayan MTK-ya məxsus və hazırda istismarda olan iki liftinin (yük/1 400 kq və yük/q 630 kq) üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət edib.
Məhkəmədə iddiaçının MTK-nın əmlakı üzərinə həbs qoyulması barədə iddiasını təmin edilib və iki liftin üzərinə həbs qoyulub.
Qeyd edək ki, qanuni təmsilçisi Fərziyev Etibar Söhbət oğlu olan "200 Saylı" Mənzil Tikinti Kooperativdən mənzil alan onlarla insan dələduzluğun qurbanı olub. 2014-cü ildə MTK-nın sədrinə cinayət işi açılıb. Bundan sonra MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarov həbs ediliblər.