Xalq kimin kim olduğunu yaxşı bilir, onlar sifariş icra edir - Deputat

 

“Bu gün nəinki Azərbaycanın siyasi səhnəsindəki siyasi qüvvələr, eyni zamanda beynəlxalq aləmdə yaxşı anlayırlar ki, cənab İlham Əliyevə rəqib olub onunla seçkidə yarışa biləcək namizəd yoxdur. Cənab İlham Əliyevlə seçki marafonunda yarışa girən istənilən namizədin  qələbə şansı sıfıra bərabərdir. Bu da təsadüfi deyil. Cənab İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan xalqı qarşısında verdiyi bütün vədlərə əməl edib. Onun liderliyi altında Qarabağ kimi dünyanın ən mürəkkəb münaqişəsinə birdəfəlik son qoymaqla Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Ümumiyyətlə, cənab İlham Əliyevin liderliyi altında  Azərbaycan son 20 ildə sıçrayışlı inkişafa, uğurlara, möhtəşəm tarixi qələbələrə və zəfərlərə imza atıb. Məhz onun liderliyi altında bu gün Azərbaycan xalqı dünyanın qalib xalqları sırasında yer alıb”.

Bunu Ölkə.Az-a açqılamasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bu gün dünya xalqları Azərbaycana belə möhtəşəm uğurlar qazandıran cənab İlham Əliyev kimi liderinin olmasına görə qibtə edirlər: “Cənab İlham Əliyev bu gün qarşısına hansı hədəfi qoymuşdusa, onu da həll edib. O da faktdır ki, Azərbaycan hazırda Azərbaycan qlobal geosiyasi proseslərdə ciddi aktor kimi qəbul edilir. Ölkəmizin razılığı olmadan Güney Qafqazda hər hansı layihənin reallaşdırılması qeyri-mümkündür. Dayanıqlı iqtisadiyyata malik olan Azərbaycan Avropanın iqtisadi seqmentində əhəmiyyətli yer tutur, enerji təhlükəsizliyinin vacib elementinə çevrilib. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, etibarlı tərəfdaş ölkə kimi tanıyır və hörmət edirlər. Azərbaycanla hesablaşırlar. Cənab İlham Əliyevi dünyanın müasir lideri kimi qəbul edirlər. Bunu dünyanın inkişaf etmiş ölkələrinin, xüsusən də Avropanın liderlərinin özləri açıq etiraf edirlər.

Təbii ki, bu reallığı Azərbaycanı sevməyən güclər, erməni lobbisi, onun daxildəki uzantıları da yaxşı görür və dərk edirlər. Yaxşı anlayırlar ki, müxalifətin növbədənkənar prezident seçkilərində İlham Əliyevə alternativi yoxdur. Ona görə də müxtəlif bəhanələrlə seçkidən yayınıb öz acizliklərini ört-basdır etmək üçün hər zamankı kimi, köhnə “ənənə”lərinə sadiq qalaraq ucuz  demaqogiya ilə məşğuldurlar. 

Amma Azərbaycanda seçkilərdə iştirak etmək üçün istənilən siyasi qüvvələrin iştirakı üçün demokratik və bərabərhüquqlu şərait yaradılıb. Siyasi mövqeyindən asılı olmayaraq istənilən qüvvə seçkidə iştirak edə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda siyasi müxalifəti təmsil edən bir neçə şəxsin prezidentliyə namizədliyi irəli sürülüb. Lakin anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin daxildəki uzantısı olan radikal ünsürlər yenə də xaricdəki ağalarının sifarişlərini icra etməklə məşğuldurlar. Lakin onların bu cəhdləri əbəsdir. Artıq xalq kimin kim olduğunu yaxşı bilir. Onlar öz anti-Azərbaycan mövqeləri ilə özlərini tamamilə tükəndiriblər”.

Mürtəza
Ölkə.Az

0.47007584571838