Ərastun Oruclu yazır...

 

Hal-hazırda dövlət və hökumət orqanları tərəfindən geniş tətbiq olunan yeni trendlərdən biri də ölkədə və onun ətrafında baş verənlərlə bağlı cəmiyyəti informasiya aclığı şəraitində saxlamaqdır.

Məsələn, ölkədə vüsət almaqda olan həbslər və onların səbəbləri haqqında ətraflı rəsmi açıqlama və məlumatlar demək olar ki, verilmir. Əvəzində müxtəlif media platformalarının əli ilə ortaya manipulyasiya xarakterli məlumatlar atılır.

Halbuki informasiya siyasəti istənilən dövlətin milli təhlükəsizliyinin fundamental dayaqlarından biridir. Bunun Azərbaycan xalqına sayğısızlıqdan və ya cəmiyyəti bilgisiz saxlamağın səmərəli olması düşüncəsindən irəli gəldiyini demək çətindir.

Amma bir şeyi dəqiq demək olar ki, informasiya boşluğunun yaranması (yaradılması) onun mütləq şəkildə dezinformasiya və ya məqsədli təhlükəli informasiya ilə doldurulmasına yol açır.

Məsələn, dünəndən başlayaraq rusiyalı Yaxın Şərq və Qafqaz üzrə ekspert Stanislav Tarasovun vasitəsilə məlumat yayılıb ki, guya Ermənistandakı 102-ci Rusiya hərbi bazası Azərbaycana köçürüləcək. Konkret olaraq onun dislokasiya yeri kimi bölgələr də göstərilir.

İstənilən dövlət belə bir məlumata müvafiq qurumların vasitəsilə ani reaksiya verməlidir. Amma Azərbaycanda buna susmaqla mövzunun daha da genişləndirilməsi üçün şərait yaradılır. Niyə?

Əlbəttə, deyə bilərlər ki, dövlət hərhansı bir xarici ekspertin sərsəm açıqlamasına münasibət bildirməyə borclu deyil. İlk baxışdan da belə yanaşma haqlı görünə bilər. Amma yalnız ilk baxışdan.

Çünki əvvəla, məlumat ölkənin milli təhlükəsizliyinə təhdid yarada bilən məlumatdır, ikincisi isə Rusiya tipli ölkələrdə müstəqil ekspertlər olmur. Xüsusilə də söhbət bütün fəaliyyəti müəmmalı informasiya qurumları ilə bağlı olmuş ekspertdən gedirsə.

Xatırladım ki, Stanislav Tarasov bütün peşə fəaliyyəti dövründə əvvəl SSRI-nin, sonra isə Rusiyanın xarici yayım qurumlarında çalışıb. Belə qurumlar isə hər iki dövlətdə birmənalı olaraq xüsusi xidmət orqanlarının nəzdində olur.

"Demokratikmusavat.com"

0.20316791534424