Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 13-cü ildönümü və “Azərxalça” ASC-nin gənc, istadadlı, yaradıcı rəssam və xalçaçılarla növbəti əməkdaşlığının nümayişi münasibəti ilə cəmiyyətin Nardaranda yerləşən xalça emalatxanasında tədbir baş tutub. Tədbirdə rəssam Samirə Allahverdiyevanın “Bağçada meyvələr” adlı rəsm kolleksiyası əsasında toxunmuş ilk xalçaların kəsmə mərasimi keçirilib.
Kolleksiyaya “Talış”, “Naxçıvan”, “Malıbəyli”, “Çələbi” kimi xovlu Qarabağ xalçaları, “Xilə Əfşan” Şirvan, Bakı, “Tirmə buta” Gəncə xalçaları daxildir.
Bütün xalçalar 1 il ərzində toxunub. Xalçalar üzərindəki meyvə ornamentləri 3D texnikası ilə işlənilib. Kolleksiyaya daxil xalçalar limitli saydadır: hər bir xalçadan cəmi 10 nümunə.
Mərasimdə iştirak edən “Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov tədbiri açıq elan edərək, hər kəsi salamlayıb və çıxışı zamanı qeyd edib ki, dəyişən və qloballaşan dünyada milli-mənəvi irsimiz, xalçalarımızı bütün dünyaya daha müasir tərzdə təqdim etmək artıq mütləqdir: “Müasir və müxtəlif rənglərlə göz oxşayan xalçalarımız dünyanın bütün nöqtələrində müasir interyerli məkanların ən dəyərli bəzəyi olsun! Bütün dünyanın artıq 13 ildir ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına aid olan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməsinin vaxtıdır. Bugün təqdim etdiyimiz, xüsusi 3 D texnikası ilə işlənilən xalçalarımız kimi”.