Əhali əmanətləri üzrə gəlirlərin vergiyə cəlb edilməsinin heç bir mənfi təsirinin olmayacağını müəyyən dairələr bildirəndə, birmənalı olaraq bununla razılaşmadıq. Bunun əmanət həcmlərinə mənfi təsir edəcəyini və güzəştlərin qüvvədə saxlanılmasının vacib olduğunu bildirdik.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu gün - 10 ay sonra deyilənlər qismən isbatını tapıb: "Yenidən bu güzəştlərin qismən qaytarılacağı bildirildi. Belə ki, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə gəlirləri vergidən azad olunacaq".
Ekspert deyir ki, güzəştin heç olmamasındansa, qismən olması daha yaxşıdır: "Lakin, düşünürəm ki, qismən güzəşt ciddi effekt verməyəcək. Çünki, üç əsas risk amili buna mane olacaq.
Bunlardan birincisi, dünyanın öz iqtisadi turbulent dövrünü yaşaması, ikincisi ölkəmizdəki infilyasiyanın depozit faizlərini diri-diri udması, üçüncüsü isə bir-birinin ardınca bir neçə bankın bağlanmasıdır. Bu üç risk amili vətəndaşlaşların öz əmanətlərini milli valyutada 7-11 faizlə banklara uzun müddətə yatırmasına mane olan ciddi risk faktorlarıdır. Buna görə də əmanət faizlərinin 2016-ci ildə qəbul edildiyi formada vergidən azad edilməsinə ehtiyac var".
"Onsuz da proseslərin gedişi onu göstərir ki, gec-tez bu güzəştlər olacaq. Ya növbəti ilin ortalarına, ya da sonlarında tam güzəştin edilməsi qaçılmazdır. Çünki, bu növ vergi, rəqəmlər üzərində vergi daxilolmaları baxımından “X” manatlıq faydalı hesab edilsə də, rəqəmlərdə göstərilməsi mümkün olmayan formada bank sektoruna və ümumi ölkə iqtisadiyyatına “2X” manatlıq zərər verir", - deyə E. Əmirov əlavə edib.
Könül
Ölkə.Az