Hazırda dünya bazarında bir çox sahələr üzrə qiymət artımı davam edir. Həm uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsinin, həm də Fələstin-İsrail toqquşmasının dünya bazarında qiymət artımına təsir etdiyi bildirilir. Hər iki toqquşmanın dayanmasının isə hələlik real görünmədiyi bir vaxtda qiymət artımının nə zamana qədər davam edəcəyi sual altındadır. Ekspertlər də dünya bazarındakı qiymət artımının Azərbaycana təsirsiz ötüşməyəcəyini deyirlər. Onlar həmçinin bəzi sahələr üzrə artımların qaçılmaz olacağını söyləyir, bunun qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinə zərurət yarandığını bildirirlər. Bəs ölkəmizdə hansı məhsullar üzrə bahalaşma gözlənilir?
İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, idxal olunan məhsullara tələbat istehlak bazarında kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, bu tələbat idxal inflyasiyasının mövcud təsiri fonunda qiymət artımına təsirsiz ötüşməyəcək.
Ekspert deyir ki, yaxın aylarda daxili bazarda idxal payı çox olan məhsulların qiyməti artımı davam edəcək: "Digər tərəfdən, bu gün daxili bazarda istehsalla bağlı problemlər var. Bu da kredit resurslarının baha olması ilə bağlıdır. Ona görə də yerli məhsullar idxal olunan məhsullardan daha baha qiymətə satılır. Bundan əlavə, dünya bazarındakı qiymət artımı bir sıra gündəlik tələbat malları və qida məhsullarının bahalaşmasına təkan verəcək".
E.Məmmədov hesab edir ki, kənd təsərrüfatı sektorunda bir sıra istiqamətlər üzrə mövcud olan boşluqlar da qiymət artımının dərinləşməsinə şərait yaradır. O deyir ki, uzun illər ərzində su balansının adekvat və effektiv tərtib olunmaması kənd təsərrüfatının önəmli sahələri və qida məhsullarının istehsalı üzrə su çatışmazlığı yaradıb. Bu isə yerli inkişafa mane olan əsas amillərdən biridir.
İqtisadçı-ekspert Razı Abasbəyli isə İqtisadiyyat.az-a açıqlamasında bu gün dünya birjasının əsas müzakirə mövzularından birinin taxılın qiyməti ilə bağlı olduğunu söyləyib.
Onun sözlərinə görə, elə Azərbaycanda da bahalaşması ilk gözlənilən taxılın qiymətidir: "Rusiya gələn ilin 1 may tarixinə kimi Abxaziya, Belarusiya və Ermənistan istisna olmaqla, bütün ölkələrə taxıl ixracatını qadağan edib. Bu, taxılın qiymətinin bahalaşması ehtimalını artırır. Azərbaycanın taxıl ehtiyatının miqdarı isə məlum deyil. Ölkəmizdə adətən ərzaq buğdası ilə bağlı 2-3 aylıq ehtiyat mövcud olur. Ötən illərdə Azərbaycan qışın ortalarında Rusiyadan məcburi 300 min ton taxıl idxal etdi".
Ekspert qeyd edib ki, hazırda dünya birjasında ərzağın bahalaşması ilə bağlı ehtimal 1.7-1.8 faiz civarındadır: "Bu fonda qış aylarında Azərbaycanda ərzaq buğdasına bağlı olan məhsulların, makaron, vermeşil, şirniyyatlar, çörək və un məmulatlarının qiymətində artım gözlənilir. Bundan başqa, Azərbaycanın neftdən əldə etdiyi gəlirlər təxminən iki dəfə azalıb. Bu, ölkəmiz üçün müəyyən siqnallardır. Eyni zamanda İsrail-Fələstin, Rusiya-Ukrayna savaşları logistik çətinlikləri qoruyub saxlamaqdadır. Azərbaycan 95 faiz idxalçı ölkə olduğuna görə dünya bazarındakı ərzaq məhsulları, dərman preparatları və digər məhsulların qiymətindəki artım təsirsiz ötüşmür. Unutmaq olmaz ki, Azərbaycan qış aylarında idxaldan daha çox asılı olur".